PDF Oxu

Siyasət

  • 18

Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı qəbul olunacaq

Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı qəbul olunacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdu.
Martın 31-də Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində görülən işlərlə tanış olarkən sakinlər Bülbülə kəndindən Heydər Əliyev prospektinə çıxmaq üçün yeni yolun salınmasını dövlətimizin başçısından xahiş etmişdilər. Prezident İlham Əliyev həmin yolun salınması ilə bağlı yerində tapşırıqlar vermişdi. Dövlət başçısının tapşırıqları qısa vaxt ərzində yerinə yetirilmişdir.
Aprelin 11-də Bülbülə kəndini Heydər Əliyev prospekti ilə birləşdirən yeni əlavə yol istifadəyə verildi. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Yolun 4950 kvadratmetrlik hissəsində asfalt işlərinin aparıldığı, piyadaların rahat hərəkəti üçün qranitdən 110 metrlik uzunluğunda xüsusi səkilərin düzəldildiyi qeyd olundu. Girişli-çıxışlı yolun kənarlarındakı 2000 kvadratmetr ərazidə yaşıllıq zolaqları salınmış, 200-dən yuxarı müxtəlif ağac və gül kolları əkilmişdir. Yolda müasir işıqlandırma sistemi də quraşdırılmışdır. Bütövlükdə Suraxanı rayonunun ayrı-ayrı kənd və qəsəbələrinin məhəllədaxili yolların 36,5 min kvadratmetrlik hissəsinə yeni asfalt döşənib. Yolların 17 min kvadratmetrlik hissəsində asfalt döşəmək üçün hazırlıq işləri görülüb, əlavə olaraq 35 min kvadratmetrlik hissəsinə yeni asfalt örtüyünün döşənəcəyi nəzərdə tutulub.
Həyata keçirilən tədbirlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
X X X

Bülbülə qəsəbəsində yeni yol istifadəyə verildikdən sonra Prezident İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gəldi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Biləcəri qəsəbəsinin sxemi əsasında qəsəbədə asfalt örtüyü vurulmasına ehtiyac olan məhəllədaxili küçələr barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, 60 min nəfər sakini olan Biləcəri qəsəbəsində uzunluğu 25,3 kilometr, sahəsi 159,3 min kvadratmetr olan məhəllədaxili yolların əsaslı şəkildə təmir olunması nəzərdə tutulur. Hazırda qəsəbədaxili yolların 10 min 500 kvadratmetr hissəsinə yeni asfalt döşənib. Altı min kvadratmetr hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatıb. Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşdü. Biləcəri qəsəbəsində su, kanalizasiya, enerji və qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirən sakinlər görülən işlərlə bağlı Prezidentə minnətdarlıq etdilər. Sakinlər dövlətimizin başçısından qəsəbədə yeni məktəb binasının inşa olunmasını və əhalinin istirahəti üçün lazımi şəraitin olmadığı Dəmiryolçular parkında yenidənqurma işlərinin aparılmasını xahiş etdilər.
Prezident İlham Əliyev onları diqqətlə dinləyərək görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini açıqladı:
"Bütün qəsəbələrdə işlər gedir. Bu yaxınlarda Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramı qəbul olunacaqdır. Proqramda hər bir qəsəbəyə aid xüsusi məsələlərin həlli də nəzərdə tutulub. Ona görə mən indi bütün qəsəbələri gəzirəm, insanlarla görüşürəm ki, hansı məsələlərin sizi narahat etdiyini sizdən eşidim, nəyi əlavə etməliyik? Hansı məsələlər birinci dərəcəli məsələlərdir ki, biz bütün işləri lazımi səviyyədə görək. Biz indi qəsəbələrdə yolların çəkilişi ilə ciddi məşğuluq. Biləcəri qəsəbəsində də bu proses başlamışdır. Burada yolların əksər hissəsi torpaq yollardır. Qış aylarında yollardan keçmək o qədər də asan deyildir. Ona görə də yolların çəkilişi birinci dərəcəli məsələdir. Digər bütün məsələlər də öz həllini tapmalıdır. Biləcəri qəsəbəsi böyük qəsəbədir. Burada əhalinin sayı da kifayət qədər çoxdur. Böyük maliyyə resursları tələb edən proqramdır. Ancaq biz bunu etməliyik. İndi regionlarda, demək olar ki, bütün rayonlarda quruculuq işləri gedir. Hər bir rayonda məktəb, xəstəxana tikilir, qaz xətləri, su xətləri çəkilir. Eyni zamanda, Bakı qəsəbələrində də bu işlər yüksək səviyyədə görülməlidir. Bakıda 40-dan yuxarı qəsəbə vardır. Bu qəsəbələrdə səkkiz yüz mindən artıq əhali yaşayır. Bu insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti nə lazımdırsa, onu edəcəkdir. Sosial infrastrukturun yaradılması, yollar, qaz, işıq, kanalizasiya məsələləri həll ediləcəkdir."
Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkına gəldi və buradakı vəziyyətlə yerində tanış oldu. Böyük bir ərazini əhatə edən park vaxtilə qəsəbə sakinlərinin ən çox istirahət etdiyi guşələrdən biri olub.
Parkdakı mövcud vəziyyətlə tanış olan dövlətimizin başçısı sakinlərin istirahəti üçün burada tələb olunan müasir infrastrukturun yaradılması, bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müvafiq göstərişlərini verdi.
X X X

Sonra Prezident İlham Əliyev Binəqədi rayonunun Sulutəpə yaşayış sahəsinə gəldi. Bu qəsəbədə də məhəllədaxili yolların əsaslı şəkildə təmirinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məlumat verdi. Sulutəpə qəsəbəsində məhəllədaxili yolların 5600 kvadratmetrinə asfalt örtüyü döşənilib, yolların 7 min kvadratmetrlik hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatdırılıb.
Qəsəbədə su və kanalizasiya məsələlərinin həll ediləcəyi, məhəllədaxili küçələrdə müasir işıqlandırma sisteminin qurulacağı bildirildi.
Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü. Sulutəpə qəsəbəsinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıq edən sakinlər qəsəbədə fəaliyyət göstərən orta məktəb binasının əlavə korpusa ehtiyac olduğunu dedilər və yeni korpusun inşa edilməsini dövlət başçısından xahiş etdilər. Prezident İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verdi.

Digər xəbərlər