PDF Oxu

Siyasət

  • 795

Sülhə aparan yol yeni reallıqlardan keçir - ŞƏRH

image

Sentyabrın 11-12-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu səfər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin, eləcə də regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyət nümayəndələri tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Diplomatik korpusun nümayəndələrinin müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil etməsi səfərin miqyasını və siyasi əhəmiyyətini daha da artırır.

Səfər zamanı xarici diplomatların Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olması Azərbaycanın bu ərazilər üzərində tam suverenliyinin bərpa edildiyini və həmin ərazilərin artıq ölkənin vahid siyasi, hüquqi və inzibati məkanına tam inteqrasiya olunduğunu əyani şəkildə nümayiş etdirir. Bir neçə il əvvəl Ermənistanın işğalı altında olan və xarici diplomatların Azərbaycan dövlətinin icazəsi olmadan gedə bilmədiyi ərazilərə bu gün onlarla ölkənin diplomatik nümayəndəsinin Azərbaycan dövlətinin təşkil etdiyi proqram çərçivəsində səfər etməsi regionda baş vermiş tarixi dəyişikliklərin ən mühüm göstəricilərindən biridir.

Bu baxımdan səfərə Ermənistan cəmiyyətinin ayrı-ayrı dairələri tərəfindən verilən reaksiya xüsusi diqqət çəkir. Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfər etməsinin Ermənistan informasiya məkanında narazılıqla qarşılanması, müxtəlif sosial şəbəkə hesablarında və media resurslarında həmin diplomatların hədəfə alınması regionda revanşist düşüncənin müəyyən dairələrdə hələ də yaşadığını göstərir.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir. Azərbaycan Respublikasının bu ərazilərdə öz dövlət suverenliyini həyata keçirməsi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur. Ermənistanın özü də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınmasının vacibliyini müxtəlif bəyanatlarında ifadə edib. Belə olan halda xarici diplomatların Azərbaycan ərazisində sərbəst hərəkətinə qarşı etiraz kampaniyası aparılması Ermənistanın bəyan etdiyi mövqe ilə real davranış arasında ziddiyyət olduğunu göstərir.

Ermənistan cəmiyyətinin müəyyən hissəsinin xarici diplomatların Azərbaycan ərazisinə səfərinə qarşı aqressiv münasibət nümayiş etdirməsi Ermənistanın ictimai-siyasi düşüncəsində müharibədən sonrakı reallıqların tam qəbul edilmədiyini göstərir. Xüsusilə sosial şəbəkələrdə səsləndirilən bəzi fikirlərdə diplomatik nümayəndələrin təhqir və təzyiq hədəfinə çevrilməsi qəbuledilməzdir.

Qeyd emək lazımdır ki, diplomatların həmin ərazilərə səfər etməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətin təzahürüdür. Ermənistan cəmiyyətinin buna qarşı çıxması isə özlüyündə Ermənistan daxilində müəyyən dairələrin Azərbaycanın suverenliyini hələ də qəbul etmək istəmədiyini nümayiş etdirir.Məsələnin digər mühüm tərəfi Ermənistanın Azərbaycan ərazisindəki tarixi və mədəni irslə bağlı yanaşmasıdır. Ermənistanın bəzi dairələri Gəncəsər və Xudavəng kimi abidələri yalnız erməni kimliyi kontekstində təqdim edir və bununla da Qarabağın çoxqatlı tarixi-mədəni keçmişini bir etnik kimliyə endirməyə çalışırlar.

Tarixə belə yanaşma elmi obyektivlik prinsipləri ilə uzlaşmır. Qarabağ və bütövlükdə Cənubi Qafqaz əsrlər boyu müxtəlif xalqların, etnik və dini icmaların qarşılıqlı təmas məkanı olub. Bu bölgənin tarixini yalnız bir xalqın müstəsna tarixi kimi təqdim etmək həm elmi, həm də siyasi baxımdan birtərəfli yanaşmadır.

Daha böyük problem isə ondan ibarətdir ki, Ermənistanın müxtəlif dairələri Azərbaycan ərazisində erməni irsi barədə danışarkən, indiki Ermənistan ərazisində Azərbaycan xalqının çoxəsrlik mövcudluğunu və zəngin tarixi-mədəni irsini demək olar ki, tamamilə nəzərdən qaçırırlar. Bu yanaşma tarixi həqiqətlərin obyektiv araşdırılmasına deyil, siyasi məqsədlərlə seçilmiş tarixi yaddaşın formalaşdırılmasına xidmət edir. Tarixin belə təqdimatı isə etnik dözümsüzlüyü dərinləşdirən və xalqlar arasında qarşıdurmanı davam etdirən amilə çevrilir.

Qafqaz Albaniyasının tarixi və mədəni irsi ilə bağlı məsələlər də uzun müddətdir siyasi mübahisələrin predmetinə çevrilir. Halbuki Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğu, onun siyasi və mədəni tarixinin bu coğrafiya ilə bağlılığı Azərbaycan tarixşünaslığında geniş tədqiq olunmuş mövzulardandır.

Azərbaycan ərazisində yerləşən qədim alban dini-memarlıq nümunələri ölkəmizin çoxəsrlik tarixinin mühüm maddi sübutlarıdır.

Ermənistanda revanşist qüvvələrin mövcudluğu heç kimə sirr deyil. Azərbaycan ərazilərinin azad edilməsindən sonra Ermənistan daxilində yeni reallıqlarla barışmaq istəməyən dairələr müxtəlif üsullarla keçmiş münaqişə gündəmini yenidən aktuallaşdırmağa çalışırlar. Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı aparılan “kampaniya” da bu kontekstdə qiymətləndirilməlidir. Səfərin özünə deyil, səfərdə iştirak edən xarici diplomatlara təzyiq göstərilməsi, onların müxtəlif ittihamların hədəfinə çevrilməsi Ermənistan siyasi və ictimai mühitində revanşist düşüncənin nə qədər dərin köklərə malik olduğunu göstərir.

Əgər Ermənistan həqiqətən regionda sülh və sabitlik istəyirsə, ilk növbədə öz informasiya məkanında Azərbaycana qarşı düşmənçilik və revanşizm ritorikasının qarşısının alınmasına çalışmalıdır. Sülh yalnız dövlətlərarası sənədlərlə deyil, cəmiyyətlərin də yeni reallıqları qəbul etməsi ilə mümkün olur. Mövzu ilə bağlı Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir. Azərbaycanın suveren ərazisinə səfər edən xarici diplomatların fəaliyyətinin Ermənistan parlamentinin rəhbəri tərəfindən siyasi müzakirə predmetinə çevrilməsi Azərbaycanın daxili işlərinə müdaxilədir ki, bu da qəbuledilməzdir. Ermənistanın siyasi rəhbərliyində təmsil olunan şəxslər anlamalıdırlar ki, Azərbaycan ərazisində hansı tədbirlərin keçirilməsi, hansı xarici nümayəndələrin səfər etməsi və həmin səfərlərin hansı marşrut üzrə təşkil olunması Azərbaycanın suveren hüququdur.

Son hadisələr Ermənistanın sülh prosesində qarşılaşdığı əsas problemin yalnız siyasi sənədlərlə bağlı olmadığını göstərir. Əsas məsələ Ermənistan cəmiyyətində və siyasi mühitində yeni reallıqlara münasibətin necə formalaşmasıdır. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bununla da regionda əvvəlki “status-kvo”nun mövcudluğu üçün heç bir əsas qalmayıb. Ermənistan üçün də yeni reallıqla hesablaşmaqdan və Azərbaycanla münasibətləri sülh yolu ilə normallaşdırmaqdan başqa alternativ yoxdur. Azərbaycan uzun illər ərzində sülh və danışıqlar yolu ilə məsələnin həllinə çalışıb. Lakin Ermənistanın işğal siyasəti və uzun müddət davam edən “status-kvo” regionda sülhün qarşısındakı əsas maneələrdən biri olub. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra isə regional təhlükəsizlik arxitekturasında yeni mərhələ başlayıb.

Sülh prosesində qeyri-səmimilik təəssüratı yaradan hər bir addım isə region üçün risk yaradır. Xarici diplomatların Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərinə qarşı kampaniyalar aparılması, tarixi iddiaların yenidən gündəmə gətirilməsi və müharibə ritorikasının gücləndirilməsi belə riskləri artırır.

Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irslə bağlı həssaslıq nümayiş etdirdiyi halda, Qərbi Azərbaycan ərazisində Azərbaycan xalqının tarixi irsinə münasibətdə eyni həssaslığı göstərməməsi ciddi ziddiyyət təşkil edir. Azərbaycan xalqı əsrlər boyu Qərbi Azərbaycan ərazisinin müxtəlif bölgələrində yaşayıb, yaşayış məntəqələri salıb, məscidlər, qəbiristanlıqlar, körpülər, hamamlar, karvansaralar və digər mədəniyyət nümunələri yaradıb. Bu irsin əhəmiyyətli hissəsi zamanla dağıdılıb, dəyişdirilib və ya müxtəlif səbəblərlə öz tarixi kimliyindən uzaqlaşdırılıb. Qərbi Azərbaycan məsələsi yalnız ərazi və ya siyasi iddia məsələsi deyil. Burada söhbət ilk növbədə tarixi yaddaşdan, mədəni irsdən və insanların öz ata-baba yurdları ilə bağlı hüquqlarından gedir. Azərbaycan bu məsələyə sülh və beynəlxalq hüquq prinsipləri çərçivəsində yanaşır. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, Qərbi Azərbaycandan olan insanların öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı məsələsi sülh gündəliyinin humanitar istiqamətlərindən biri kimi nəzərdən keçirilməlidir. Bu baxımdan Ermənistanın öz ərazisində Azərbaycan irsinin mövcudluğu ilə bağlı obyektiv araşdırmalara imkan yaratması mühüm etimad tədbiri ola bilər.

Bir məsələni də qeyd edək ki, mədəni irsin qəsdən məhv edilməsi, dəyişdirilməsi və ya tarixi kimliyinin silinməsi yalnız milli məsələ deyil, beynəlxalq hüququn da diqqət mərkəzində olan problemdir. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması ilə bağlı mühüm beynəlxalq öhdəliklər müəyyən edir. UNESCO çərçivəsində formalaşmış prinsiplər də mədəni irsin siyasi və hərbi qarşıdurmaların qurbanına çevrilməməsini nəzərdə tutur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini və mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə təqdim etdiyi faktlar bu məsələnin nə qədər ciddi olduğunu göstərir. İşğal dövründə Azərbaycanın çoxsaylı mədəni və dini abidələri dağıdılıb, bir sıra abidələrin tarixi görünüşü dəyişdirilib, qəbiristanlıqlar və yaşayış məntəqələri vandalizmə məruz qalıb. Azərbaycan isə azad edilmiş ərazilərində mədəni irsin bərpasına genişmiqyaslı investisiyalar yönəldir. Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Füzulidə, Zəngilanda və digər ərazilərdə aparılan quruculuq işləri yalnız yeni infrastrukturun yaradılmasına deyil, tarixi-mədəni irsin bərpasına da istiqamətlənib.

Bu yanaşma göstərir ki, Azərbaycan tarixi irsi siyasi qarşıdurmanın alətinə çevirmək niyyətində deyil. Əksinə, dövlətimiz öz ərazisində mövcud olan müxtəlif tarixi-mədəni irs nümunələrinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına çalışır.

Bu gün Cənubi Qafqaz əvvəlki region deyil. 2020-ci ildən sonra, xüsusilə 2023-cü ilin sentyabr hadisələrindən sonra bölgədə siyasi, hərbi və geosiyasi reallıqlar köklü şəkildə dəyişib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Qarabağ Azərbaycan iqtisadi, hüquqi və sosial məkanına reinteqrasiya prosesinə daxil olub. Bu reallığı qəbul etmək regionda davamlı sülhün əsas şərtidir. Ermənistanın siyasi və ictimai dairələri də anlamalıdırlar ki, keçmişdə mövcud olmuş “status-kvo”nu bərpa etmək mümkün deyil. Beynəlxalq səviyyədə revanşist çağırışlar nə Ermənistanın, nə də bütövlükdə regionun maraqlarına cavab verir.

Azərbaycanın mövqeyi isə aydındır. Ölkəmiz regionda sülh, təhlükəsizlik, əməkdaşlıq və iqtisadi inkişafın təmin olunmasında maraqlıdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda yeni iqtisadi imkanların yaranmasına, nəqliyyat və kommunikasiya əlaqələrinin genişlənməsinə və xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yarada bilər. Lakin bunun üçün Ermənistan cəmiyyətində də köklü düşüncə dəyişikliyi baş verməlidir. Azərbaycanı düşmən obrazında təqdim edən köhnə stereotiplər aradan qaldırılmalı, tarixi məsələlər siyasi manipulyasiya vasitəsinə çevrilməməli, revanşist ritorikadan imtina edilməlidir.

Azərbaycan sülhə hazırdır. Azərbaycan regionda yeni müharibə deyil, davamlı sülh və əməkdaşlıq istəyir. Lakin davamlı sülh yalnız qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, tarixi həqiqətlərin obyektiv qəbul edilməsi və revanşist iddialardan imtina əsasında mümkündür. Ermənistan üçün də gələcəyə aparan yol məhz bu prinsiplərdən keçir. Keçmişin stereotiplərinə qayıtmaq, tarixi yenidən siyasiləşdirmək və revanşist qüvvələrin ritorikasına meydan vermək Ermənistanı inkişafdan və regional əməkdaşlıq imkanlarından uzaqlaşdıracaq. Əksinə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam qəbul etmək, sülh müqaviləsinin imzalanması istiqamətində real siyasi iradə nümayiş etdirmək və Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq Ermənistanın özü üçün də yeni imkanlar yarada bilər.

Son olaraq qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması regionda davamlı sülhə doğru atılmış mühüm tarixi addım oldu. Ermənistan hökumətinin sülh sazişini parafladığı bir şəraitdə ölkə daxilindəki revanşist qüvvələrin Azərbaycanla bağlı düşmənçilik ritorikasını davam etdirməsi göstərir ki, Ermənistan cəmiyyətində sülhə qarşı çıxan dairələr hələ də mövcuddur. Bu ziddiyyət bir daha göstərir ki, Ermənistan hakimiyyətinin sülh istiqamətində atdığı addımların cəmiyyət daxilində revanşist və radikal qüvvələrin təsirindən azad, ardıcıl və davamlı siyasi mövqeyə çevrilməsi regionda dayanıqlı sülhün əsas şərtlərindən biridir.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Digər xəbərlər