PDF Oxu

Siyasət

  • 999

YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib

image

Avqustun 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının sədri Yusuf İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi məmnunluqla vurğulanıb.

Azərbaycanın ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasından sonra regionda yeni reallıqların yarandığı, 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin istər Azərbaycan ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi, istərsə də bölgədə sülh və təhlükəsizliyin təşviqi baxımından önəmi diqqətə çatdırılıb.

Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında da rifah və tərəqqiyə xidmət etdiyi, genişmiqyaslı və səmərəli birgə fəaliyyətin Türk Dövlətləri Təşkilatının (TDT) qlobal miqyasda güc mərkəzinə çevrilməsinə hədəfləndiyi söylənib. Vurğulanıb ki, TDT-nin müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi hər iki dövlət üçün mühüm prioritetdir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir.

İki dost və qardaş ölkə arasında münasibətlərin inkişafı xüsusunda partiyalararası əlaqələrin müstəsna rolu qeyd olunaraq 2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolunda əksini tapan vəzifələrin uğurla icra olunduğu bildirilib.

2022-ci ildən etibarən hər il Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa Bəyannaməsinin ildönümü və 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Şuşa şəhərində keçirilən konfransların beynəlxalq münasibətlər sistemində çoxtərəfli əməkdaşlıq imkanlarının müzakirə edildiyi nüfuzlu siyasi platforma kimi əhəmiyyəti qeyd olunub.

Görüş zamanı hər iki ölkədə uğurla həyata keçirilən gənclər siyasətinin önəmi, o cümlədən gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması istiqamətində görülən işlər məmnunluqla qeyd olunmuş, bu sahədə təmasların sıxlaşdırılmasının, qarşılıqlı səfərlərin və birgə layihələrin vacibliyi vurğulanmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

Digər xəbərlər