“Prezident İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsi ilə bağlı mesajını regionda formalaşan yeni reallıqlar fonunda olduqca mühüm və strateji mesaj hesab edirəm”.Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.Onun sözlərinə görə, Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olub:” Bu gün əsas məqsəd yaranmış yeni reallıqlardan istifadə edərək Cənubi Qafqazı qarşıdurma deyil, sülh, sabitlik və iqtisadi əməkdaşlıq məkanına çevirməkdir.
Bunun üçün, ilk növbədə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə münasibətdə eyni şəkildə tətbiq olunmalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda yeni siyasi reallıq yaradıb və indi bu reallığın sülh və əməkdaşlıq üçün istifadə edilməsi vacibdir.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtında icra olunmaması isə beynəlxalq sistemin ciddi problemlərindən biridir. Azərbaycanla bağlı qəbul edilmiş dörd qətnamənin uzun illər icra edilmədən kağız üzərində qalması bunun bariz nümunəsidir. Nəticədə Azərbaycan öz gücünə arxalanaraq ərazi bütövlüyünü bərpa etməyə məcbur oldu. Halbuki beynəlxalq təşkilatların əsas vəzifəsi qəbul etdikləri qərarların icrasını təmin etməkdir.
Bu məsələ yalnız Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün ciddi sual yaradır. Əgər qəbul olunan qərarlar icra olunmursa, bu, beynəlxalq təşkilatların nüfuzuna və onlara olan inama mənfi təsir göstərir.
Bu baxımdan BMT-də islahatların aparılması zəruridir. Təşkilat dünyada baş verən geosiyasi proseslərə daha effektiv təsir göstərə bilməli, beynəlxalq hüququn aliliyini və qəbul etdiyi qərarların icrasını təmin edən mexanizmləri gücləndirməlidir.
Bu gün dünya nizamı “kim güclüdürsə, o da haqlıdır” prinsipi üzərində qurulmamalıdır. Əsas meyar beynəlxalq hüquq və ədalət olmalıdır. Əks halda geosiyasi gərginliklər, ikili standartlar və yeni münaqişələr daha da arta bilər.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Cənubi Qafqazın sülh zonasına çevrilməsi ilə bağlı çağırışı məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz üzərinə düşən məsuliyyəti dərk edir və regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasını prioritet hesab edir. İndi əsas məsələ beynəlxalq ictimaiyyətin də bu prosesə eyni məsuliyyət və ədalət prinsipi ilə yanaşmasıdır”.
Müəllif: Günay Hacıyeva