PDF Oxu

Siyasət

  • 515

Əbədi dostluqdan strateji tərəfdaşlığa - ŞƏRH

image

Azərbaycan ilə Özbəkistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri son illərdə strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Ortaq tarixi, milli-mədəni dəyərləri, dil və mənəvi bağları birləşdirən iki ölkə siyasi, iqtisadi, humanitar və regional məsələlərdə qarşılıqlı dəstəyi davamlı şəkildə gücləndirir. Bu münasibətlərin daha da dərinləşdirilməsi baxımından Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər iki qardaş ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsindən daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə oldu. Daşkənddə keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, qarşılıqlı dövlət təltifləri, yeni sənədlərin imzalanması və birgə layihələrin müzakirəsi Azərbaycan–Özbəkistan əlaqələrinin bütün istiqamətlər üzrə genişləndiyini nümayiş etdirdi.

Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri arasında təkbətək görüş keçirilib, daha sonra geniş tərkibdə müzakirələr aparılıb. Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi isə iki ölkə arasında münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki ölkə arasında münasibətlərin tarixi zirvəyə çatdığını vurğulayıb. Onun sözlərinə görə, son beş ildə qarşılıqlı ticarətin həcmi üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb.

Səfər zamanı Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmadığını, konkret iqtisadi və investisiya layihələri ilə zənginləşdiyini diqqətə çatdırıb. Dövlət başçısı iki ölkənin qarşılıqlı fəaliyyət gündəliyinin konkret layihələr üzərində qurulduğunu və əməkdaşlığın yeni təşəbbüslərlə daha da genişlənəcəyini bildirib.

Prezident İlham Əliyev xüsusilə Özbəkistanın Qarabağın bərpasında göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesinə ilk praktiki dəstək verən ölkələrdən biri olduğunu qeyd edən dövlət başçısı bu yardımı Azərbaycan xalqının yüksək qiymətləndirdiyini bildirib. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb və Xankəndidə yaradılan tikiş fabriki iki ölkə arasında qardaşlığın konkret nümunələri kimi təqdim olunub.

Səfərin ən diqqətçəkən hadisələrindən biri Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı olaraq yüksək dövlət təltiflərinə layiq görülməsi olub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə təltif edib. Təltif dövlətlər arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Prezident İlham Əliyevin verdiyi töhfənin göstəricisi kimi təqdim olunub. İlham Əliyev çıxışında bu yüksək mükafatı böyük şərəf adlandıraraq Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.

Bununla yanaşı, Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xüsusi xidmətlərini nəzərə alaraq onu Azərbaycanın ən ali dövlət təltiflərindən biri olan “Heydər Əliyev” ordeni ilə təltif edib. Sərəncam avqustun 23-də imzalanıb və həmin gün Daşkənddə orden Özbəkistan Prezidentinə təqdim edilib. Bu qarşılıqlı təltiflər iki dövlət başçısı arasında şəxsi etimadın və Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterinin simvolik ifadəsi kimi qiymətləndirilə bilər.

Səfərin ən mühüm siyasi nəticələrindən biri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənədi Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev imzalayıblar. Bununla yanaşı, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı da imzalanıb.

Daşkənddə keçirilən imzalanma və mübadilə mərasimində geniş spektri əhatə edən sənədlər imzalanıb və mübadilə olunub. Sənədlərin əhatə dairəsi göstərir ki, əməkdaşlıq artıq yalnız siyasi əlaqələr və qarşılıqlı səfərlər səviyyəsində deyil. Ticarət, investisiya, gömrük, turizm, mədəniyyət, sosial təminat, dövlət xidmətləri və şəhərlərarası əməkdaşlıq kimi çoxsaylı istiqamətlər üzrə hüquqi və institusional baza genişləndirilir.

Azərbaycan–Özbəkistan münasibətlərinin əsas dayaqlarından biri də ortaq mədəni irsdir. Daşkənd səfəri zamanı Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışında iştirak edilməsi, Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması bu sahədə əməkdaşlığın rəmzi və praktiki ifadəsinə çevrilib. İki ölkənin tarixi şəxsiyyətləri Nizami Gəncəvi və Əlişir Nəvai irsinin birgə təbliği, mədəniyyət günlərinin keçirilməsi, universitetlər arasında əlaqələrin gücləndirilməsi və gənclər arasında müxtəlif layihələrin həyata keçirilməsi də gündəmdə olub. Bu təşəbbüslər xalqların bir-birini daha yaxından tanımasına və ortaq mədəni bağların gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin çoxşaxəli inkişafının mühüm mərhələsi oldu. Daşkənddə əldə olunan razılaşmaların əsas xüsusiyyəti onların konkret layihələr və ölçülə bilən hədəflərlə müşayiət olunmasıdır. Ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması, investisiya layihələrinin genişləndirilməsi, Orta Dəhlizin imkanlarından birgə istifadə, humanitar və mədəni əlaqələrin dərinləşdirilməsi qarşıdakı dövrdə Azərbaycan–Özbəkistan tərəfdaşlığının əsas istiqamətlərini təşkil edəcək.

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər