"Azərbaycan Respublikasının Prezidenti Qırğızıstan Respublikasına işgüzar səfərin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak etmək idi. Cənab Prezidentin belə tanınmış, Mərkəzi, Şərqi və Cənub-Şərqi Asiyanı əhatə edən və demək olar ki, qeyd etdiyimiz coğrafiyada ən böyük beynəlxalq təşkilat sayılan Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına dəvət edilməsi o deməkdir ki, bizim ölkəmiz, bizim liderimiz həmişə olduğu kimi diqqət mərkəzindədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.Onun sözlərinə görə, həmişə olduğu kimi, böyük platformalarda Azərbaycanın iştirakına, fikrinə, həyata keçirdiyi siyasətə, qlobal layihələrə, istər regional, istərsə də qlobal layihələrə həmişə maraq və istək var. Azərbaycanı bu platformalarda görmək istəyirlər.Qırğızıstan Respublikası, bildiyiniz kimi, hazırda Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə toplantısına ev sahibliyi edir. Qırğızıstan Mərkəzi Asiyada, həmçinin Türk Dövlətləri Təşkilatında, türk dünyasında çox önəmli bir ölkəyə çevrilməkdədir. Baxmayaraq ki, Qırğızıstan Türk Dövlətləri Təşkilatında türk dünyasının ən kiçik ölkəsi hesab olunur, ancaq Qırğızıstanın son zamanlar çoxvektorlu, çoxsahəli diplomatiya aparması, böyük geosiyasi layihələrdə və siyasətdə iştirak etməsi və bir növ bu baxımdan Azərbaycanın təcrübəsindən yararlanması diqqət çəkir.Qırğızıstanın Azərbaycana xüsusi dəvət göndərməsi, Azərbaycanın həm Qırğızıstanla ikitərəfli münasibətlər baxımından, həm də Şanxay Əməkdaşlıq Təşkilatının tədbirinə dəvət edilməsi baxımından bizim ölkənin çəkisini, eyni zamanda Qırğızıstanla qardaşlıq münasibətlərini burada fürsətdən istifadə edib qeyd etmək lazımdır.Qırğızıstan, həmçinin bildiyiniz kimi, 2027-2028-ci illər üçün Mərkəzi Asiyadan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə iki illik seçilmiş bir ölkədir. İki il ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərəcək Qırğızıstan demək ki, böyük diplomatiyada, böyük siyasət məkanında çox ciddi addımlar atmaqdadır. Son zamanlar Prezident Sadır Japarovun liderliyi altında bu istiqamətdə mühüm proseslər gedir.Ona görə də bu, bir növ Azərbaycanın keçdiyi yola bənzəyir. Xatırlayırsınızsa, 2012-2013-2014-cü illərdə Azərbaycanın da bir növ diplomatik-siyasi yüksəlişi məhz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə iki illik seçilməsi ilə başlamışdır. Sonradan Azərbaycanın artan gücü, böyük layihələrdə iştirakı, layihələri həyata keçirməsi və nəhayət, Qarabağda zəfər çalması, qələbə qazanması ilə böyük dəyərli layihələr və böyük qələbələr əldə edildi.Şanxay Əməkdaşlıq Təşkilatı çox böyük bir təşkilatdır. Azərbaycanın da orada iştirakı həqiqətən bizim gücümüzə güc qatdı. Şanxay Əməkdaşlıq Təşkilatının əhatə etdiyi coğrafiyada yüz milyonlarla, hətta milyarddan çox insan yaşayır. Bəlkə də iki milyarda yaxın insanı hesablasaq, Çin, Hindistan, Rusiya, Pakistan və Mərkəzi Asiya ölkələri bu təşkilatın coğrafiyasına daxildir.Azərbaycanın dəvət edilməsi yeni, böyük bir dünyanın güc mərkəzlərindən biri olan bu təşkilatın ölkəmizə verdiyi əhəmiyyəti göstərir. Bu təşkilatın əməkdaşlıq etdiyi və əməkdaşlıq etmək istədiyi ölkələr sırasında Azərbaycanın yer alması çox təqdirəlayiqdir.Şanxay Əməkdaşlıq Təşkilatının coğrafiyasına nəzər salsaq, Şərqdən Qərbə, Asiyadan Avropaya, Böyük Sakit okean hövzəsindən böyük Avrasiya regionuna qədər uzanan, Cənubi Qafqazdan Xəzər hövzəsi vasitəsilə Avropaya çıxan, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi istiqamətində hərəkət edən, Sakit okeandan üç böyük dənizə və Avropaya çıxan coğrafiyanın ən əsas, funksional və işlək marşrutlarından birinin üzərində yerləşən Azərbaycan bir növ açar rolunu oynayır.Ölkəmizin böyük potensialı, nəqliyyat-logistika imkanları, coğrafi mövqeyi, istər dəniz daşımaları, istərsə də quru daşımaları vasitəsilə Azərbaycanı həqiqətən də bu gün Şanxay Əməkdaşlıq Təşkilatının ehtiyac duyduğu, əməkdaşlıq etmək istədiyi çox önəmli bir aktora çevirir.Bizim Prezidentimizin də dünya liderləri arasında olan rəğbəti, hörməti və liderlik qabiliyyətləri bir daha ölkəmizi böyük beynəlxalq təşkilatlar üçün çox cəlbedici və çox önəmli edir".
Müəllif: Lətifə Musayeva