“Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün ən önəmli tərəfi ondan ibarətdir ki, son görüşlər artıq vasitəçi olmadan, birbaşa keçirilir. Yəni birbaşa dialoq, təbii ki, daha effektiv nəticələrə gətirib çıxarır və hər görüşdən sonra müəyyən irəliləyiş var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, çünki verilən açıqlamalardan, alınan qərarlardan bunu hiss edirik:“Əlbəttə ki, hələ tərəflər arasında müəyyən fikir ayrılıqları davam etməkdədir. Yəni, əgər sülh müqaviləsi bağlanmayıbsa, bu halın olması normaldır. Amma ən mühüm tərəf, müsbət tərəfi odur ki, tərəflər bu məsələlərdə, yəni münasibətlərin inkişaf etdirilməsi məsələsində pozitiv yanaşırlar.Ona görə də həm Azərbaycanın, həm də Ermənistanın rəhbərliyi arasında qəbul olunan qərarlar ümumiyyətlə sülhə doğru gedilən yolda mühüm addımlardır. O baxımdan düşünürəm ki, bu görüşü müsbət dəyərləndirmək olar. Ticarətin inkişaf etdirilməsi, iqtisadi və siyasi dialoqun davam etdirilməsi – bunların hamısı müsbət təsir edən amillərdir və elə bilirəm ki, yaxın zamanlarda bunun müsbət tərəflərini görə biləcəyik.Mənfi tərəfləri isə odur ki, hələ ki, sülh müqaviləsi imzalanmayıb. Kənar qüvvələr hər an tərəfləri münaqişəyə, mübahisəyə və qarşılıqlı aqressiyaya təhrik etməyə çalışa bilər. Çünki hələ ki, müqavilə imzalanmayıb.Amma bu müqavilə imzalandıqdan sonra düşünürəm ki, artıq həm Azərbaycan, həm Ermənistan üçün, ümumiyyətlə, Cənubi Qafqaz və Yaxın Şərq üçün ciddi bir irəliləyiş sayıla biləcək tarixi proses baş verə bilər”.
Müəllif: Arzu Qurbanlı