PDF Oxu

Siyasət

  • 464

26 Avqust – Laçın Şəhəri Günü: Zəfərdən dirçəlişə uzanan yol - ŞƏRH

image

26 Avqust Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Laçın Şəhəri Günü kimi qeyd olunan bu tarix həm şəhərin azadlığı, həm illərlə doğma torpaq həsrəti ilə yaşayan insanların öz yurdlarına dönüşü, həm də Laçında həyata keçirilən böyük quruculuq prosesinin başlanğıcını ifadə edir. Bu gün Laçın keçmişin ağrı-acılarından daha çox, Azərbaycanın Zəfərinin və gələcəyə yönəlmiş inkişaf yolunun simvollarından biri kimi diqqət çəkir.

Azərbaycanın səfalı bölgələrindən olan Laçın özünəməxsus təbiəti, zəngin meşələri, uca dağları, çayları, bulaqları və mineral su mənbələri ilə seçilir. Bu ərazi tarixən Azərbaycanın mədəni və ictimai həyatında mühüm yer tutub. Lakin 1992-ci ilin may ayında Laçının Ermənistan tərəfindən işğal edilməsi şəhərin və rayonun həyatını kökündən dəyişdirdi. Laçınlılar doğma evlərini tərk etməyə məcbur olaraq ölkənin müxtəlif ərazilərində məskunlaşdılar. İşğal dövründə rayonun yaşayış məntəqələri və infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə, eləcə də təbiətə ciddi zərər vuruldu. Bütün bu çətinliklərə baxmayaraq, laçınlıların öz torpaqlarına qayıtmaq ümidi daim yaşadı.
Uzun illər ərzində Azərbaycan dövləti qarşısında əsas məqsədlərdən biri işğal altında olan torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası idi. Bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasəti, güclü ordunun formalaşdırılması və xalqın həmrəyliyi 2020-ci ildə tarixi nəticənin əldə edilməsinə şərait yaratdı.
Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. Həmin dövrdə Laçın rayonunun cənub istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində bir sıra yaşayış məntəqələri, o cümlədən Güləbird kəndi işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən isə Laçın rayonunun digər hissəsi Azərbaycana qaytarıldı. Bununla da Laçının uzun illər davam edən işğalına son qoyuldu və şəhərin yeni inkişaf mərhələsi başladı. 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsi də məhz bu tarixi dönüşün rəmzi mahiyyətini daşıyır.
Laçının azadlığından sonra şəhərin əvvəlki vəziyyətinə qaytarılması ilə yanaşı, onun müasir tələblərə cavab verən yeni yaşayış məkanına çevrilməsi istiqamətində genişmiqyaslı işlərə start verildi. Dövlətin həyata keçirdiyi bərpa proqramları çərçivəsində nəqliyyat yolları yenilənir, enerji və kommunikasiya sistemləri qurulur, su və qaz infrastrukturu yaradılır. Eyni zamanda yaşayış binaları, məktəblər, uşaq bağçaları, tibb müəssisələri və digər sosial obyektlər inşa edilir.
Laçın sakinlərinin öz doğma şəhərlərinə qayıdışı bu prosesin ən mühüm mərhələlərindən biridir. 2023-cü il mayın 27-dən etibarən keçmiş məcburi köçkün ailələrinin Laçına köçürülməsinə başlanılıb. İllərlə başqa ərazilərdə yaşayan insanlar artıq doğma şəhərlərində yeni mənzillərlə və müasir yaşayış imkanları ilə təmin olunurlar. Bu qayıdış Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış siyasətinin real nəticələrindən biri olmaqla yanaşı, uzun illər davam edən yurd həsrətinin sona çatdığını göstərir.
Laçının yenidən qurulması zamanı şəhərin yalnız fiziki görünüşünün dəyişdirilməsi deyil, həm də gələcək üçün davamlı və rahat yaşayış mühitinin formalaşdırılması əsas götürülür. Şəhərsalma layihələrində təbiətin qorunmasına, yaşıllıq sahələrinin artırılmasına, ekoloji tarazlığın saxlanmasına və təhlükəsiz yaşayış şəraitinin yaradılmasına xüsusi diqqət yetirilir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” da bu istiqamətdə mühüm tədbirləri özündə birləşdirir. Proqramın əsas məqsədləri arasında insanların təhlükəsiz şəkildə məskunlaşdırılması, sosial xidmətlərin əlçatanlığının təmin olunması, məşğulluğun artırılması və zəruri infrastrukturun yaradılması mühüm yer tutur.
Laçının gələcəyi baxımından iqtisadi inkişaf da xüsusi əhəmiyyətə malikdir. Burada yeni iş imkanlarının yaradılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və yerli iqtisadi potensialdan səmərəli istifadə üçün əlverişli şərait formalaşdırılır. Rayonun təbii sərvətləri, dağlıq əraziləri, su ehtiyatları və coğrafi xüsusiyyətləri kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və digər iqtisadi fəaliyyət sahələrinin inkişafına imkan verir.
Təbii gözəllikləri Laçını turizm baxımından da xüsusi əhəmiyyətli əraziyə çevirir. Meşələrlə örtülü dağlar, çaylar, bulaqlar və mineral su mənbələri burada müxtəlif turizm istiqamətlərinin inkişafı üçün böyük potensial yaradır. Ekoloji, dağ və sağlamlıq turizminin genişləndirilməsi Laçının gələcəkdə Azərbaycanın mühüm turizm məkanlarından birinə çevrilməsinə imkan verə bilər. Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş bərpa işləri də bu potensialın reallaşdırılması üçün yeni imkanlar açır.
Laçının coğrafi mövqeyi onun strateji və iqtisadi əhəmiyyətini daha da artırır. Yeni yol və nəqliyyat layihələri şəhərin digər yaşayış məntəqələri və regionlarla əlaqəsini asanlaşdırır. İnfrastrukturun inkişafı həm insanların rahat hərəkətinə, həm də bölgədə iqtisadi fəallığın artmasına və yeni kommunikasiya imkanlarının yaranmasına xidmət edir.
Laçının azadlığı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın və Vətən uğrunda canından keçən şəhidlərin fədakarlığının nəticəsidir. Bu Zəfərdə qazilərimizin də böyük xidmətləri var. Bu səbəbdən Laçın Şəhəri Günü yalnız qayıdış və quruculuq bayramı deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərin xatirəsinə ehtiram ifadə olunan əlamətdar gündür. Bu gün Laçında dalğalanan Azərbaycan bayrağı xalqımızın tarixi torpaqlarına qayıdışının və ədalətin bərpasının ən aydın ifadələrindən biridir.
Bu gün Laçının siması artıq tamamilə dəyişməkdədir. Bir vaxtlar işğal nəticəsində dağıdılmış şəhərdə yeni yaşayış məhəllələri, yollar və sosial obyektlər yaradılır, həyat yenidən canlanır. Burada həyata keçirilən layihələr Azərbaycanın öz torpaqlarını bərpa etmək və həmin ərazilərdə müasir yaşayış mühiti formalaşdırmaq gücünü nümayiş etdirir.
26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqı üçün yalnız təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün illərlə davam edən ayrılığın sona çatmasını, doğma yurda qayıdışı, milli iradənin qələbəsini və yeni inkişaf mərhələsinin başlanmasını özündə birləşdirir. Laçın bu gün Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birini yaşatmaqla yanaşı, Böyük Qayıdışın, quruculuğun və gələcəyə inamın parlaq nümunəsinə çevrilir.

İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri

Digər xəbərlər