PDF Oxu

Siyasət

  • 618

"Azərbaycanın ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur..." - Pərvin Kərimzadə

image

“Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin işğaldan azad edimiş ərazilərimizə 22-ci dəfə səfəri gerçəkləşdirildi. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak etməsi diplomatların, onların təmsil etdiyi ölkələrin azad olunmuş ərazilərimizdəki yeniliklərə olan marağının ifadəsi də hesab oluna bilər”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar.Əgər diplomatlar ilk səfərlərində daha çox erməni vandalizminə dair faktlarla tanış olurdusa, hazırkı səfərdə daha çox quruculuq və bərpa işlərinə diqqət yetirilib. Bu amil xarici ölkələrin Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmaq imkanları da təqdim edir.
Millət vəkilinin sözlərinə görə, diplomatların Qarabağ və Şərqi Zəngəzura növbəti səfərinin Ermənistanda tənqid və təhqirlərlə qarşılanması qəbulolunmazdır: “İlk növbədə, diplomatlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərinə səfər edib. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Diplomatların səfəri də bu faktı bir daha təsdiqləyir. Əslində, ermənilər narahat olmalıdırlar ki, xarici diplomatlar onların 30 il işğal altında saxladığı torpaqlarımızda necə vandalizm törətdiklərinin şahidi olurlar.
Pərvin Kərimzadə qeyd edib ki, erməni tərəfi həmişə tarixi saxtalaşdırır və rasist yanaşmaortaya qoyur. Son günlər erməni mediasında diplomatların ziyarət etdiyi məbədlərin də guya ermənilərə məxsus olduğunu iddia edirlər. Amma necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir. Əslində, belə narrativ formalaşdırılır ki, guya Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır. “Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində isə Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Ermənistan həqiqətən də yalnız yalan üzərində təbliğat formalaşdırmağa çalışır. Lakin ermənilərdən fərqli olaraq Azərbaycanın ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur” – deyən deputat əlavə edib ki, erməni cəmiyyətinin daxilindəki revanşist qüvvələr yalnız müxalifəti təmsil etmir. Proseslər dəgöstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyəti dayanır. Belə ki, mətbuatda və sosial şəbəkələrdə bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda yayılıb. Digər tərəfdən, məsələ ilə bağlı parlamentin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir.
Millət vəkilinin fikrincə, bütün bunlar rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimi olduğunu nümayiş etdirir: “Əslində, 44 günlük müharibə başa çatandan sonra Ermənistan hakimiyyəti xarici havadarlarının dəstəyi ilə regionda gərginliyi saxlamağa çalışır və bu məqsədlə Qarabağ separatçılarını silahlandırırdı. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdı. Yəni Ermənistan məğlub olunaraq sülhə məcbur edilib.Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərlərindən sonra erməni cəmiyyətində yaranan aqressiya əslində, hakimiyyətin təşkil etdiyi plandır. Bu da, o deməkdir ki, rəsmi İrəvan məqsədli şəkildə sülh prosesinə zərbə vurmaq istəyir.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bu gün Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır: “Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənilərin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq birlik bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Xalqımızın zəngin irsinin min illərlə yaşadığı torpaqlardan silinməsi cəhdi qəbuledilməzdir”.

Digər xəbərlər