Bu gün kənd təsərrüfatı dövrümüzün ən mühüm çağırışlarının kəsişməsində dayanır. İqlim dəyişiklikləri torpaq və su ehtiyatlarına təzyiqi artırır, məhsuldarlığa təsir göstərir və fermerlər üçün yeni risklər yaradır.SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" adlı yüksəksəviyyəli dəyirmi masada çıxış edərkən deyib.Onun sözlərinə görə, artan qeyri-müəyyənlik şəraitində ərzaq istehsalını daha səmərəli və dayanıqlı şəkildə təmin etmək lazımdır.“Buna görə də əsas sual artıq kənd təsərrüfatının transformasiyasının zəruri olub-olmaması deyil, bu transformasiyanı necə daha sürətli, daha ağıllı, daha dayanıqlı və daha inklüziv həyata keçirə biləcəyimizdir. Azərbaycanın bu məsələyə baxışı aydındır. Biz kənd təsərrüfatının gələcəyini məhsuldar, rəqabətqabiliyyətli, iqlimədavamlı, getdikcə daha çox bilik, innovasiya və texnologiyalara əsaslanan inkişaf modelində görürük. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılması təbii resurslardan səmərəli istifadə, innovasiya, rəqəmsallaşma və dayanıqlılıq prinsipləri ilə uzlaşdırılır. 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin təxminən 130 min hektardan 300 min hektara çatdırılması hədəflənir. Eyni zamanda, proqramda iqlimədavamlı aqrar istehsal modelinin gücləndirilməsi və iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur”, - deyə nazir vurğulayıb.
Müəllif: Günay Hacıyeva