"Müasir Azərbaycan tarixinin hər səhifəsində Heydər Əliyevin çox şərəfli bir imzası var. Hansı sahədə işləyirdisə, o, Azərbaycan xalqının maraqlarının qorunmasında, onu gələcəyə hazırlanmasında böyük işlər görürdü". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, 1991-ci ilin sentyabrında Naxçıvanın Ali rəhbəri seçilməsi təkcə Naxçıvanın deyil, Azərbaycanın tarixində də çox əhəmiyyətli bir rol oynadı: "Həmin dövrdə SSRİ-nin dağılması, Ermənistanın həyasızcasına, xarici qüvvələrin dəstəyi ilə Azərbaycana qarşı təcavüzə başlaması, Azərbaycan daxilində birliyin olmaması, Bakı nefti uğrunda beynəlxalq güclərin güclü mübarizəsinin getməsi və bütün bunların hamısında Azərbaycan üçün bir uğursuzluq, məğlubiyyət variantı öndə gedirdi.Heydər Əliyevin Naxçıvana rəhbər seçilməsi Azərbaycan xalqının ümid yerini gücləndirdi. İnsanlar o şəxsin timsalında Azərbaycanın gələcəyini gördülər. Baxmayaraq ki, o, Naxçıvanın rəhbəri idi, bütün Azərbaycanın gələcəyi ilə bağlı ziyalılar, tanınmış insanlar, siyasətçilər onun yanına gəlirdilər. Bakının özündə ən yüksək səviyyədə belə Heydər Əliyevin böyük siyasətdə olmasının Azərbaycan üçün nə variant olacağı müzakirə edilirdi.Əlbəttə ki, ona müxalif olanlar və yaxud da onun siyasətini qəbul etməyənlər min bir vəchlə ona mane olmağa çalışırdılar. Amma zaman onun xeyrinə işləyirdi, xalq onun tərəfində idi.Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi ilk növbədə Naxçıvanın Ermənistan tərəfindən işğalının qarşısını aldı. Bu, tamamilə real idi və o böyük şəxsiyyət olmasaydı, Ermənistan oranı da işğal edəcəkdi və bu isə Azərbaycan üçün çox ağır nəticələrə səbəb olacaqdı.Digər tərəfdən, Naxçıvana rəhbərlik etməsi Naxçıvanın sosial-iqtisadi, sosial problemlərində böyük rol oynadı. Məhz ona inanaraq qonşu dövlətlər, böyük dövlətlər Naxçıvana dəstək verməyə başladılar.Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə sonradan bütün Azərbaycan üzrə həyata keçiriləcək bir sıra islahatlar keçirildi və cəmiyyət Heydər Əliyev uzaqgörənliyinin nəticəsini gördü. Azərbaycan ancaq Heydər Əliyevin böyük siyasətə qayıdışı ilə özünün problemlərinin həll ediləcəyinə günügündən daha da qəti fikrinə gəlirdi. Və bu, 1993-cü ilin 3 iyununda baş verdi. Ondan sonrakı gedilən yol isə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, 2020-ci ildə 44 günlük Vətən müharibəsinə və Azərbaycanın öz taleyinin sahibi olmasına gətirib çıxartdı".
Müəllif: Lətifə Musayeva