PDF Oxu

Siyasət

  • 835

Tarixi ədalətin və əbədi bütövlüyün təntənəsi - ŞƏRH

image

Müstəqil dövlətə sahib olmaq, öz torpaqlarında azad, suveren yaşamaq və öz gələcəyini müstəqil müəyyən etmək bir millətin nail ola biləcəyi ən zirvə nöqtədir. Azərbaycan xalqı əsrlər boyu bu böyük amalla yaşamış, tarixin müxtəlif dönəmlərində üzləşdiyi ağır sınaqlara, fəlakətlərə, torpaq itkilərinə və siyasi məhrumiyyətlərə baxmayaraq, dövlətçilik ruhunu, müstəqillik əzmini heç vaxt itirməmişdir. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 Sentyabrın – Dövlət Suverenliyi Günü elan edilməsi xalqımızın çoxəsrlik mübarizə tarixinin məntiqi və şanlı yekunudur. Bu gün yalnız hərbi-siyasi Zəfər günü deyil, həm də ölkəmizin beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tam bərpa olunduğu, dövlət hakimiyyətinin şəksiz üstünlüyünün bərqərar edildiyi tarixi mərhələdir.

2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində otuz ilə yaxın davam edən işğala son qoydu. Ermənistanın hərbi müqaviməti qırıldı, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və digər ərazilərimiz yağı tapdağından azad edildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistan kapitulasiya aktına imza atmağa məcbur oldu və Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. Lakin Böyük Zəfərdən sonra da regionda tam sülhün və təhlükəsizliyin bərqərar olunmasına mane olan ciddi faktorlar qalırdı. Üçtərəfli Bəyanatın öhdəliklərinə zidd olaraq, Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı birləşmələri mövcudluğunu sürdürür, yeni mühəndis-istehkam xətləri qurur, əraziləri minalayır və Azərbaycan Ordusunun mövqelərini vaxtaşırı atəşə tuturdular. Mülki şəxslərimizin və hərbi qulluqçularımızın mina terroru nəticəsində həlak olması məsələnin köklü şəkildə həllini mütləq edirdi. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda yerləşdirilmiş minaların partlaması nəticəsində mülki şəxslər və daxili işlər orqanlarının əməkdaşları şəhid oldu. Azərbaycan Ordusu Konstitusiya quruluşunun bərpa edilməsi, qanunsuz silahlı birləşmələrin tərk-silah olunaraq ərazimizdən çıxarılması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə lokal xarakterli antiterror tədbirlərinə başladı.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı dünya hərb tarixinə ən yüksək dəqiqliklə və peşəkarlıqla icra olunan hərbi əməliyyatlardan biri kimi düşdü. Əməliyyat zamanı mülki əhali və mülki infrastruktura heç bir zərər vurulmadı; yalnız qanunsuz hərbi birləşmələr, onların sığınacaqları, döyüş vasitələri və hərbi texnikaları yüksək dəqiqlikli silahlarla sıradan çıxarıldı. Cəmi 24 saat davam edən bu sürətli və qətiyyətli əməliyyat qarşısında aciz qalan separatçı rejim tam təslim olmaqdan başqa yol tapmadı. Sentyabrın 20-də saat 13:00-da antiterror tədbirlərinin dayandırılması haqqında razılıq əldə olundu. 30 ildən artıq davam edən separatizmə, qanunsuzluğa və işğal faktına vurulan son və həlledici zərbə idi. Azərbaycanın suverenliyi özünün beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində – Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə tam bərpa olundu. Suverenliyin tam təmin olunması ölkəmiz üçün yeni bir inkişaf erasının qapılarını açdı. İndi azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam edir. "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına – Laçına, Füzuliyə, Şuşaya, Xocalıya, Cəbrayıla və kəndlərimizə qayıdır, o torpaqlara yenidən həyat bəxş edirlər. Suverenliyimizin bərpası bu ərazilərin yenidən ölkənin iqtisadi, mədəni və sosial həyatına inteqrasiya olunmasını təmin etmişdir. Dövlət suverenliyi – yalnız hərbi və ya siyasi anlayış deyil, hər bir azərbaycanlının milli qüruru, təhlükəsizliyi və gələcəyinin təminatıdır. Bu gün Azərbaycan dünyada öz şərtlərini diktə edən, müstəqil xarici siyasət yürüdən, ərazisində heç bir qanunsuz hərbi və ya siyasi qüvvənin mövcudluğuna yol verməyən qüdrətli bir dövlətdir. Bu tarixi nailiyyət bizə asan başa gəlməyib. Suverenliyimiz, ərazi bütövlüyümüz qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı hesabına əldə edilmişdir. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, bu suverenliyi qorumaq və onu daha da möhkəmləndirmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
20 Sentyabr – Dövlət Suverenliyi Günü bütöv, güclü və yenilməz Azərbaycanın bayramıdır. Bu gün bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyi və suverenliyi əbədidir, dönməzdir!

Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri

Digər xəbərlər