Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sənəd ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi daşıyır. Sərəncama əsasən, Sənəddən irəli gələn məsələləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həll edəcək. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcəkdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görüləcəkdir.
Məlumdur ki, qida təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin, əhalinin sağlamlığının və sosial rifahının təmin edilməsinin əsas komponentlərindən biridir. Əhalinin sağlam və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması və bu sahənin beynəlxalq standartlara uyğun tənzimlənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qida təhlükəsizliyi sahəsində həyata keçirilən genişmiqyaslı dövlət tənzimləməsi və nəzarət tədbirləri bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına, risklərin azaldılmasına və qida təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərmişdir. Sənəddə qeyd olunduğu kimi, qlobal iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su ehtiyatlarının azalması kimi ekoloji amillərin qida təhlükəsizliyinə təsiri, biomüxtəlifliyin azalması, yeni qida istehsalı və emalı üsullarının yaranması, urbanizasiya, dəyişən istehlakçı vərdişləri, həmçinin baytarlıq preparatlarının, pestisidlərin və digər kimyəvi maddələrin normadan artıq və nəzarətsiz istifadəsi risklərinin artması bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir. Yeni çağırışların effektiv idarə olunması məqsədilə qida təhlükəsizliyi sahəsində kompleks və çoxşaxəli yanaşma tətbiq etməklə, risklərin elmi əsaslarla qiymətləndirilməsi, onların təhlükəsizlik baxımından tənzimlənməsi, institusional və insan resurslarının potensialının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi, qida məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi, ixrac üçün zəruri olan beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi və elektron izləmə və sertifikatlaşdırma sistemlərinin genişləndirilməsi istiqamətləri üzrə bir sıra işlər görülməsinə ehtiyac vardır. Qeyd edilən istiqamətlərdə aparılan ardıcıl islahatların davamı olaraq hazırlanmış “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” qlobal trendləri, Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud vəziyyəti, hədəf ğöstəricilərini, məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələrini və Tədbirlər Planını özündə ehtiva edir. Davamlı sosial inkişafı əhalinin sağlamlığı olmadan təsəvvür etmək mümkün deyildir. Lakin 1960-cı ildən başlayan sürətli əhali artımı, texnologiya və qloballaşma nəticəsində sürətlənən yaşam tərzi sağlam qidalanma prinsiplərinin gündəlik həyatda tətbiqini çətinləşdirir. Hazırda sayı 8 milyardı ötən dünya əhalisinin qida ehtiyacını qarşılamaqla yanaşı, bu qidaların istehsalının və beynəlxalq ticarətinin davamlılığını, eləcə də məhsulların keyfiyyət və təhlükəsizliyini təmin etmək vacibdir. Təhlükəsiz qida insan sağlamlığının və rifahının əsas şərtlərindən biridir. Hər kəsin təhlükəsiz qidaya, balanslaşdırılmış və sağlam qidalanmaya çıxış əldə etməsi fundamental insan hüququ olsa da, dünyanın bir çox ölkəsində insanlar hələ də bu hüquqdan tam şəkildə yararlana bilmirlər. Sənədə əsasən, bunun nəticəsində əhali ictimai sağlamlığa və ümumi inkişaf proseslərinə ciddi təsir göstərən qida mənşəli xəstəliklərdən əziyyət çəkir. Tərkibində zərərli səviyyədə bakteriyalar, viruslar, parazitlər, kimyəvi və ya fiziki çirkləndiricilər olan qidalar 200-dən artıq xəstəliyə, hətta bəzi hallarda daimi əlilliyə və ya ölümə gətirib çıxara bilir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, hər il 600 milyon insan çirklənmiş qida səbəbindən xəstələnir və bunun nəticəsində dünya üzrə 420 min ölüm halı baş verir. ÜST tərəfindən hazırlanmış “2022−2030-cu illər üçün Qida Təhlükəsizliyi üzrə Qlobal Strategiya” üzv dövlətlərə qida təhlükəsizliyi sistemlərinin davamlı şəkildə gücləndirilməsi və qlobal əməkdaşlığın təşviqi yolu ilə qida mənşəli xəstəliklərin yaratdığı yükün azaldılması istiqamətində fəaliyyəti prioritetləşdirmək, planlaşdırmaq, həyata keçirmək, monitorinq aparmaq və mütəmadi olaraq qiymətləndirmək üçün rəhbərlik və dəstək məqsədi daşıyır. Strategiya maraqlı tərəflərə milli qida təhlükəsizliyi sistemlərini gücləndirmək və dünya üzrə tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək üçün zəruri alətləri təqdim edir. Bu Strategiyanın Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcəyi gözlənilir. Proqnozlara görə, 2030-cu ilədək qida məhsullarına tələbatın 50 faiz artacağı gözlənilir.
BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ÇƏRÇİVƏSİNDƏ 9 BEYNƏLXALQ LAYİHƏ İCRA OLUNUB
Qida təhlükəsizliyinin təmin olunması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, eyni zamanda istehsal olunan yerli məhsulların ixrac potensialının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019−2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və onun uğurlu icrası, habelə idarəetmədə paralelliyin aradan qaldırılması və vahid səlahiyyətli qurum kimi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) yaradılması, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə sistemli və səmərəli tədbirlər görülməsinə imkan vermişdir. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar qida təhlükəsizliyinin təmin edilməsi və yerli məhsulların ixrac imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edən sanitariya, baytarlıq və fitosanitar normaların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra texniki normativ hüquqi aktlar hazırlanıb təsdiq edilmişdir. Adıçəkilən Dövlət Proqramının icrası dövründə müvafiq sahədə aparılmış yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma, idxal ixrac əməliyyatlarının təhlili, laborator müayinələrin nəticələrinin təhlili əsasında ölkədə mövcud olan əsas qida təhlükəsizliyi problemləri müəyyən edilmişdir. Həmin problemlər üzrə hazırlanmış risk profilləri əsasında elmi risk qiymətləndirilməsi aparılmış, risklərin idarə edilməsinə dair tədbirlər planları hazırlanaraq icra edilmişdir. Azərbaycan Respublikasına 2019−2025-ci illər ərzində idxal olunan qida və kənd təsərrüfatı məhsulları üzərində aparılan nəzarət tədbirləri nəticəsində 1791 halda bitkiçilik məhsullarında, 290 halda qida məhsullarında uyğunsuzluqlar aşkarlanaraq ixracatçı ölkələrə bildirişlər göndərilmiş, 72 halda qida məhsullarının, 38 halda bitkiçilik məhsullarının istehsalçılarına idxal qadağası tətbiq edilmişdir. Azərbaycan Respublikasında milli qida təhlükəsizliyi sisteminin və regional səviyyədə beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə Agentlik tərəfindən regionda ilk dəfə olaraq ölkəmizdə həyata keçirilmişdir. Aparılan qiymətləndirmə nəticəsində ölkədəki mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğun olduğu təsbit edilmişdir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində 9 beynəlxalq layihə icra olunmuş, 2 layihənin icrası isə davam etdirilir. Qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəyə əsaslanan tələblər tətbiq edilməklə ixrac imkanlarının genişləndirilməsi və bir sıra əməkdaşlıq istiqamətləri üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Dövlət Proqramına əsasən, görüləcək tədbirlər etibarlı və operativ nəticələrin əldə olunmasına imkan verəcək, elmi-tədqiqat və diaqnostika imkanlarını gücləndirəcək, milli təhlükəsizlik, ictimai sağlamlıq və biotəhlükəsizlik sahəsində uzunmüddətli dayanıqlı inkişaf üçün möhkəm zəmin formalaşdıracaqdır.
Zümrüd BAYRAMOVA