Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Tarixi Zəfərimizdən sonra əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət və hökumət başçılarının davamlı səfərlərində, Türk Dövlətləri Təşkilatı daxilində uğurlu əməkdaşlıqda və sair kimi önəmli məqamlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri bütün bu məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Prezidentlərin təkbətək görüşü, həmçinin cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, sənədlərin mübadiləsi münasibətləri daha da möhkəmləndirir.
Özbəkistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Özbəkistanın Azərbaycana göstərdiyi həmrəyliyin bariz nümunəsi qardaşlığın söz deyil, əməli olduğunu sübut edir. Özbəkistanın Füzuli şəhərində öz vəsaiti hesabına inşa etdiyi “Mirzo Ulubek” adına tam orta məktəb bu münasibətlərin humanist və qardaşlıq simvoluna çevrilib. Azərbaycan da öz növbəsində Özbəkistanın dünya birliyinə inteqrasiya proseslərini dəstəkləyir və iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində – BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər platformalarda sıx əməkdaşlıq edir. Humanitar əməkdaşlıq da iki ölkə xalqlarını daha da
yaxınlaşdıran vacib sahələrdən biridir. Mədəniyyət günləri, tələbə mübadiləsi, elm və təhsil sahəsində əməkdaşlıq daim genişlənir. Bakı və Daşkənddə keçirilən sənət festivalları, ədəbiyyat günləri, tarixi irsin təbliği layihələri xalqlar arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirir. TDT çərçivəsində humanitar əməkdaşlıq bu prosesə əlavə dinamizm qatır.
Son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib.
Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib. Bu, iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin təqdimatıdır. Bu səfərlər zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” də daxil olmaqla çoxsaylı vacib sənədlər imzalanıb. Qeyd olunan səfərlər və imzalanmış sənədlər Azərbaycan- Özbəkistan əlaqələrinin hüquqi və siyasi əsaslarını daha da gücləndirib, əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açıb. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.
Dövlət başçılarının danışıqları zamanı enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə edilib. Cənab Prezident bildiib ki, “mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək”.
Ölkə başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qarabağa investisiya cəlb
edilməsində müstəsna rolunu xüsusi qeyd edib. Bildirib ki, ilk olaraq Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. Prezident İlham Əliyev bildirib ki: “Dostlarınız və qardaşlarınız olaraq, biz bundan səmimi-qəlbdən məmnunuq və əminəm ki, Sizin qeyd etdiyiniz bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq. Azərbaycanla Özbəkistan arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı