PDF Oxu

Siyasət

  • 519

YAP Ağcabədi rayon təşkilatının XI Konfransı keçirilib - FOTOLAR

image

Sentyabr ayının 9-da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının XI Konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, abidəsi önünə tər çiçək dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, millət vəkili Tahir Rzayev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Ərazi Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə, Ərazi Partiya təşkilatından seçilmiş 280 nəfər nümayəndə və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Konfransda dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin, vəfat etmiş partiya üzvlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qeyd etdi ki, Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanması, onun inkişaf edərək qabaqcıl ölkələr sırasına çıxması, getdikcə qloballaşan dünyanın bütün çağırışlarına adekvat cavab verməsi, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsi Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının bütün təşkilatları öz işini Ümummilli Liderimiz Heydər Əliyevin siyasi dəst-xəttini əldə rəhbər tutaraq Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ideyalarına uyğun həyata keçirir.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovun hesabat dövrü ərzində görülən işlər, həyata keçirilən tədbirlər haqqında məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, hazırda təşkilat 84 Ərazi Partiya Təşkilatı ətrafında 16022 nəfəri partiya üzvünü öz sıralarında birləşdirir. Partiya üzvlərindən 7969 nəfəri, yəni 49,7 faizi qadınlar, 1504 nəfəri, yəni 9,4 faizi gənclərdır.

Hesabat dövrü ərzində YAP Ağcabədi rayon təşkilatının cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən 325 tədbir və görüş keçirilmişdir. Bununla yanaşı şəhid ailələri, qazilər və aztəminatlı ailələr müntəzəm ziyarət edilmiş, onların sosial müdafiəsinə dəstək verilmişdir. Keçirilən humanitar tədbirlər çərçivəsində həssas kateqoriyaya aid 116 ailəyə ərzaq sovqatı şəklində dəstək göstərilmişdir.

Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək qeyd edib ki, müstəqilliyimizin ilk illərində yaranmış ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən Ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekdil səsi ilə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan bölünmək təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməlləri qoyuldu. Hazırda müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır.

Millət vəkili Tahir Rzayev çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevə olan dərin hörmət və etibar sayəsində hazırda öz sıralarında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası bu gün həqiqətən də yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqaz regionunun güclü və beynəlxalq aləm tərəfindən qəbul edilən nüfuzlu siyasi təşkilatıdır. Məhz bu partiyanı yaratmağı və inkişaf etdirməyi öhdəsinə götürməklə Ulu Öndər ölkəni xaos və vətəndaş müharibəsindən qurtarmaqla, onun müstəqilliyini əbədi və dönməz etmək kimi çox şərəfli bir missiyanı uğurla həyata keçirmişdir.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə çıxış edərək Yeni Azərbaycan Partiyasının bütün üzvlərinin Ulu Öndərin bəşəri ideyaları ilə silahlandığını və hər zaman bu uğurda mübarizə apardığnı, hörmətli Prezidentimiz cənab İlham Əliyevlə birlikdə müstəqil Azərbaycan Dövlətinə xidmət etdiklərini vurğuladı.

Hesabat məruzəsi ətrafında çıxış edənlər, Ağcabədi rayon Pedoqoji Kollec ərazi partiya təşkilatının sədri Rövşən Bayramov, Şəhid ailəsi üzvü Nəzakət Bəşirova, 3 saylı ərazi partiya təşkilat sədri Mətanət Quliyeva və Azərbaycan Dövlət Pedoqoji Univeritetin gənc müəllimi Səbuhi Quliyev YAP Ağcabədi rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfransda Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatmışdır.

Digər xəbərlər