Rusiya-Ukrayna müharibəsi gərginləşdikcə digər dövlətlərin, eləcə də beynəlxalq təşkilatların maraqları zərbə alında qalır. Avropa dövlətləri Ukraynaya hərbi, siyasi, maliyyə dəstəyi göstərməklə Rusiyanı zəiflətməyə və bunla da yenidən üstünlük əldə etməyə çalışırlar. Lakin Rusiya hələ ki, müqavimət göstərir. Hətta bəzi hallarda Avropa ölkələrinə təhlükə yaradan, daxili durumu sarsıdan addımlar atır. Bu günlər Rusiya hərbiçilərinin Arktika sularında sualtı qayıqlarının mühüm sualtı kabellərini sıradan çıxarmaq üçün gizli silahdan istifadə edərək təlimlər keçirdiyi məlum olub. BU fakt NATO müttəfiqləri tərəfindən aşkarlanıb. Bu barədə Reuters agentliyi Qərb rəsmiləri arasında öz mənbələrinə istinadən qeyd edir ki, Svalbard arxipelaqı yaxınlığındakı Arktika sularında NATO müttəfiqləri Rusiya sualtı qayıqlarının mühüm sualtı kabellərini sıradan çıxarmaq üçün hazırlanmış gizli silahdan istifadə edərək təlimlər keçirdiyini aşkar edib.
Nəşr qeyd edir ki, təlimlər Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsi tərəfindən həyata keçirilib və bu mürəkkəb texnologiyanın istifadəsini simulyasiya etmək üçün sualtı qayıqlardan istifadə olunub.
Böyük Britaniya, Norveç və ABŞ tərəfindən dənizdəki Rusiya gəmilərini izləyərək ələ keçirən birgə əməliyyat keçirilib. Gəmilərin təlimləri başa çatdırmasının qarşısı alınıb və nəticədə onlar ərazini tərk ediblər. Qeyd edək ki, cari ilin aprel ayında Birləşmiş Krallıq və Norveç Arktika sularında gizli Rusiya əməliyyatını aşkar etdiklərini açıqlayıblar. Lakin yeni silahın kəşfi, əməliyyatın yeri və ABŞ-ın iştirakı əvvəllər bildirilməyib.
Onu da xatırladaq ki, Rusiya və Norveç arasında, xüsusən də Arktikadakı strateji mövqeyinə görə, Şpitsbergen (Svalbard) adası ilə bağlı ərazi mübahisəsi var. Şimali Norveçdəki sualtı infrastruktur əvvəllər şübhəli hadisələrin mövzusu olub. 2026-cı ilin fevral ayında Norveç Daxili Təhlükəsizlik Xidməti Rusiyanın həmin il Norveçdəki casusluq fəaliyyətlərini gücləndirəcəyi, Arktika materikinə və Şpitsbergen arxipelaqına diqqət yetirəcəyi barədə xəbərdarlıq etdi.
İlham