PDF Oxu

Siyasət

  • 19

Bütün bölgələrdə regional inkişaf proqramı uğurla icra edilir

Bütün bölgələrdə regional inkişaf proqramı uğurla icra edilir

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub. Dövlətimizin başçısı yeni yolun tikildiyi əraziyə gəldi.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, 2009-cu ilin martında inşasına başlanılan Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu əvvəllər 243 kilometr olmuşdur. Layihələndirmə zamanı daha optimal marşrutlar seçilmiş və yenidənqurma nəticəsində yol 38 kilometr qısaldılaraq 205 kilometr olacaqdır. Ələt yaxınlığında salınan yeni yolun eni 27,5 metr, hərəkət hissəsi dördzolaqlıdır. Burada iki yolötürücünün tikintisi başa çatmaq üzrədir. Hər biri dördzolaqlı olmaqla, yolötürücülərin birinin uzunluğu 86,6 metr, digərinin uzunluğu isə 101 metrdir. İndiyədək layihə üzrə tikinti-quraşdırma işləri 87 faiz yerinə yetirilmişdir. Tikinti işlərinin 2011-ci ilin sonunda tamamlanması planlaşdırılmışdır.  Yolun geniş olması avtomobillərin paytaxta və əks istiqamətə sərbəst və maneəsiz hərəkətinə imkan yaradacaqdır. Prezident İlham Əliyev tikinti və yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, həmçinin magistralın keçdiyi ərazilərdə abadlıq işlərinə diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə abidənin ətrafında, şəhərdə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, Masallı şəhərinin mərkəzində ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuşdur. Ümumi sahəsi 4 hektar olan parkın ərazisində Heydər Əliyev muzeyi inşa edilmiş, burada ümummilli liderin möhtəşəm abidəsi ucaldılmış, sakinlərin istirahəti üçün gözəl şərait yaradılmış, yeni yaşıllıqlar salınmış, iki böyük fəvvarə tikilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi. Daha sonra Prezident İlham Əliyev Masallı şəhərinin Talışxanov küçəsində yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanış olub. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. İstirahət mərkəzi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Nizami Gəncəvi parkı 1967-ci ildə salınmışdır. Ümumi sahəsi 4500 kvatratmetr olan park uzun illər baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüşdur. 2011-ci ilin əvvəlindən parkda yenidənqurma və genişləndirmə işlərinə başlanılmışdır. Parkda müasir işıqlandırma sistemi quraşdırılmış və yeni fəvvarə inşa olunmuşdur. Park tamamilə abadlaşdırılmış və 500 kvadratmetr sahədə yeni yaşıllıq zolaqları salınmışdır.
Bildirildi ki, parkın ətrafında milli memarlıq üslubunda 280 metr uzunluğunda hasar tikilmişdir. İstirahət mərkəzində mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə qurulmuş və digər müvafiq işlər görülmüşdür. Parkın ərazisində yerləşən rayon Mədəniyyət evinin fasadı da yenilənmişdir. İdeoloji Mərkəzdə də yenidənqurma işləri aparılmışdır. Parkın yaxınlığındakı binaların fasadlarında aparılan təmir işləri tamamlanmaq üzrədir. Yenidənqurma tədbirləri zamanı bu istirahət ocağı ilə ətrafın ümumi ansambl təşkil etməsinə xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyev burada Masallı şəhərinin və rayonun qaz təchizatı sxemlərinə baxdı. Məlumat verildi ki, Dövlət Proqramına əsasən rayon mərkəzində əvvəllər qaz almayan kommunal binalar da daxil olmaqla, şəhərin bütün yaşayış massivlərində birpilləli sistem üzrə qaz təsərrüfatının yenidən qurulması işləri aparılır. İndi Masallı şəhərində qazdan istifadə edən abonentlərin sayı 3300-ə çatır. Cari ilin sonunadək aparılan təmir-bərpa işlərinin tam başa çatdırılması və bununla da Masallı şəhərində 6 minədək abonentin qazla təmin olunması nəzərdə tutulmuşdur. Dövlət Proqramı əsasında rayonun Muğan zonasında yerləşən 22 yaşayış məntəqəsində 6176 abonentin qazla təmin olunması məqsədilə birpilləli sistem üzrə həmin yaşayış məntəqələrinin layihə-smeta sənədləri hazırlanmışdır. Həmin kəndləri təbii qazla təmin edəcək 55 kilometr uzunluğunda daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılmışdır. Hazırda daşıyıcı kəmərin 3,5 kilometrlik hissəsi çəkilmişdir. İşlər tam başa çatdırıldıqdan sonra rayon üzrə abonentlərin sayı daha 9 minədək artacaqdır. Prezident İlham Əliyev Masallı şəhərinin planı, su təchizatı və kanalizasiya şəbəkələrinin, şəhərin içməli və çirkab sutəmizləyici qurğularının planları, eləcə də şəhərdə aparılacaq tikinti-abadlıq işləri zamanı istifadə olunacaq materiallar və avadanlıqların nümunələri ilə tanış oldu. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, illərdən bəri Masallı şəhərində mövcud olan içməli su və kanalizasiya problemlərinin həlli bu layihənin həyata keçirilməsi ilə aradan qalxacaqdır.

Layihə Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdiriləcəkdir. Ümumi dəyəri 55 milyon manat olan layihə üçün vəsaitin 75 faizini Dünya Bankı, 25 faizini isə Azərbaycan hökuməti ödəyəcəkdir. Sutəmizləyici qurğunun tikintisinin başa çatması ilə Masallı və Cəlilabad şəhərləri içməli su ilə təmin olunacaqdır. Masallı şəhərinə içməli su nəqli 10 kilometrə yaxın məsafədən diametri 630 millimetr olan daşıyıcı xətt vasitəsilə həyata keçiriləcək və şəhər daxilində müxtəlif diametrli borularla paylanacaqdır. Su xətlərinin ümumi uzunluğu 125 kilometr, kanalizasiya xətlərinin ümumi uzunluğu isə120 kilometr olacaqdır. Prezident İlham Əliyev Masallı şəhərinin abadlaşdırılması planına da baxdı. Məlumat verildi ki, şəhərdə 19 min 200 kvadratmetr sahənin abadlaşdırılması nəzərdə tutulmuşdur. O cümlədən Heydər Əliyev prospektinin yenidən qurulması planlaşdırılmışdır. Prospektin hər iki tərəfindəki tikililər sökülərək yol genişləndiriləcək, yaşıllıq zolaqları salınacaqdır. 8 min 400 kvadratmetr sahədə çəmənlik salınacaqdır. Dörd fontan qurulacaqdır. Prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunacaqdır. Bundan əlavə, prospekt boyu kommunal binaların fasadları müasir səviyyədə təmir olunacaqdır. Prezident İlham Əliyev parkda Nizami Gəncəvinin yeni abidəsinin açılışında iştirak etdi. Nizami Gəncəvinin parkdakı heykəli yenisi ilə əvəzlənmişdir. Tuncdan hazırlanan heykəlin hündürlüyü 3,6 metrdir. Abidə kompleksinin arxa tərəfində dahi mütəfəkkirin əsərlərinin motivlərindən ibarət kompozisiya yaradılmışdır. Prezident İlham Əliyev daha sonra Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Parkın yenidən qurulması münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı Masallının yeni inkişaf dövrünü yaşadığını dedi. Masallıda görülən işlər barədə danışan Prezident İlham Əliyev gələn ilin sonunadək rayonun bütün məntəqələrinin qazlaşacağını bildirdi və bunun tarixi nailiyyət olacağını vurğuladı.Azərbaycanda elektrik enerjisi ilə təchizatında heç bir problemin olmadığını, içməli su və kanalizasiya məsələlərinin həllini tapdığını qeyd edən dövlətimizin başçısı ölkədə sosial infrastrukturun yaradılmasına böyük diqqət göstərildiyini dedi:
 "Sizi ürəkdən salamlayıram, Nizami parkının yenidən qurulması  münasibətilə təbrik edirəm. Çox gözəl park yarandı, yenidən quruldu. Dahi Nizaminin abidəsi qoyulubdur. Bütün bu işlər məni çox sevindirir. Çox şadam ki, yenidən Masallıdayam, sizinlə görüşürəm. Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq. Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülmüşdür. Rayonun inkişafına daim diqqət göstərilir. Bildiyiniz kimi, əvvəlki illərdə Olimpiya İdman Kompleksi tikilmişdir, göz xəstəxanasının filialı açılmışdır, digər layihələr icra edilmişdir. Şəhərdə abadlaşdırma, abadlıq-quruculuq işləri  gedir. Ancaq indiki mərhələdə uzun illər həllini gözləyən məsələlər də artıq həll olunur. İlk növbədə qazlaşdırma layihəsi. Gələn ilin sonuna qədər Masallının bütün yaşayış məntəqələri qazlaşdırılacaqdır. Bu, tarixi bir nailiyyət olacaqdır. Çünki heç vaxt Masallı kəndlərində qaz olmamışdır. Masallıya qazın verilməsinin bərpası bir neçə il bundan əvvəl başlamışdır. Şəhərin müəyyən hissəsini əhatə edirdi. İndi isə layihə hazırlanıb ki, nəinki şəhər, - mənə indi deyirlər, şəhərdə məsələ artıq həll olunub,- bütün kəndlərdə qaz təchizatı təşkil ediləcəkdir. Gələn ilin sonuna qədər bu layihə başa çatmalıdır. Beləliklə, hesab edirəm ki, biz böyük bir məsələnin həllinə nail olacağıq.  Elektrik enerjisi ilə təchizatda heç bir problem, məhdudiyyət yoxdur. Ölkə üzrə bu məsələ öz həllini tapıb. Ona görə bu barədə heç məsələ qaldırılmır. Qarşımızda qazlaşdırma məsələsi dayanır. Biz bunu həll edirik. İçməli su, kanalizasiya problemlərinin həlli də çox vacib məsələlərdir. Bu məsələlər də demək olar ki, ölkə miqyasında hazırda kompleks şəkildə öz həllini tapır. Hər bir şəhərdə, hər bir rayonda su, kanalizasiya xətləri çəkilir, o cümlədən Masallının su, kanalizasiya layihələri də yəqin ki, bir neçə aydan sonra icra olunmağa başlanacaqdır. Görüləcək işlər nəticəsində bu tarixi problem öz həllini tapacaqdır. Ölkəmizdə bütövlükdə bütün bölgələrdə regional inkişaf proqramı icra edilir, o cümlədən Masallı rayonunda. Bütün ölkə əhəmiyyətli layihələr Masallı üçün də əhəmiyyətlidir. Onların arasında mən üç il bundan əvvəl Lənkəran aeroportunun açılışını qeyd etmək istəyirəm. Çünki Masallı rayonunun əhalisi də bu imkanlardan istifadə edir. İndi beynəlxalq uçuşlar da təşkil edilir. Bakı-Astara avtomobil yolunun tikintisi gedir. Bu da Masallıya yeni imkanlar yaradacaqdır. Yəni, ölkə əhəmiyyətli layihələr, o cümlədən bu rayonlara da öz müsbət təsirini göstərəcəkdir. Nəticə etibarilə 2013-cü ilə qədər ikinci regional proqramın icrası sayəsində ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır. Mən bu gün Masallıda olarkən bir daha qeyd etmək istəyirəm ki, cənub bölgəsinin inkişafına xüsusi diqqət göstərilir. Bu bölgənin böyük potensialı vardır. Həm kənd təsərrüfatının, sənayenin, həm də turizmin inkişafı üçün şərait yaradılmalıdır və yaradılır. Bütün sosial, iqtisadi məsələlər öz həllini tapır və tapacaqdır."
  Rayon ictimaiyyəti adından çıxış edən müəllim Əhməd Məmmədov və Milli Məclisin deputatı Elmira Axundova Masallıya və bütövlükdə ölkənin sürətli inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə rayon sakinlərinin minnətdarlığını dövlətimizin başçısına çatdırdılar.  Sonda rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanış olub. Dövlətimizin başçısı Ələt-Astara avtomobil yolunun sxemini əks etdirən fotostendlərə baxdı. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Masallı və Astara rayonlarının ərazisindən keçəcək birinci dərəcəli yolun bu hissəsinin ümumi uzunluğu 22 kilometr, eni 27,5 metrdir. Yolun dördtərəfli aparıcı zolağının eni 5 metr olacaqdır. Yolun bu hissəsində 6 körpünün, 4 yolötürücünün və 133 suötürücünün inşası nəzərdə tutulmuşdur. Beynəlxalq standartlara tam cavab verəcək yolda müasir işıqlandırma sistemi, nəqliyyatın və piyadaların maneəsiz hərəkəti üçün lazımi şərait yaradılacaqdır.  Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, yeni yolun istifadəyə verilməsindən sonra Masallı və Astara rayonlarını birləşdirən köhnə yolun istismarı da davam etdiriləcəkdir. Köhnə və yeni yolun qovşağında isə ötürücü yol keçidi inşa olunacaqdır. Bu yolun istifadəyə verilməsi Masallı və Astara ilə yanaşı, Yardımlı, Lənkəran, Biləsuvar və digər rayonların əhalisi üçün rahatlıq yaradacaqdır. Bildirildi ki, magistral avtomobil yolu rayon mərkəzlərinin kənarından keçəcəkdir. Bu isə avtomobillərin sərbəst və maneəsiz hərəkətinə imkan verəcəkdir. Sonra Prezident İlham Əliyev Ələt-Astara avtomobil yolunun Kür çayı üzərindən keçən hissəsində inşası davam etdirilən yeni körpü kompleksini əks etdirən fotostendlərə baxdı. Məlumat verildi ki, körpünün ümumi uzunluğu 370 metr, eni isə 30 metr olacaqdır. Körpüdə yanaşma yolunun ümumi uzunluğu isə 1 kilometrdən çoxdur. Dövlətimizin başçısı yolun tikintisində istifadə olunan texnikaya baxdı. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

Digər xəbərlər