“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Bakıya 2500-ə yaxın iştirakçı gəlib. Bu, Azərbaycanın iqlim siyasətinin ardıcıllığını və COP29-un yaratdığı dinamikanı danışıqlardan icraya, öhdəliklərdən praktiki fəaliyyətə doğru irəli aparmaq əzmimizi əks etdirir. AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW2026) açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev deyib.O qeyd edib ki, 1,5 dərəcəlik həddin aşılmasının qarşısını almaq getdikcə çətinləşir. İstilər, quraqlıq, daşqınlar, meşə yanğınları, su qıtlığı, ərzaq sistemlərinə, səhiyyəyə və infrastruktura artan təzyiq əsas səbəblər sırasındadır. İqlim dəyişikliyi artıq insanların yalnız elmi hesabatlar və gələcək proqnozlar vasitəsilə gördüyü element deyil. Yaranan nəticələr görülür, hiss edilir və bundan zərərçəkən bölgələr getdikcə daha da artır. Ən həssas ölkələr, xüsusilə kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün təhlükə daha böyükdür. Tək bir fəlakət evləri, infrastrukturu və illər boyu əldə edilən inkişafı saatlar ərzində məhv edə bilər. Nepal və Çindəki icmalara, eləcə də dünyanın digər hissələrinə təsir edən fəlakətlər ekstremal hadisələrin artan insani və iqtisadi zərərini bir daha xatırladır. Son onilliklər ərzində hava, iqlim və su ilə bağlı 12 minə yaxın fəlakət 2 milyondan çox insanın həyatına son qoyub və 4,3 trilyon dollardan çox iqtisadi itkiyə səbəb olub.“İqlim fəaliyyəti insanlarımızı, iqtisadiyyatlarımızı və təbii resurslarımızı artıq baş verən dəyişikliklərdən qorumaq deməkdir. Bölgəmiz üçün Xəzər dənizinin səviyyəsinin enməsi hər keçən il daha da təhlükəli vəziyyət yaradır. Bu da ekosistemlərə, icmalara, gəmiçiliyə və iqtisadi fəaliyyətə təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu problemi regional və beynəlxalq gündəlikdə daha yuxarı pilləyə qaldırmaq və Xəzəryanı dövlətlər arasında dialoqu möhkəmləndirmək üçün çalışır. Çünki bölüşdürülən su resursları müştərək məsuliyyət tələb edir. Bizim vəzifəmiz ortaq suların gərginlik mənbəyinə çevrilməməsini, əksinə etimadın, sabitliyin və birgə rifahın hərəkətverici qüvvəsi olmasını təmin etməkdir”, - deyə Muxtar Babayev bildirib.