PDF Oxu

Siyasət

  • 17

Bakı qəsəbələrinin inkişafı proqramı hazırlanır

Bakı qəsəbələrinin inkişafı proqramı hazırlanır
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olub.
Dünən isə Prezident İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə yaxından tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov xüsusi sxem əsasında Səbail rayonunda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, rayonun ərazisindəki parklar və dairələr əsaslı təmir edilmiş, mədəniyyət evi, uşaq bağçası, 15 saylı poliklinika, 236 saylı məktəb yenidən qurulub, qəsəbədə xeyir-şər evi istifadəyə verilib, elektrik şəbəkəsinin yeni binası inşa edilib. 21.600 nəfər sakini olan Badamdar qəsəbəsində məhəllədaxili yolların təmirinə başlanılıb. İndiyə qədər 18 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib, 12 min kvadratmetr yol sahəsində isə hazırlıq işləri başa çatdırılıb. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb. Prezident görülməkdə olan işlər və qarşıda duran məsələlər barədə sakinlərlə söhbət edib:
"Bakı qəsəbələrinin inkişafı proqramı hazırlanır. Hər bir qəsəbə üzrə konkret proqram tərtib olunacaq və beləliklə Bakı ətrafında yerləşən qəsəbələrdə inkişaf daha da sürətlə gedəcəkdir. Bu proqram artıq hazırlanır və hər qəsəbədə bütün sosial-iqtisadi məsələlər tezliklə həllini tapmalıdır. Badamdar qəsəbəsində də həllini gözləyən problemlər vardır. Biz onları bilirik və onları həll edəcəyik. İlk növbədə yollardan başlamışıq. Artıq gözəl yollar çəkilir. Bütövlükdə qəsəbənin yollarının uzunluğu 50 kilometrə bərabərdir. Yəni, böyük bir iş tələb olunur, ancaq bunu edəcəyik. Su problemi vardır və bu, təbii olaraq bizi narahat edir. Bu məsələ bütövlükdə ölkə üzrə həllini tapmaqdadır, o cümlədən Bakıda və Bakıətrafı qəsəbələrdə. Qazlaşdırma yenidən aparılmalıdır, çünki borular köhnəlib. Bəzi hallarda qazın təzyiqi lazımi səviyyədə deyildir. Yəni, bütün məsələlər həllini tapmalıdır. Yeni məktəbin tikintisi məsələsi vardır. Mənə deyirlər ki, bu gözəl məktəb bütün tələblərə cavab versə də, burada şagirdlər iki növbədə oxuyurlar, bu da çətinlik yaradır. Yeni məktəb tikilməlidir. Bir də burada yeni xəstəxana inşa olunmalıdır. Buna da ehtiyac vardır. Biz bütün bu məsələlərə kompleks şəkildə baxacağıq. 2013-cü ilin sonuna qədər Bakıətrafı qəsəbələrdə bütün sosial-iqtisadi məsələlər öz həllini tapmalıdır. İnfrastruktur yenidən qurulmalıdır. Elektrik enerjisi ilə təchizatda problem yoxdur. Ancaq xətlərin çəkilişi aparılmalıdır. Xətlər daha da müasir səviyyədə çəkilməlidir, bəzi yerlərdə yerin altına salınmalıdır. Dediyim kimi, qazlaşdırma, su, kanalizasiya məsələləri təkcə bu qəsəbə üçün deyil, bütövlükdə ölkəmiz üçün çox ciddidir.
Əslində Badamdar qəsəbəsi şəhərin bir hissəsidir. Heç qəsəbə də demək olmaz, çünki burada şəhərtipli infrastruktur mövcuddur, bu qəsəbə şəhərin içindədir. Ancaq qəsəbə statusu vardır. Bütün qəsəbələrdə olduğu kimi, burada da bütün işlər yüksək səviyyədə aparılmalıdır. Bu gün mən gəlmişəm ki, sizdən soruşum, eşidim, əlavə hansı işlər görülməlidir?! Burada yaşayan sakinləri hansı məsələlər daha çox narahat edir ki, biz onları tezliklə həll edək." 
Sakinlər Badamdar qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq tədbirlərinə görə dövlətimizin başçısına minnətdarlıq etdilər. Sakinlər qəsəbədə yeni məktəb binasına və uşaq bağçasının tikintisinə, qaz, su, kanalizasiya ilə bağlı bəzi işlərin görülməsinə ehtiyac olduğunu dedilər. Sakinlərin təkliflərini dinləyən Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Digər xəbərlər