PDF Oxu

Siyasət

  • 1 002

Qarabağ və Şərqi Zəngəzur: quruculuğun və tarixi həqiqətin nümayiş etdirildiyi məkan - ŞƏRH

image

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, tarixi simasının bərpası və həmin torpaqlarda dayanıqlı həyatın təmin edilməsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzur yalnız hərbi Zəfərin deyil, həm də böyük quruculuq iradəsinin, dövlət siyasətinin və milli qayıdışın təcəssümünə çevrilib.
Təxminən üç onillik işğal dövründə bu ərazilərdə şəhər və kəndlər dağıdılıb, sosial və iqtisadi infrastruktur sıradan çıxarılıb, tarixi-mədəni irs nümunələrinə ciddi ziyan vurulub. İşğaldan azad olunmuş ərazilərdə üzə çıxan mənzərə dağıntıların miqyasını və uzun illər ərzində həyata keçirilmiş sistemli dağıdıcı siyasətin nəticələrini göstərirdi. Buna görə də Azərbaycanın qarşısında duran vəzifə yalnız dağıdılmış yaşayış məntəqələrini bərpa etməkdən ibarət deyil. Məqsəd Qarabağ və Şərqi Zəngəzuru müasir, təhlükəsiz, dayanıqlı və insanların rahat yaşaya biləcəyi regiona çevirməkdir.
Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr artıq ərazilərin yeni simasını formalaşdırır. Şəhər və kəndlərin yenidən salınması, yolların və kommunikasiyaların qurulması, sosial obyektlərin istifadəyə verilməsi, enerji və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması vahid və uzunmüddətli dövlət siyasətinin tərkib hissəsidir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin mühüm xüsusiyyətlərindən biri də bu prosesin beynəlxalq ictimaiyyətə açıq şəkildə təqdim edilməsidir. Azərbaycan müxtəlif ölkələrin diplomatlarını, beynəlxalq təşkilatların nümayəndələrini və xarici qonaqları azad edilmiş ərazilərə dəvət etməklə burada gedən prosesləri birbaşa müşahidə etmək imkanı yaradır. Belə səfərlər həm görülən işlərin miqyasını nümayiş etdirir, həm də uzun illər ərzində formalaşdırılmış yanlış təsəvvürlərin faktlarla aradan qaldırılmasına xidmət edir.
2026-cı il sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri keçirilib. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edib. Bu, diplomatik korpus nümayəndələrinin 2020-ci ildən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəri olub.
Səfər çərçivəsində diplomatlar Xankəndi və Şuşa şəhərlərində, eləcə də Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və inkişaf layihələri ilə tanış olublar. Onlara sosial və iqtisadi infrastrukturun yaradılması, yeni yaşayış məntəqələrinin formalaşdırılması, tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən işlər barədə məlumat verilib.
Səfərin ilk günündə Xankəndi Dəmiryol və Avtovağzal Kompleksi, Zəfər Parkı, Qarabağ Universiteti və digər obyektlərlə tanışlıq keçirilib, daha sonra Şuşanın tarixi və mədəni məkanlarına baxış olub. İkinci gün isə diplomatlar Ağdərə və Kəlbəcər rayonlarında müxtəlif layihələrlə tanış olub, Gəncəsər və Xudavəng monastır komplekslərinə baş çəkiblər.
Bu səfərin əhəmiyyəti yalnız diplomatik protokol çərçivəsində baş tutan tədbirlə məhdudlaşmır. Əksinə, müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən şəxslərin Qarabağ və Şərqi Zəngəzurda real vəziyyəti yerində görməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Maraqlıdır ki, Azərbaycanın azad edilmiş ərazilərində aparılan quruculuq prosesinin beynəlxalq nümayəndələrə nümayiş etdirilməsi Ermənistanın bəzi media və sosial şəbəkə resurslarında narazılıqla qarşılanıb. Diplomatik nümayəndələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə səfər etməsi ilə bağlı əsassız ittihamların səsləndirilməsi isə regionda baş verən proseslərə birtərəfli yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər.
Burada fundamental məsələ beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyünə hörmət məsələsidir. Diplomatların Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirilən rəsmi tədbirdir.
Əslində, bu səfərlərdən narahatlıq keçirmək əvəzinə, diqqət 30 illik işğal dövründə həmin ərazilərdə yaranmış dağıntıların səbəblərinə yönəldilməlidir. Xarici diplomatlar bu gün Qarabağ və Şərqi Zəngəzurda yalnız yeni tikilən yolları, məktəbləri, yaşayış komplekslərini, inzibati binaları və digər infrastruktur layihələrini görmürlər. Onlar eyni zamanda işğalın yaratdığı dağıntıların izləri ilə də tanış olurlar.
Azərbaycanın təşkil etdiyi səfərlərin mühüm tərəfi də məhz bundan ibarətdir: beynəlxalq nümayəndələr məlumatları yalnız müxtəlif informasiya mənbələrindən deyil, birbaşa yerində müşahidə etmək imkanı əldə edirlər.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesinin digər mühüm istiqaməti tarixi və mədəni irsin qorunmasıdır. İşğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin vəziyyəti, onların mühafizəsi və bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
Səfər zamanı diplomatların Gəncəsər və Xudavəng monastır komplekslərinə baş çəkməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan tərəfinin mövqeyinə görə, bu abidələr qədim Qafqaz Albaniyası irsinin tərkib hissəsidir.
Tarixi irsin siyasi məqsədlər üçün mənimsənilməsi və ya tarixə yalnız bir etnik qrupun prizmasından yanaşılması regionun mürəkkəb və çoxqatlı tarixinin obyektiv öyrənilməsinə mane olur. Tarixi abidələrə münasibətdə əsas prinsip onların elmi əsaslarla araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılması olmalıdır.
Bu baxımdan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni irsin bərpasına yanaşması xüsusi diqqət çəkir. Dövlət yalnız öz tarixi-mədəni irsinin qorunmasını deyil, həmin ərazilərdə mövcud olmuş müxtəlif tarixi-mədəni nümunələrin mühafizəsini də həyata keçirdiyini bildirir.
Mədəni irsin silahlı münaqişələr zamanı qorunması beynəlxalq hüququn ayrıca istiqamətidir. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üçün beynəlxalq hüquqi çərçivə müəyyənləşdirir və Azərbaycan da bu Konvensiyanın tərəfidir.
Bu səbəbdən tarixi-mədəni irslə bağlı mübahisələr siyasi manipulyasiyalara deyil, beynəlxalq hüquqa, elmi araşdırmalara və obyektiv tarixi faktlara əsaslanmalıdır.
Ermənistanın informasiya məkanında Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı müxtəlif iddiaların irəli sürülməsi də uzun müddətdir davam edən informasiya qarşıdurmasının tərkib hissəsi kimi təqdim olunur. Xüsusilə Azərbaycan ərazisindəki qədim abidələrin yalnız bir etnosun irsi kimi təqdim edilməsi cəhdləri tarixə birtərəfli yanaşma məsələsini gündəmə gətirir.
Eyni zamanda, Azərbaycanın indiki Ermənistan ərazisində mövcud olmuş tarixi-mədəni irsi ilə bağlı məsələlər də diqqətdən kənarda qala bilməz. Azərbaycan tərəfi dəfələrlə Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus tarixi yaşayış məntəqələrinin, məscidlərin, qəbiristanlıqların və digər mədəni irs nümunələrinin taleyi ilə bağlı narahatlığını ifadə edib.
Tarixi irsin qorunması yalnız müəyyən bir xalqın deyil, bütövlükdə bəşəriyyətin məsuliyyətidir. UNESCO-nun da vurğuladığı kimi, mədəni irs silahlı münaqişələr zamanı qorunmalı, dağıntıdan, talandan və məqsədyönlü məhv edilmədən mühafizə olunmalıdır.
Bu baxımdan beynəlxalq ictimaiyyətin əsas vəzifəsi tarixi irsin siyasi qarşıdurma vasitəsinə çevrilməsinə yol verməmək, mədəni abidələrin qorunmasını universal prinsiplər əsasında təmin etməkdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın gələcəyə baxışını əks etdirir. Dağıdılmış ərazilərin yenidən qurulması, yeni infrastrukturun yaradılması, insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi və regionun iqtisadi potensialının üzə çıxarılması uzunmüddətli dövlət strategiyasının əsas istiqamətlərindəndir.
Bu prosesin miqyası beynəlxalq nümayəndələrin səfərləri zamanı daha aydın görünür. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərlə yerində tanış olması Azərbaycanın həyata keçirdiyi bərpa prosesinin beynəlxalq səviyyədə müşahidə edildiyini göstərir.
Qarabağda bu gün müşahidə olunan mənzərə işğaldan sonrakı bərpanın sadəcə fiziki tikinti prosesi olmadığını göstərir. Burada yeni şəhər mühiti yaradılır, müasir nəqliyyat infrastrukturu qurulur, təhsil və sosial obyektlər istifadəyə verilir, iqtisadi fəaliyyət üçün imkanlar formalaşdırılır. Eyni zamanda, tarixi yaddaşın qorunması və mədəni irsin bərpası da bu prosesin mühüm hissəsini təşkil edir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan üçün Qarabağ və Şərqi Zəngəzur məsələsi artıq yalnız keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması deyil, həm də yeni inkişaf mərhələsinin qurulması məsələsidir.
Azərbaycan regionda davamlı sülhün və əməkdaşlığın təmin olunmasını strateji məsələ kimi təqdim edir. Bununla yanaşı, sülh prosesinin davamlı olması üçün qarşılıqlı etimadın, dövlətlərin ərazi bütövlüyünə hörmətin və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipinin qorunması vacibdir.
Keçmiş münaqişənin yaratdığı ağır nəticələrin aradan qaldırılması üçün yalnız siyasi sənədlərin qəbul edilməsi kifayət deyil. Regionda uzunmüddətli sabitliyin formalaşması üçün tarixi həqiqətlərə hörmət, mədəni irsin qorunması, iqtisadi əlaqələrin inkişafı və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı layihələr bu baxımdan regional gələcəyə yönəlmiş praktiki addımlar kimi qiymətləndirilə bilər.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda gedən proses Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu əsas məqsədlərdən birinin – işğaldan azad edilmiş ərazilərin bərpası və dirçəldilməsi məqsədinin ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Diplomatik korpus nümayəndələrinin bu ərazilərə mütəmadi səfərləri isə burada görülən işlərin beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə olunmasına imkan yaradır. Sentyabrın 11–12-də keçirilən növbəti səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndənin iştirakı bu prosesin geniş beynəlxalq maraq doğurduğunu göstərən faktlardan biridir.
Ən əsası isə budur ki, Qarabağ və Şərqi Zəngəzur bu gün dağıntıların deyil, quruculuğun ünvanına çevrilir. Bir zamanlar viran qoyulmuş şəhər və kəndlərdə yeni həyat qurulur, insanlar doğma yurdlarına qayıdır, müasir infrastruktur yaradılır, tarixi-mədəni irs bərpa edilir.
Bu mənzərə Azərbaycanın Zəfərdən sonrakı mərhələdə müəyyən etdiyi əsas prioritetin – sülh, quruculuq, inkişaf və milli irsin qorunması xəttinin praktik ifadəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri yalnız bu günün deyil, gələcək nəsillərin də taleyinə hesablanmış böyük dövlət layihəsidir.

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər