Azərbaycanın fəal əməkdaşlıq etdiyi və müxtəlif sahələrdə birgə uğurlar əldə etdiyi təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Dövlətimizin başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfər edib. Səfər əlbəttə, yeni əməkdaşlıq perspektivlərini özündə ehtiva edir.
Hazırda Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq bir çox sahələri əhatə edir. Bunlar arasında ən vacibi olan regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsidir ki, bu barədə dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayır ki, refionda təhlükəsizlik, sülh bərqərar olmasa, hər hansı bir inkişafdan söhbət gedə bilməz. Elə bu mənada regional təhlükəsizlik və sabitlik əməkdaşlıqlarda ən mühüm amildir.
ŞƏT-lə Azərbaycan arasında terrorçuluq, ekstremizm və separatçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz istehsalı və dövriyyəsinə ilə mübarizə tədbirlərində də sıx əməkdaşlıq var. Bəli, regionu sağlam, təhlükəsiz, etibarlı saxlamaq yolunun başlıca olanı məhz bu məsələlərin həlli, təhlükəsizliyin sıfıra endrilməsidir. Haqqında danışdığımız məsələlərin hər biri isə təbii ki, bir ölkənin qarşısını ala bilməsində bir sıra çətinliklərlə üzləşməli olduğu məsələlərdir. Odur ki, region dövlətlərinin birgə səyi bu məslələrin həlli ola bilər.
ŞƏT-lə dövlətimizin əməkdaşlıq sahələrindən biri və ən vacibi kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizədir. Müasir dövrün qlobal problemlərindən birinə çevrilən, xüsusilə internet texnologiyaları inkişaf etdikcə daha da artmaqda bu problemlərin həllində də birgə səy, fikir mübadiləsi, əməkdaşlıq fayda verə bilər.
Digər məsələlər, məsələn, ticarət və sərmayələr, energetika, telekommunikasiya, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də kiçik və orta biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqi, hüquqi və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət, nəqliyyat və kommunikasiyalar sahəsində mövcud infrastrukturun səmərəli istifadəsi, transregional multimodal nəqliyyat dəhlizlərinin və tranzit potensialının inkişaf etdirilməsi, mədəniyyət, elm və texnika, təhsil, səhiyyə və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı yardım, sivilizasiyalararası dialoqun, multikulturalizmin və tolerantlığın gücləndirilməsi də dövlətimizin bir sıra ölkələrlə olduğu kimi, Qırğıstanla da əməkdaşlığı iki dövlət arasında sülhün, təhlükəsizliyin, inkişafın dayanıqlığına xidmət edir.
Bu gün Azərbaycan Orta Güc hesab olunur. Bu kimi əməkdaşlıqların artmasına münasibət bildirən Prezidentimiz çıxışları zamanı Zəngəzur dəhlizinin tək region dövlətləri üçün deyil, dünyanın bir çox ölkələri üçün faydalı olacağını bildirir. Bu mənada Şərq-Qərb və Şimali-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın əsas sahələrindən birini təşkil edir. Çünki Zəngəzur dəhlizi bu nəqliyyat dəhlizlərinin kəsişdiyi nöqtədir.
ŞƏT-lə əməkdaşlıqda tarixi-mədəni bir hadisəni də diqqətdən qaçırmaq olmaz. Bu, 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə onun büstünün Pekindəki ŞƏT qərargahında ucaldılmasıdır. Çin filosofu Konfutsindən sonra ŞƏT qərargahında büstü açılan ikinci tarixi şəxsiyyət Nizami Gəncəvi olub. Bu, Azərbaycanın tarixi-mədəni irsinə sayğının, hörmətin təcəssümü, eyni zamanda belə tarixi hadisədə ikinci yerdə dayanmasının dövlətimizə, tarix və mədəniyətimizə böyük ehtiramın göstəricisidir.
Dövlətimizin başçısının Şanxay Əməkdaşlıq Təşkilatının avqustun 31-i və sentyabrın 1-də keçiriləcək yubiley iclasında iştirakı şüarı “dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” olan təşkilatın Azərbaycanla əməkdaşlıqda yeni perspektivlərini müəyyən edir. Hər zaman sülhün, əməkdaşlığın tərəfində olan dövlətimizin dəyişməz mövqedə olması Orta Güc olaraq ölkəmizə yeni tərəfdaşlar qazandırır, Azərbaycanı həm qonşu, həm region, həm də dünya ölkələri üçün mühüm strateji mərkəzə çevirir.
Mətanət Məmmədova