Cinayətkar heç bir vəchlə cəzadan kənarda qalmaz. Xüsusilə də, Azərbaycan kimi azad, demokratik, hüquqi dövlətdə cinayətkarın məsuliyyətdən yayınması mümkünsüzdür. Növündən və fəaliyyət istiqamətindən asılı olmayaraq qanunlara qarşı çıxan, hüquqazidd addımlar atanlar mütləq cinayət məsuliyyətinə cəlb olunaraq layiq olduğu cəzanı alırlar. Təbii ki, düzlük və ədalətli fəaliyyət bundan sonra da dəyişməyəcək. Çünki Azərbaycanda hüququn aliliyi ən yüksək səviyyədə təmin olunur. Dəfələrlə icra hakimiyyətlərinin başçılarının, nazirlərin, nazir müavinlərinin, böyük sərvətə malik iş adamlarının qanunsuz əməlləri üzə çıxdığı üçün həbs olunmaları buna misal ola bilər. Bu baxımdan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun keçmiş köməkçisi Eldar Əmirovun, AXCP sədri Əli Kərimlinin və digərlərinin həbs olunmaları gözlənilən hal kimi qiymətləndirilməlidir. Daha doğrusu, sözügedən şəxslərin məsuliyyətə cəlb olunmaları cəmiyyətin çağırışlarına tam cavab verir. İstintaqın gəldiyi qənaətə görə, Ramiz Mehdiyev, Eldar Əmirov, Əli Kərimli və digər dəstə üzvləri ölkədə dövlət çevrilişi həyata keçirməyə cəhdlər göstəriblər. Məhz bu səbəbdən də, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə daha əvvəl Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb.Bu ittihamlar üzrə Səbail rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İlkin olaraq 4 ay müddətinə müəyyən edilən ev dustaqlığının müddəti sonradan məhkəmə qərarları ilə uzadılıb. 2026-cı ilin iyununda isə Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadıb. Eyni ittihamlar AXCP sədri Əli Kərimliyə qarşı irəli sürülüb və Səbail rayon Məhkəməsi onun barəsində seçilmiş qətimkan tədbirinin müddətini daha 4 ay uzadıb. Məlumatlara görə, artıq istintaq yekunlaşır. Yaxın günlərdə onların işinə məhkəmə də baxılacaq.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Ramiz Mehdiyevin cinayətkar dəstəsinin işində yeni adlar üzə çıxmaqdadır. Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib. Məlumata görə, həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir.
İlham