26 avqust Azərbaycan tarixində xüsusi yeri olan əlamətdar günlərdən biridir. Bu tarix Laçın şəhərinin azadlığa qovuşduğu gün kimi xalqımızın yaddaşında əbədi yaşayır. 26 Avqust eyni zamanda Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində qazandığı tarixi uğurların, dövlətimizin qətiyyətinin və uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların arzusunun gerçəkləşməsinin rəmzidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncamla işğaldan azad olunmuş ərazilərdə şəhər günlərinin qeyd edilməsi müəyyənləşdirilmişdir. Bu qərara əsasən, hər il avqustun 26-sı Laçın şəhəri günü kimi qeyd edilir. Şəhər günlərinin təsis olunması Vətən müharibəsində əldə edilən tarixi Zəfərin yaddaşlarda yaşadılması və azad edilmiş yaşayış məntəqələrinin Azərbaycanın tarixindəki xüsusi əhəmiyyətinin vurğulanması baxımından mühüm addımdır.
Laçının azad olunması 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbədən sonra Azərbaycanın qarşıya qoyduğu məqsədlərə ardıcıl şəkildə nail olmasının bariz nümunəsidir. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılmışdı. Lakin Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinin tam nəzarətə götürülməsi sonrakı mərhələdə həyata keçirildi. Azərbaycan dövləti bu məsələnin həllini daim diqqətdə saxladı. Nəticədə 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.
Bu proses Azərbaycan dövlətinin hərbi-siyasi Qələbədən sonra yaranmış yeni reallıqlardan məqsədyönlü şəkildə istifadə etdiyini də göstərdi. Laçın şəhərinə alternativ istiqamətdə yeni avtomobil yolunun inşasının sürətlə başa çatdırılması şəhərin Azərbaycana qaytarılması üçün mühüm şərait yaratdı. Yolun nəzərdə tutulduğundan daha qısa müddətdə istifadəyə verilməsi dövlətin imkanlarını və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsindəki iradəsini bir daha nümayiş etdirdi.
2022-ci il avqustun 26-da Laçın şəhərində Azərbaycan bayrağının yenidən dalğalanması şəhərin tarixində yeni mərhələnin başlanğıcı oldu. Uzun illər işğal altında qalan Laçın öz sahibinə qovuşdu. Bu hadisə yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində növbəti mühüm addım deyildi. Həm də laçınlıların doğma şəhərlərinə qayıtması üçün real imkanların yaranması demək idi.
Laçın şəhəri gününün mahiyyəti məhz bu məqamda daha aydın görünür. Bu tarix bir tərəfdən Azərbaycanın Zəfər salnaməsinin mühüm səhifəsidir, digər tərəfdən isə azad edilmiş ərazilərdə yeni həyatın qurulmasının başlanğıc nöqtələrindən biridir. Bu baxımdan 26 Avqust yalnız keçmişdə baş vermiş tarixi hadisəni xatırlamaq günü deyil, həm də gələcəyə baxışın ifadəsidir.
Bu gün Laçında həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri həmin gələcəyin artıq reallığa çevrildiyini göstərir. İşğal illərində dağıdılmış və ciddi zərər görmüş şəhər müasir tələblərə uyğun şəkildə yenidən qurulur. Yeni yaşayış məhəllələri, yollar, sosial obyektlər və digər infrastruktur layihələri Laçının simasını dəyişir. Eyni zamanda şəhərin tarixi və təbii xüsusiyyətlərinin qorunmasına xüsusi diqqət yetirilir.
Laçına keçmiş məcburi köçkünlərin qayıdışının 2023-cü il mayın 27-də başlaması Böyük Qayıdış proqramının mühüm mərhələlərindən biri oldu. İnsanların uzun illərdən sonra öz doğma evlərinə, küçələrinə və yurdlarına dönməsi Azərbaycanın qazandığı Zəfərin ən mühüm nəticələrindən biridir. Çünki torpaqların azad edilməsi ilə yanaşı, həmin ərazilərdə həyatın yenidən bərpası və insanların öz yurdlarında məskunlaşması da dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Laçının bərpası yalnız tikinti layihələri ilə məhdudlaşmır. Qarşıya qoyulan əsas məqsəd şəhəri insanların rahat, təhlükəsiz və layiqli həyat sürə biləcəyi müasir yaşayış məkanına çevirməkdir. Bununla yanaşı, Laçının iqtisadi imkanlarının genişləndirilməsi, sosial və mədəni həyatının canlandırılması, şəhərin turizm potensialının inkişaf etdirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Dağlıq relyefi, zəngin təbiəti, Həkəri çayının yaratdığı özünəməxsus mənzərələri, tarixi və mədəni irsi Laçını Azərbaycanın seçilən bölgələrindən birinə çevirir. Bu gün şəhərdə müxtəlif mədəni tədbirlərin, festivalların və ictimai layihələrin keçirilməsi burada həyatın əvvəlki kimi davam etdiyini deyil, daha böyük inkişaf perspektivi ilə yenidən qurulduğunu göstərir.
Laçının tarixində baş verənlər Azərbaycan xalqının doğma torpaqlarına bağlılığının da parlaq göstəricisidir. İşğalın davam etdiyi uzun illər ərzində xalqımız öz tarixi torpaqlarını unutmadı. Laçınlıların yurd həsrəti, doğma şəhərə qayıtmaq arzusu nəsildən-nəslə ötürüldü. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə isə bu arzunun gerçəkləşməsi üçün tarixi zəmin yaratdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı hərbi Qələbə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynadı. Sonrakı mərhələdə dövlətimizin qarşısında dayanan əsas vəzifələrdən biri azad edilmiş torpaqlarda dayanıqlı həyatın bərpası oldu. Laçın bu siyasətin ən aydın şəkildə müşahidə edildiyi şəhərlərdən biridir.
Bu gün Laçında dalğalanan Azərbaycan bayrağı xalqımızın milli iradəsini, dövlətimizin suverenliyini və tarixi Zəfərimizi özündə əks etdirir. Bir zamanlar işğal və dağıntılarla xatırlanan Laçın indi quruculuq və inkişafla gündəmə gəlir. Şəhərin yenidən canlanması Azərbaycanın Zəfərdən sonra yalnız torpaqlarını bərpa etmədiyini, həmin ərazilərdə yeni və daha güclü gələcək qurduğunu nümayiş etdirir.
26 Avqust həm də gələcək nəsillərə ötürüləcək mühüm tarixi mesajdır. Bu tarix göstərir ki, Azərbaycan xalqı öz milli dəyərlərinə, tarixinə və torpaqlarına bağlılığını qoruyaraq böyük məqsədlərinə nail ola bilər. Laçının timsalında Zəfərdən quruculuğa, işğaldan azadlıqdan Böyük Qayıdışa və qayıdışdan davamlı inkişafa uzanan mühüm tarixi proses göz önündə canlanır.
İnanırıq ki, Laçın bundan sonra Azərbaycanın inkişaf və tərəqqi tarixində daha böyük uğurları ilə seçiləcək. Doğma şəhərinə qayıdan laçınlıların burada quracağı həyat, şəhərdə həyata keçirilən layihələr və yaradılan yeni imkanlar Laçının gələcəyini daha da parlaq edəcək.
26 Avqust – Laçın şəhəri günü münasibətilə bütün laçınlıları və xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar tarix Azərbaycanın əbədi Zəfərinin, milli iradəsinin, dövlətimizin qüdrətinin və Böyük Qayıdışımızın rəmzi olaraq bundan sonra da xalqımızın yaddaşında yaşayacaq.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı