“Bu gün elm, təhsil və iqtisadiyyat sürətlə dəyişən yeni çağırışlarla üz-üzədir. Bu dəyişikliklərin əsas hərəkətverici qüvvələri isə innovasiya, rəqəmsal texnologiyalar və süni intellekdir”.Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, texnoloji inkişafı sürətləndirmək üçün elm, təhsil, biznes və innovasiya subyektlərini bir araya gətirən xüsusi mərkəzlərin yaradılması mühüm əhəmiyyət daşıyır:
“Azərbaycan da bu qlobal prosesdən kənarda qalmır. Ölkəmiz rəqəmsal transformasiyanın sürətləndirilməsi, yüksək texnologiyaların tətbiqi, data mərkəzlərinin inkişafı və süni intellekt imkanlarından istifadə istiqamətində mühüm addımlar atır.
Bu baxımdan Prezident İlham Əliyevin Bakıda Yüksək Texnologiyalar Parkında yaradılan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirakını mühüm hadisə hesab edirəm.
“SABAH.city”nin əsas üstünlüyü ondadır ki, burada elm, təhsil, innovasiya və yüksək texnologiyalar vahid ekosistemdə birləşdirilir. Tələbələr və gənc tədqiqatçılar müasir laboratoriyalarda çalışmaq, yeni bilik və bacarıqlar əldə etmək, innovativ ideyalarını reallaşdırmaq imkanı qazanırlar.
Digər tərəfdən, burada yeni startapların yaranması və onların kommersiyalaşdırılması üçün imkanlar formalaşır. Bu isə gələcəkdə yeni şirkətlərin, yeni iş yerlərinin və əlavə iqtisadi dəyərin yaranmasına şərait yaradacaq.
Ən vacibi isə budur ki, belə layihələr Azərbaycanın gələcəyinə – insan kapitalına, biliyə və texnologiyaya qoyulan investisiyadır.
Gələcək rəqəmsal texnologiyalar və süni intellekt üzərində qurulur. Azərbaycan isə bu prosesin kənarında deyil, fəal iştirakçısı kimi öz yerini möhkəmləndirməyi hədəfləyir”.
Müəllif: Günay Hacıyeva