Azərbaycan bu gün beynəlxalq tədbirlərə tez-tez ev sahibliyi edən bir ölkədir. Bu xüsusiyyəti onu artıq dünyaya tanıdıb. Dünya mediası hər dəfə belə tədbirlər zamanı Azərbaycandan, onun çoxəsrlik tarixə, zəngin mədəniyyətə, coğrafiyaya malik olmasından bəhs etməklə ölkəmizin daha dərindən dünya ictimaiyyətinə tanıdılmasında böyük rol oynayır.
Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi də böyük coğrafiyaları, mədəniyyətləri bir araya gətirən belə tədbirlərdən biridir.
Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir
Dövlət başçısı çıxışı zamanı bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, eyni zamanda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini və çoxlu qonaqların bu konfransda iştirak etdiyini qeyd edərək bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası olduğunu vurğulayıb: Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır...Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir.
Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi
Dövlət başçısı tədbirlərdə bir çox ölkələrdən dini liderlərin və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlərin iştirakını vurğulayaraq bunun birliyin nümunəsi olduğunu bildirib. Və bildirib ki, təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir...Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.
Bizim Türk dünyası ilə sıx əlaqələrimiz var
Son illər dövlət başçısının türk dövlətlərinə səfərləri, Türk Dövlətləri Təşkilatı ilə keçirilən tədbirlər deməyə əsas verir ki, bəli, türk dünyası ilə Azərbaycanın sıx əlaqələri var və bu, hər il daha da güclənir. Bu fikirləri dövlətimizin başçısı tədbirdə söyləmiş və faktlarla əsaslandırmışdır. Türk dünyası ilə sıx əlaqələrimizin, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimizin olduğunu bildirən dövlət başçısı tədbir iştirakçılarına xitabən- təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır,-deyib və vurğulayıb ki, belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir.
Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.
Çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək
Dövlət başçısı bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələrin hamını narahat etdiyini də bildirib. Və qeyd edib ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək.
Təbii ki, bu həmrəyliyin gücləndirilməsində sıx əməkdaşlıq vacibdir. Bu fikrilər də dövlətimizin başçısının çıxışında yer almışdır: Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik.
Azərbaycan birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkədir
Həmrəyliyin, əməkdaşlığın yeni müstəvidə inkişafı üçün tədbirlər davam edir. Elə gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçiriləcəyi də bu fikirləri təsdiqləyir.
Dövlətimizin başçısı bu məsələyə də münasibət bildirib: Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik.
Dövlət başçısı tədbir iştirakçılarının Bakıda olmasının və bir yerdə tədbirlərdə iştirakının həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəyini vurğulayıb.
Mətanət Məmmədova