Tədbir başlamazdan əvvəl Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin gündəliyi təsdiq edildikdən sonra YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, fəaliyyətini partiyamızın rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə quran YAP Beyləqan rayon təşkilatı üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışıb. Qeyd olunub ki, hazırda rayon təşkilatının 48 ərazi partiya təşkilatında 7430 nəfər üzv birləşir ki, onlardan da 3785 nəfəri qadınlar, 1047 nəfəri isə gənclərdən ibarətdir. Ərazi prinsipi ilə yaradılmış bu təşkilatların 48-də də partiya üzvlərinin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesi müntəzəm olaraq aparılır.
XI konfransdan ötən dövr ərzində ümumilikdə 2339 nəfər rayon sakini partiya sıralarına üzv qəbul edilmişdir ki, onlardanda 1576 nəfərini qadınlar, 372 nəfərini isə gənclər təşkil edir . Bu göstəricilər partiya sıralarında qadınların, gənclərin və müxtəlif təhsil səviyyəsinə malik vətəndaşların geniş təmsil olunduğunu göstərir.
Sonda rayon təşkilatının sədri bütün partiya üzvlərinə, ərazi partiya təşkilatlarının sədrlərinə, fəallara və hesabat dövründə rayon təşkilatının fəaliyyətinə dəstək göstərən hər kəsə təşəkkürünü bildirdi. Bundan sonra da təşkilatın fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnaməsinin və Əsasnaməsinin tələblərinə uyğun olaraq qurulacağını, yaradılan şəraitdən daha da səmərəli istifadə etməklə, gənc partiya üzvlərinin fəallığını artırmaqla, fəaliyyətimizi daha da yaxşılaşdırılacağını qeyd etdi. Partiyamızın sədri, Möhtərəm Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun bütün tapşırıqlarını sözsüz yerinə yetirməyə səy göstərəcəyik.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verdi. Hazırda digər yerlərdə olduğu kimi Beyləqan rayonunda da quruculuq işlərinin böyük vüsət aldığını deyən Əziz Əzizov bu prosesdə YAP Beyləqan rayon təşkilatının fəallarının da yaxından iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, YAP Beyləqan rayon təşkilatının üzvləri bu gündə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Sonda Əziz Əzizov YAP Beyləqan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab edib.
Konfransda YAP İdarə Heyətinin Üzvü, Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov konfransın işinə uğurlar arzulayaraq bildirib ki, konfransda verilən məlumatlar, təqdim olunan hesabatlar və hesabatlarla bağlı səsləndirilən fikirlər deməyə əsas verir ki, YAP rayon təşkilatının təşkilatının fəaliyyəti son illərdə dinamik olub və onun fəaliyyəti qənaətbəxş qiymətləndirilə bilər. Ümummilli Lider Heydər Əliyevin və silahdaşlarının birbaşa fəaliyyəti ilə qurulan YAP onların ideyalarından ruhlanaraq bu gün yaşayır və yaşamaqda da davam edir. Tarix sübut edir ki, YAP zərurətdən yarandı. Yarandığı vaxtdan bu günə qədər partiyamız şərəfli bir yol keçərək bu gün ölkəmizin ən güclü siyasi qüvvəsinə çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlara imza atır.
Konfransda çıxış edən Partiya veteranı, Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək partiya üzvlərinin əsas xarakterik keyfiyyətlərindəndir. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu gündən-günə artmaqdadır.
Sonda natiqlər təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından ötən dövr ərzində partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, YAP Mərkəzi Aparatının tapşırıq, tövsiyə və təlimatlarına uyğun olaraq yerli təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində sistemli işlər həyata keçirilib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ideyalarının və azərbaycançılıq məfkurəsinin təşviqi, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi dövlətçilik strategiyasının və partiyanın dəyərlərinin təbliği daim diqqət mərkəzində saxlanılıb.
YAP Beyləqan rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə toxunan Fəsli Nəbiyev təşkilatın bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşacağına, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, gənclərin partiya fəaliyyətinə daha geniş cəlb olunması istiqamətində ardıcıl iş aparacağına əminliyini bildirib.
XII hesabat konfransının keçirilməsi münasibətilə təşkilat üzvlərini təbrik edən Fəsli Nəbiyev gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda YAP Beyləqan rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilərək, Yeni Azərbaycan Partiyasının VIII Qurultayına YAP Beyləqan rayon təşkilatından nümayəndələr seçildi.