PDF Oxu

Siyasət

  • 14

Maaşların və təqaüdlərin artırılması məsələləri yaxın zamanlarda öz həllini tapacaq

Maaşların və təqaüdlərin artırılması məsələləri yaxın zamanlarda öz həllini tapacaq

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində aprelin 15-də Astara rayonunda olub. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki Heydər parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda aparılmış abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, rayonun mərkəzi olan bu ərazidə geniş abadlıq işləri görülmüş, müasir park salınmışdır. Heydər parkında Astara sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışında iştirak edib. Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev yolun əvvəlki və indiki vəziyyətini əks etdirən stendə baxdı. Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev məlumat verdi ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun əsas yollarından olan Astara-Bala Şahağac avtomobil yolunun tikintisi də bu qəbildəndir.
Bildirildi ki, Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq, onların daimi istifadə etdikləri Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması üçün Prezident İlham Əliyev 2010-cu il aprelin 21-də "Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalamışdır. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə 3,5 milyon manat vəsait ayrılmışdır. Dövlətimizin başçısına məlumat verildi ki, əvvəllər Ələt-Astara magistralı ilə paralel olaraq dövlət əhəmiyyətli yol kimi istifadə edilən, Xəzər dənizinin sahili boyunca çəkilmiş 19 kilometrlik Astara-Bala Şahağac avtomobil yolu uzun müddət baxımsızlıq ucbatından və dənizin səviyyəsinin qalxması ilə əlaqədar yararsız vəziyyətə düşmüşdü. Rayonun yeddi iri yaşayış məntəqəsini əhatə edən yolun ətrafında Astara dəmir yolu stansiyası, tikilməkdə olan Astara Olimpiya İdman Kompleksi, neft və yük terminalları, həmçinin digər dövlət əhəmiyyətli obyektlər yerləşir. İndi bu avtomobil yolu müasir tələblərə uyğun yenidən qurulmuş, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Asfalt örtüyünün eni 6 metr, qalınlığı 7 santimetr olan yolun hər iki tərəfində eni 2,6 metr olan piyada yolu salınmışdır. Yolun müəyyən hissəsi Xəzər dənizinin yaxınlığından keçdiyindən 500 metr ərazidə sahil-bərkitmə işləri görülmüşdür. Bundan əlavə, yol boyu 3 körpü və 6 suötürücü əsaslı təmir edilmiş, 5 avtobus dayanacağı tikilmişdir.
Bildirildi ki, müasir standartlar səviyyəsində inşa olunan Astara-Bala Şahağac yolunun istifadəyə verilməsi nəticəsində rayonun daha bir problemi aradan qalxmışdır. Sonra Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı Astara-Bala Şahağac avtomobil yolunda görülən işləri yüksək qiymətləndirdi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Yeni yolun istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı bildirdi ki, beynəlxalq standartlara cavab verən bu yol bir neçə kəndi birləşdirir və bu səbəbdən də böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Astaraya bir neçə dəfədir ki, səfər etdiyini qeyd edərək, rayonda bir çox layihələrin icra edildiyini dedi. Dövlətimizin başçısı ölkədə regionların sosial-iqtisadi inkişafı proqramının uğurla həyata keçirildiyini və bunun nəticəsinin Astarada da müşahidə olunduğunu vurğuladı. Astarada son illərdə istehsalın artdığını, yeni müəssisələrin istifadəyə verildiyini, məktəb, uşaq bağçalarının inşa olunduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanda gedən dinamik inkişaf barədə danışdı. Son illərdə maaşların və pensiyaların bir neçə dəfə artdığını, bir neçə aydan sonra növbəti artımın gözlənildiyini bildirdi:
"Sizi təzə yolun açılışı münasibətilə təbrik etmək istəyirəm. Çox gözəl yoldur, bir neçə kəndi birləşdirir, 19 kilometr uzunluğu vardır. Astara sakinlərinin müraciətinə müsbət cavab verərək bu yolun inşasına Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır və bu yol tikilmişdir. Baxmayaraq ki, bu, kənd yoludur, gözəldir, bütün beynəlxalq standartlara cavab verir. İndi bütün kənd yollarımız bu səviyyədə olmalıdır. İndi kənd yollarının tikintisi ilə bağlı xüsusi proqram hazırlanır. Həm Bakıətrafı qəsəbələrdə, həm də bütün bölgələrdə buna böyük ehtiyac vardır. Çünki kənd yollarımız hələ ki, istədiyimiz səviyyədə deyildir.
Su, kanalizasiya məsələlərinin həlli gözlənilir. Bu da çox vacib olan məsələdir. Hər bir rayon üzrə xüsusi proqramlar vardır. Bütün bu proqramlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. O proqram ki, artıq Azərbaycanda bir neçə ildir, icra edilir və uğurla icra edilir. Ölkəmizdə aparılan işlər və bölgələrin inkişafı, bölgələrdə sosial infrastrukturun yaradılması məsələləri proqramda öz həllini tapır. Astarada son illərdə istehsal artıb, yeni müəssisələr istismara verilib, məktəb tikintisi gedir, bir neçə məktəb tikilir. Yəni, işlər yaxşı gedir. Bu işləri daha da sürətlə aparmalıyıq. Çünki Azərbaycanın hazırkı uğurlu və sürətli inkişafı hər bir bölgədə və hər bir kənddə özünü göstərməlidir. Bizim məqsədimiz bundan ibarətdir. Yenə də deməliyəm ki, qaz təchizatı, içməli su, kanalizasiya, suvarma şəbəkəsi, sosial infrastruktur, xəstəxanalar, məktəblər, yollar və əlbəttə ki, iş yerləri. Bu problem Azərbaycanda tədricən həll olunur, ancaq hələ ki, işsizlər vardır. Onların işlə təmin edilməsi gündəlikdə duran vacib məsələlərdəndir.

Son illərdə yüz minlərlə iş yeri açılmışdır. Ancaq hələ ki, işsizlər vardır. Azərbaycan əhalisi artır. Bu çox müsbət haldır. Hər il təxminən 150-160 min körpə dünyaya gəlir. Biz elə etməliyik ki, yəni iş yerlərinin açılması da bax bu artımla uzlaşsın. Hər bir iş yerinin açılması böyük vəsait, investisiya tələb edir, kreditlər verilməlidir. Biz bunu edirik və edəcəyik. Eyni zamanda, sosial məsələlər, maaşların, təqaüdlərin artırılması məsələləri də yaxın zamanlarda öz həllini tapacaqdır. Bütün bu məsələlər deyə bilərəm ki, Azərbaycanda mütəmadi qaydada həll olunur. Son illərdə maaşlar və pensiyalar bir neçə dəfə qaldırılmışdır. Növbəti artım bir neçə aydan sonra gözlənilir." Rayon sakini Kazım Əliyev Astara ictimaiyyəti adından dövlətimizin başçısına təşəkkürlərini çatdırdı. Qeyd etdi ki, yeni yoldan 10 minlərə astaralı istifadə edəcək və bu çox böyük xeyirxahlıqdır. K.Əliyev Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin xalq tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Sonda rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər. Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda aprelin 15-də Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, Azərbaycanın bütün bölgələri kimi, Astara rayonunun da inkişafının bütöv bir mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin yenidən ölkənin siyasi rəhbərliyinə qayıdışı bütün respublikada olduğu kimi, Astaranın da inkişafında mühüm rol oynamışdır. Ümummilli liderin vətənimiz və xalqımız qarşısındakı xidmətlərini Astara rayonunun ictimaiyyəti daim ehtiramla yad edir, onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülür. Astarada inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.
Prezident İlham Əliyevə məlumat verildi ki, orijinal memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin inşasına bu ilin yanvarında başlanılmışdır. İkimərtəbəli binanın girişində ulu öndərin büstü qoyulmuşdur. Dövlətimizin başçısı Mərkəzin birinci mərtəbəsində ümummilli liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolara, geniş ekranlı monitora baxdı.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanmışdır. Qiymətli eksponatlar arasında ümummilli liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə geniş ictimaiyyətin nümayəndələri, əmək adamları ilə görüşlərini əks etdirən fotolar yer almaqdadır. Burada dahi rəhbərin təhsil, mədəniyyət, səhiyyə, idman, ordu quruculuğu və neft strategiyasına göstərdiyi qayğını əks etdirən fotolar da nümayiş olunur. Sonra dövlətimizin başçısı Mərkəzin ikinci mərtəbəsində yaradılmış şahmat, təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və elektron kitabxana ilə tanış oldu.
Məlumat verildi ki, elektron kitabxananın fondunda 3500 kitab toplanmışdır. Buradakı 20 kompyuter vasitəsilə oxucular Milli Kitabxananın elektron resursunda olan 11 min 416 elektron kitabdan istifadə edə bilərlər. Elektron kataloqda isə 149 min 983 kitabın biblioqrafik göstəricisi üzrə axtarış aparmaq mümkündür. Burada, həmçinin Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncama əsasən latın qrafikalı əlifba ilə nəşr olunmuş 500-dək kitabın elektron versiyasından istifadə etmək mümkündür. Kitabxanada "Avropa kitabxanaları" elektron kataloqdan 48 ölkənin toplu kataloqu vasitəsilə axtarış aparmaq mümkündür. Milli Kitabxananın saytı vasitəsilə 21 xarici ölkə kitabxanaları ilə əlaqələr mövcuddur. Dekorativ tətbiqi sənət studiyasında miniatür xalçalar toxunacaq, həmçinin gənclər üçün xalçaçılıq kursları təşkil ediləcəkdir. Dekorativ tətbiqi sənət studiyasında gün ərzində 20-30 gənc bu qədim sənətə yiyələnmək üçün kurs keçəcəklər. Vurğulandı ki, bu addım həm də Astarada xalçaçılıq sənətinin inkişafına xidmət edəcəkdir. Şahmat studiyasında isə uşaqlar həm şahmat, həm də dama ilə məşğul olacaqlar. Burada məşğələlərlə yanaşı, yarışlar da keçiriləcəkdir. Gənclərin rəssamlıqla məşğul olmaları üçün Mərkəzdə təsviri sənət studiyası yaradılmışdır. Buradakı hərtərəfli şərait, eyni zamanda, 14 nəfərin təsviri sənətlə məşğul olmasına imkan verir. Mərkəz gənc nəslin dünyagörüşünün, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaqdır. Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi. Bundan başqa, aprelin 15-də Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olub.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına raport verdi. Gömrükçülər və sərhədçilər Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Prezidentinin 2007-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən Astara Gömrük İdarəsinin Astara gömrük sərhəd-keçid məntəqəsi yenidən tikilərək müasir avadanlıqla təchiz olunmuşdur. Prezident İlham Əliyev sərnişin-nəqliyyat gömrük nəzarəti xəttində avtomobillərin gömrük nəzarətindən keçmə prosesi ilə tanış oldu. Bildirildi ki, burada hər cür şərait yaradılmış, ən müasir avadanlıq qurulmuşdur. Dövlətimizin başçısı idxal gömrük nəzarəti xəttində yaradılan şəraitlə tanış olarkən qeyd edildi ki, idxal və ixrac gömrük nəzarəti xətlərinin hər birində eyni vaxtda üç avtomobil gömrük nəzarətindən keçə bilər. Bu xətlərin hər birində elektron növbə sistemi də yaradılmışdır. "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə burada rəsmiləşdirmə mərkəzi yaradılmış, malların və nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqəsində qeydiyyatının "bir pəncərə" prinsipini tətbiq etməklə həyata keçirilməsi təmin olunmuşdur. Bu da malların və nəqliyyat vasitələrinin məntəqədə qeydiyyatına sərf olunan vaxtın 3 saatdan 15 dəqiqəyədək azaldılmasına imkan vermişdir. Dövlətimizin başçısı Astara Gömrük İdarəsinin əvvəlki və yeni görüntülərini əks etdirən fotostendə baxdı. Astara Gömrük İdarəsinin inzibati binası ilə tanış olan Prezident İlham Əliyev burada piyadaların gediş-gəliş xətlərində, gömrük yoxlama məntəqələrində yaradılan şəraitlə də maraqlandı. Qeyd edildi ki, burada iş müasir prinsiplər əsasında qurulmuş, hər cür şərait yaradılmışdır. Mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin müasir standartlar səviyyəsində həyata keçirilməsi üçün Astara gömrük sərhəd-keçid məntəqəsində xüsusi yoxlama və baxış yerləri ayrılmış, fiziki şəxslər üzərində gömrük nəzarəti zonası müəyyən edilmiş, eyni zamanda, yoxlama prosedurunun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə mobil tipli müasir yük yoxlama sistemi istifadəyə verilmişdir. İnzibati binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotostendlər qurulmuşdur.
Dövlətimizin başçısı inzibati binada ölkə üzrə sərhəd-keçid məntəqələrində gedən iş prosesini canlı olaraq izlədi. Məlumat verildi ki, Astara Gömrük İdarəsinə daxil olan bütün strukturların da fəaliyyətini izləmək mümkündür. Bu da iş prosesinin şəffaflığına geniş imkanlar açır. İnzibati binada 75 nəfərlik iclası zalı və konfrans zalı da yaradılmışdır. Sonra Prezident İlham Əliyev binanın eyvanından ətrafı seyr etdi. Qeyd olundu ki, burada geniş abadlıq işləri aparılmış, istirahət guşələri yaradılmışdır. Daha sonra dövlətimizin başçısı Gömrük Tədris Mərkəzinin fəaliyyəti ilə tanış oldu. Burada Heydər Əliyev xatirə otağı yaradılmış, ulu öndərin büstü qoyulmuş, görkəmli dövlət xadiminin xatirəsinə həsr olunan kitablar toplanmışdır. Mərkəzdə, həmçinin videokonfrans, tədris otaqları, akt zalı vardır. İnzibati binada idman zalı da yaradılmışdır ki, burada işçilərin istirahəti üçün hər cür şərait vardır. İdarənin fəaliyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 2009-cu ildə Astara gömrük sərhəd-keçid məntəqəsinin ümumi yük dövriyyəsi 296,6 min ton təşkil etmişdir ki, bundan 108,4 min ton idxalın, 50,2 min ton ixracın, 138 min tonu tranzit yüklərin payına düşmüşdür. Astara gömrük sərhəd-keçid məntəqəsindən il ərzində 25 min 849 nəqliyyat vasitəsi keçmişdir. Ötən il məntəqənin ümumi yük dövriyyəsi 1,32 milyon ton təşkil etmişdir ki, bunun 720,65 min tonu idxalın, 120,50 min tonu ixracın, 477,47 min tonu isə tranzit yüklərin payına düşür. Astara gömrük sərhəd-keçid məntəqəsinin yenidən qurulması yük dövriyyəsini və məntəqənin buraxılış qabiliyyətini dörd dəfə artırmağa imkan vermişdir.
İkinci nəzarət operatorunda sənədlərin təkrar yoxlanılması həyata keçirilir.
Sonra dövlətimizin başçısı Astara Gömrük İdarəsində müasir memarlıq üslubunda tikilmiş "Az Duty Free Shops" - Rüsumsuz Ticarət Mərkəzi ilə tanış oldu. Bildirildi ki, mərkəzin birinci mərtəbəsində əsasən yeyinti məhsulları, ikinci mərtəbədə isə elektrik məişət əşyaları istehlakçılara təqdim olunur. Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda Astara Gömrük İdarəsində 205 nəfər daimi işlə təmin olunmuşdur. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.
Sonda xatirə şəkli çəkdirildi. Dünən Prezident İlham Əliyev Astarada Gənclər Evinin açılışında da iştirak edib. Əvvəlcə Prezident İlham Əliyev Astara şəhərinin Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə tanış oldu. Meydanda 65 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılmışdır. Ətrafda ən müasir tələblərə cavab verən park salınmış, müasir işıqlandırma sistemi qurulmuş və abadlıq işləri görülmüşdür. Dövlətimizin başçısı Gənclər Evinin açılışını bildirən lenti kəsdikdən sonra ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış oldu. Bildirildi ki, burada gənclərin istirahəti və dincəlməsi üçün hər cür şərait yaradılmışdır. Binanın birinci mərtəbəsində çay evi və internet klub, ikinci mərtəbədə isə bayraq guşəsi və şahmat klubu fəaliyyət göstərir. Ümumilikdə burada 12 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Məlumat verildi ki, gənclər çay evində cənub bölgəsində yetişdirilən çay nümunələrindən dəmlənmiş çay içib öz istirahətlərini təşkil edə bilərlər. Şahmat klubunda isə yeniyetmə və gənclər bu qədim oyunun sirlərinə yiyələnə, ərazidəki Dövlət Bayrağı Muzeyində Azərbaycan tarixinin şanlı səhifələri ilə tanış ola biləcəklər. Muzeydə 1918-ci ildən bəri Azərbaycanda mövcud olan dövlət bayraqlarının nümunələri təqdim edilir, bununla yanaşı, qədim pullar, medallar və digər tarixi eksponatlar nümayiş olunur. Muzeydə Azərbaycanın hərb tarixinə dair eksponatlara da geniş yer verilmişdir. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi. Prezident İlham Əliyev aprelin 15-də Astara qaz-kompressor stansiyasının açılışında iştirak edib. Stansiyanın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Astara rayonundakı qaz-kompressor stansiyasının tikinti işləri uğurla başa çatdırılmış və Dövlət Komissiyası tərəfindən istismara qəbul edilmişdir. Stansiyada müasir avtomat sistemlər və avadanlıqdan istifadə etməklə giriş qazının təmizlənməsi, kompressorlarda iki pillədə sıxılması, sıxılmış qazın soyudulması, həcminin ölçülməsi və qazın magistral kəmərə vurulması üzrə bütün zəruri işlər görülmüşdür.
Dövlətimizin başçısı stansiyanın fəaliyyəti ilə yaxından tanış oldu və müəssisəni işə saldı. Bildirildi ki, mövcud Astara qaz-kompressor stansiyası Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədilə 2005-ci ildə iki qaz-turbin mühərrikli kompressor və köməkçi avadanlıqla komplektləşdirilərək tikilib istismara verilmişdir. Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə uyğun olaraq, qonşu ölkəyə təbii qazın ixracı məqsədilə yeni kompressor stansiyasının tikilməsi qarşıya aktual vəzifə kimi qoyulmuşdu. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Birinci mərhələdə 6 "10 QKNAM" markalı qaz mühərrikli kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılmışdır. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünun 5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur.
Qeyd edildi ki, tikinti işləri ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında "Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilmişdir. Stansiyada 108 nəfər daimi işlə təmin olunmuşdur.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, stansiya ərazisində tikilən inzibati binada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılmış, otaqlar müasir avadanlıqla təchiz olunmuşdur.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, stansiyanın kollektivinə uğurlar arzuladı. Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq "Astara-1" kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına ölkəmizdə energetikanın inkişafı və kiçik su-elektrik stansiyalarının tikintisi barədə məlumat verdi. Bildirildi ki, Azərbaycanın elektroenergetika sistemi son bir neçə ildə həyata keçirilən kompleks tədbirlər nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Vurğulandı ki, Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli müvafiq Sərəncamı ilə külək və su-elektrik stansiyalarının inşasının da respublikamızda geniş tətbiqi məqsədilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması barədə "Azərenerji" ASC-yə tapşırıq verilmişdir. Prezident İlham Əliyev 2010-cu ili respublikamızda alternativ enerji mənbələrinin istifadəsi və ekologiyasının yaxşılaşdırılması istiqamətində kəskin dönüş ili elan etdikdən sonra ölkəmizdə bu istiqamətdə tədbirlər daha da genişləndirilmişdir.
Dövlətimizin başçısı "Astara-1" kiçik su-elektrik stansiyasının əsas qurğularının yerləşməsi planı ilə tanış oldu, binanın, maşın zalının görünüşünü əks etdirən fotostendlərə baxdı.
Qeyd edildi ki, yaxın illərdə respublikamızda yüzlərlə kiçik su-elektrik stansiyasının inşası nəzərdə tutulmuşdur. Bununla bağlı konkret işlər görülür. İstisu çayı üzərində tikiləcək 1,7 meqavat gücündə stansiyada ildə 2,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaqdır. Stansiyanı işlətmək üçün İstisu çayından götürülən yüksək təzyiqli su 2 kilometr məsafədən borular vasitəsilə stansiyaya ötürüləcəkdir. Yeni stansiyada suqəbuledici qurğu, hidroaqreqatlar, 10 kilovoltluq yarımstansiya və elektrik xətti, həmçinin digər qurğular inşa olunacaq, müasir avadanlıq quraşdırılacaqdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, respublikamızın alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf perspektivi mütəxəssislərin hərtərəfli müzakirəsi əsasında hazırlanan xüsusi proqram üzrə aparılacaqdır.
Vurğulandı ki, Avropa Şurasına üzv ölkələrdə kiçik su-elektrik stansiyalarının potensialının əsaslı şəkildə möhkəmləndirilməsi üçün ciddi tədbirlər görülür və Azərbaycanda da bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Stansiya istifadəyə verildikdən sonra ətraf kəndlərdə yaşayan 3 min abonent elektrik enerjisi ilə təmin olunacaqdır. Dövlətimizin başçısı su-elektrik stansiyasının təməlini qoydu. Prezident İlham Əliyev gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunu işə saldı. Dövlətimizin başçısı energetiklərə və inşaatçılara uğurlar arzuladı, tövsiyə və tapşırıqlarını verdi. Prezident İlham Əliyev Astaraya səfəri çərçivəsində aprelin 15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olmuşdur.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, kompleksin inşasına "Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 2005-ci il 14 sentyabr tarixli Sərəncamına əsasən başlanmışdır. Beş hektaradək ərazidə aparılan tikintiyə 2007-ci ilin yayında başlanmışdır. Baş plana əsasən, müasir memarlıq üslubunda, səkkizguşəli ulduz formasında inşa ediləcək kompleksdə ikimərtəbəli əsas universal idman zalı korpusu olacaqdır. İdman zalında min nəfərlik tribuna, trenajor və məşq zalları, foye, qarderob, məlumat stolu, yeməkxana, inzibati otaqlar, tibb, məşqçi və hakim otaqları və s. yaradılacaqdır.
Bildirildi ki, ikimərtəbəli üzgüçülük hovuzunun binasında 200 yerlik tribuna, uzunluğu 51 metr, eni 31 metr olan hovuz, məşqçi, hakim, inventar otaqları, yeməkxana və digər texniki otaqlar inşa ediləcəkdir. Baş plana əsasən, ikimərtəbəli 4 kottec, futbol, basketbol, tennis və voleybol meydançaları, qaçış yolu, yerüstü avtomobil dayanacağı da inşa olunacaqdır. Kompleksə müstəqil qaz, su, kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binaların müasir avadanlıqla təchiz edilməsi, havalandırma və digər qurğuların quraşdırılması nəzərdə tutulmuşdur. Kompleks bu ilin sonunadək təhvil veriləcəkdir. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi. Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olmuşdur. Salyanlılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Şəhər ictimaiyyəti adından çıxış edən sakin demişdir:
- Əziz Prezidentimiz! Salyan torpağına qədəmləriniz mübarək olsun, xoş gəlmisiniz! Sizin - ulu öndərimizin yadigarının apardığı işləri gördükcə biz fərəh hissi keçiririk. Bu quruculuq işləri qəlbimizi iftixar hissi ilə döyündürür. Azərbaycanda böyük işlər görülür. Hamımız bunun şahidiyik. Salyanda son vaxtlar bənzəri olmayan quruculuq, abadlıq işlərinə başlanmışdır. Bunların hamısı Sizin sayənizdədir. Mən Sizinlə həmişə görüşəndə yadıma bir misra düşür:
"Sən ülfət və məhəbbətlə doğulmusan qoşa oğul,
Çiçək-çiçək arzuların toxunmasın daşa oğul".
Yolunuz həmişə uğurlu olsun. Bu yol bizi tezliklə Qarabağımıza aparsın.
Prezident İlham Əliyev: Sağ olun. Sizi ürəkdən salamlayıram. Salyan şəhərinin gözəl inkişaf planı hazırlanır. Bu yaxınlarda icra başçısı mənə məlumat verdi və o planı təqdim etdi. Mən də onu bəyəndim, dəstəklədim. İndi əlavə vəsait ayrılacaqdır. Salyan Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir.
Burada gözəl xiyabanlar, binalar tikiləcək, təmir işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaqdır. Qazlaşdırma, içməli su, kanalizasiya layihələri, sosial infrastruktur - bütün bu işlər planlarda vardır. Sonra Prezident İlham Əliyev Salyan şəhərini gəzdi.
Dövlətimizin başçısı şəhərdə görülən işlərlə maraqlandı. Rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, şəhərdəki bütün binaların fasadları tamamilə dəyişdiriləcək, küçələrin kənarındakı xidmət və ticarət obyektlərinin xarici görünüşü müasir memarlıq üslubunda qurulacaqdır. Mərkəzi küçələrin işıqlandırma sistemləri tamamilə yeniləşəcəkdir. Bunun üçün xüsusi işıqlandırma sistemləri və dirəklər sifariş verilmişdir. Şəhərin küçələri boyu çəkilən hasarlar çay daşları ilə bəzədiləcəkdir.
Həmçinin Tahir Kərimov Kürün Salyan ərazisindən keçən hissəsinin məcrasının dəyişdirilməsi ilə bağlı hazırlanan layihə barədə də dövlətimizin başçısına məlumat verdi.
Şəhərdə görülən işlərlə tanışlıq zamanı Prezident İlham Əliyev sakinlərlə bir daha görüşdü, onların qayğıları və problemləri ilə maraqlandı. Ölkənin hər yerində olduğu kimi, Salyanda da mövcud problemlərin aradan qaldırılması üçün görülən tədbirlərdən və nəzərdə tutulan proqram və layihələrdən danışdı. Salyanlılar dövlətimizin başçısını hərarətlə yola saldılar.

Digər xəbərlər