Latviyanın Baş naziri Andris Kulberqs qanuni həddən təxminən altı dəfə yüksək spirtli içki qəbul etdiyinə görə, Sosial Təminat naziri Reynis Uzulnieksi vəzifəsindən azad edib. Bu barədə Latviyanın Baş naziri özünün X hesabında yazıb. Andris Kulberqs sərxoş vəziyyətdə avtomobil idarə etməyin "başqalarının sağlamlığına və həyatına təhlükə yaratdığını" vurğulayıb: “Bu, nazirin məsuliyyətsiz və qəti şəkildə qəbuledilməz bir hərəkətidir. Buna görə də, Uzulnieksi vəzifəsindən azad etmək yeganə düzgün qərardır”.
LSM-in məlumatına görə, polis naziri şənbə günü saxlayıb. Onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi, qanında 3,5 ppm spirt səviyyəsi olduğu aşkarlanıb. Latviya Prezidenti Edqars Rinkeviçs də hadisəni pisləyib.Prezident bildirib ki, bu cür hərəkətlərin dövlət məmurları - nazirlər, parlament üzvləri və ya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilməsi xüsusilə qəbuledilməz və utancvericidir: “ Bu cür davranış sərt cəzaya layiqdir, çünki heç kim qanundan üstün deyil və bu, bütövlükdə cəmiyyətə mesaj göndərir”.
Xatırladaq ki, 2023-cü ildə Litvanın o vaxtkı xarici işlər nazirinin müavini Mantas Adomenas sərxoş vəziyyətdə avtomobil idarə edərkən yaxalandıqdan sonra istefa verdiyini açıqlamışdı.
İlham