Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib. Dövlətimizin başçısı iki həftə bundan öncə, "Azərbaycan gəncliyi Dövlət Proqramı haqqında" Sərəncam imzalamasını diqqətə çatdıraraq, vurğulayıb ki, bu proqram 2011-2015-ci illəri əhatə etməlidir.
Dövlət başçısı qeyd edib ki, bu proqram 2011-2015-ci illəri əhatə etməlidir. "Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr qoyulmalıdır. Əlbəttə, orada icra mexanizmləri göstərilməlidir ki, sadəcə olaraq, hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarsın.
Eyni zamanda, proqram elə olmalıdır ki, orada gəncləri hazırda narahat edən məsələlər öz əksini və həllini tapsın. Ümumiyyətlə, bu istiqamətdə son illərdə böyük işlər görülmüşdür. Bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai, siyasi və iqtisadi həyatında fəal rol oynayırlar.
Gənclərimiz dövlətçiliyə sadiqdirlər. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar. Bu, çox vacibdir. O ki qaldı proqrama, hesab edirəm ki, orada, ilk növbədə, gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır.
Son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülmüşdür, yüz minlərlə yeni iş yeri açılmışdır, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir. Biz elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq".
"Gənclərin bütün problemləri bu proqramda əks olunmalıdır"
Prezident İlham Əliyev gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atıldığını deyib. Azərbaycanda ipoteka kreditləşməsinə toxunan dövlətimizin başçısı bildirdi ki, güzəştli şərtlər daha məqbul olmalı, layihənin əhatə dairəsi genişlənməli və bütün bunlar gənclərə yaxşı şərait yaradılması işinə xidmət etməlidir.
Gənclərin peşə hazırlığı ilə bağlı məsələlərdən danışan Prezident İlham Əliyev bunun daha aktual və qarşıda duran ciddi məsələlərdən biri olduğunu deyib. "Azərbaycanın artan iqtisadi potensialı, yeni müəssisələrin yaradılması peşəkar kadrlar tələb edir",- deyən dövlətimizin başçısı bildirdi ki, kadrlar elə hazırlanmalıdır ki, onlar istənilən sahədə çalışa bilsinlər.
Gənclərimizin xaricdə təhsil alması üçün əlavə tədbirlər görüləcəkdir. Biz ölkəmizin inkişaf perspektivlərini yaxşı bilirik. Biz ölkə iqtisadiyyatının inkişaf istiqamətlərini bilirik. Kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır."
Dövlətimizin başçısı gənclərin fiziki hazırlığı ilə bağlı məsələlərə də toxunaraq bildirib: "Gənclərin, bütün problemləri proqramda əks olunmalıdır. Biz fiziki sağlamlığı yaddan çıxarmamalıyıq. Bu məsələyə xüsusi diqqət göstərilir. İndi bütün bölgələrdə idmanla məşğul olmaq üçün şərait yaradılır. Biz fəxr edirik ki, idmançılarımız, yığma komandalarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar."
Prezident İlham Əliyev hərbi hazırlıqla bağlı məsələlərin də proqramda yer alacağını qeyd edib: "Proqramda hərbi hazırlıqla bağlı mütləq xüsusi yer ayrılmalıdır. Bu, bizim üçün çox vacib məsələdir. Biz müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır.
Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər, hərbi potensialımız, o cümlədən diplomatik danışıqlara da müsbət təsir göstərir və biz artıq bunun şahidiyik."
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq üzrə ikinci kurs tələbəsi, test imtahanlarında 700 ballıq maksimum nəticə əldə etmiş, Prezident təqaüdçüsü Fəridə MUSAYEVA gənclərlə belə bir görüşün keçirilməsinə və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:
-Bugünkü görüş hər bir gənc üçün çox əhəmiyyətlidir. Bizim məktəbin girişində məktəbimizin məzunu olan ümummilli lider Heydər Əliyevin şəkli var idi. Mən hər dəfə məktəbə daxil olanda, o şəklin qarşısında ayaq saxlayıb arzulayırdım ki, nə vaxtsa mənim də Prezidentlə görüşüm olar. Təbii ki, Prezidentlə görüşmək hər bir gəncə nəsib olmur. Mən buna layiq olmaq üçün öz üzərimdə daha çox işləyirdim, daha çox çalışırdım. Bu bir növ mənə stimul verirdi. Bunun üçün Sizə təşəkkür edirəm.
Ölkədə gedən sürətli iqtisadi inkişaf və yeni iş yerlərinin açılması məsələsinə toxunan Azərbaycan Tibb Universitetinin altıncı kurs tələbəsi Hikmət İSMAYILOV Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildirərək dedi:
Cənab Prezident, əmək bazarında olan imkanla texniki peşə sahəsində verilən təhsili müqayisə etdikdə, müəyyən uyğunsuzluqlar nəzərə çarpmaqdadır. Peşə məktəblərində verilən təhsil heç də müasir dövrün tələblərinə bir o qədər uyğun gəlmir. Deyə bilərəm ki, Azərbaycanda bir çox texniki peşə məktəbləri artıq köhnəlmişdir. Çünki artıq onlar illərdir yeni avadanlıqlar və cihazlarla təmin edilməyibdir. Bu öz növbəsində təbii ki, gənclərimizin müasir peşələrə uyğunlaşmasına mənfi təsirini göstərməkdədir. Hətta müəyyən xırda peşələr vardır ki, biz həmin işləri icra etmək üçün xaricdən mütəxəssis dəvət etmək məcburiyyətində qalırıq. Fikrimi xırda bir misalla ifadə edərək əsaslandırmaq istərdim. 2011-ci ili ölkəmizdə "Turizm ili" elan etmisiniz və yeni tikilən beşulduzlu çox görkəmli hotellər, idman və istirahət mərkəzləri, həmçinin təmir olunan və yenidən qurulan tarixi mədəniyyət abidələrimiz, eyni zamanda, müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizə böyük turist axınına səbəb olmuşdur. Düşünürəm ki, texniki peşə təhsilin təkmilləşdirilməsi turistlərə ən gözəl, ən yüksək səviyyədə xidmət göstərməyimizdə bizə müsbət mənada kömək edəcəkdir. Dəyərli vaxtınızı çox almaq istəmirəm. Sizdən rica edirəm ki, bu istiqamətdə müasir təcrübələrin tətbiqinə kömək edəsiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun, buna doğrudan da böyük ehtiyac vardır. Mən də çıxışımda bunu qeyd etdim. Xüsusilə turizm sahəsində, bilirsiniz, indi ölkəmizdə bu sahəyə çox böyük diqqət göstərilir. Doğrudan da, biz ölkə iqtisadiyyatının neft, qaz amilindən asılılığını gərək, kəskin şəkildə azaldaq. Əgər fikir vermisinizsə, son zamanlar ümumiyyətlə neft-qaz sektorunda görülən işlər haqqında o qədər də çox söhbət aparılmır. Çünki bu sahədə hər şey yaxşıdır. Ondan başqa mən çox istəyirəm ki, Azərbaycanı dünyada neft hasil edən ölkə kimi deyil, müasir, yüksək intellektual potensiala malik olan ölkə kimi tanısınlar.