PDF Oxu

Siyasət

  • 341

Mənəvi birlikdən sülh körpüsünə: Azərbaycanın dini diplomatiya missiyası

image

Müasir dünyanın mürəkkəb geosiyasi proseslər, münaqişələr, qarşıdurmalar və mənəvi parçalanmalarla üz-üzə qaldığı bir vaxtda xalqları birləşdirən dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Belə bir şəraitdə din xadimlərinin sülh, həmrəylik, qarşılıqlı hörmət və humanizm çağırışları cəmiyyətlərin mənəvi dayaqlarının möhkəmləndirilməsinə mühüm töhfə verir. Sentyabrın 15-də Bakıda keçirilən görüş də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi Azərbaycanın Türk dünyası və Qafqazın dini-mənəvi həyatında artan rolunun göstəricisi kimi diqqəti cəlb edir.

Görüşün coğrafiyası özü mühüm mesaj verir. Burada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dini rəhbərləri ilə yanaşı, Qafqazın müxtəlif bölgələrindən, Suriyadan və digər müsəlman ölkələrindən olan nümayəndələr iştirak edirdilər. Belə geniş tərkib Azərbaycanı yalnız regional deyil, daha geniş mənada müxtəlif dini və mədəni məkanları bir araya gətirən platformalardan biri kimi təqdim edir.
Ölkə Prezidenti İlham Əliyevin çıxışında Azərbaycanın tarixi-coğrafi mövqeyinə xüsusi diqqət yetirməsi təsadüfi deyildi. Dövlət başçısı Azərbaycanın həm Türk dünyasının bir parçası, həm də Qafqaz ölkəsi olduğunu vurğulayaraq bu iki coğrafiyanın tarixən bir-biri ilə sıx bağlı olduğunu qeyd etdi.
Qədim Qafqaz Albaniyasının və Atabəylər dövlətinin Azərbaycan əraziləri ilə bağlı tarixi faktlarını xatırladan Prezident İlham Əliyev əslində Azərbaycanın regionlararası əlaqələrdəki mövqeyinin tarixi əsaslarına diqqət çəkdi. Qəbələ və Naxçıvan kimi şəhərlərin qədim dövlətlərin siyasi mərkəzləri olması Azərbaycan torpaqlarının tarix boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və siyasi proseslərin kəsişməsində yerləşdiyini göstərən mühüm nümunələrdir. Bu baxımdan Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında mənəvi və mədəni körpü rolunu oynaması həm tarixi, həm də müasir reallıqlarla uzlaşır.
Belə görüşlərin keçirilməsi dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirir və dünyaya mühüm mesajlar verir. Bu mesajın mahiyyəti isə olduqca aydındır: müxtəlif xalqlar və dini icmalar qarşıdurma deyil, dialoq və əməkdaşlıq yolu ilə ümumi dəyərlər ətrafında birləşə bilərlər.
Ölkə Prezidenti İlham Əliyevin çıxışında mühüm məqamlardan biri də dini liderlərin cəmiyyətdəki mənəvi məsuliyyəti ilə bağlı fikirlər idi. Dövlət başçısı vurğulayıb ki, müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün böyük əhəmiyyət daşıyır. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa istiqamətləndikdə isə bunun yaşadığımız bölgələrdə sülh və sabitliyin möhkəmlənməsinə müsbət təsiri ola bilər. Bu yanaşma dinin cəmiyyət həyatındakı mühüm missiyasını ifadə edir. Din insanları ayıran deyil, mənəvi dəyərlər ətrafında birləşdirən amil kimi çıxış etdikdə onun ictimai rolu daha da güclənir. Bu baxımdan dini liderlərin bir araya gəlməsi sadəcə dini tədbir çərçivəsində qiymətləndirilə bilməz. Burada söhbət həm də xalqlar arasında qarşılıqlı anlaşmanın, humanist dəyərlərin və sülh mədəniyyətinin təşviqindən gedir.
Bakıda keçirilən beynəlxalq tədbirlərin mühüm istiqamətlərindən biri böyük Azərbaycan mütəfəkkiri və sufi filosofu Seyid Yəhya Bakuvi Şirvaninin irsinə həsr olunmuş konfrans idi. Seyid Yəhya Bakuvi yalnız Azərbaycan tarixinin deyil, bütövlükdə İslam dünyasının mühüm mənəvi-intellektual irsinin nümayəndələrindən biri kimi təqdim olunur. Onun irsinin müasir dövrdə yenidən araşdırılması təsadüfi deyil. Çünki bu gün dünyada dini və mədəni qarşıdurmaların qarşısının alınması üçün tarix boyu formalaşmış sülh və mənəvi həmrəylik ənənələrinin öyrənilməsinə ehtiyac var. Görüşdə səslənən fikirlərdə də bu məqam xüsusi vurğulandı. Seyid Yəhya Bakuvinin irsinin mötədillik, mehriban qonşuluq, insan ləyaqəti, xalqların və dövlətlərin təhlükəsizliyinə hörmət kimi dəyərlərlə əlaqələndirilməsi onun fəlsəfi irsinin müasir dövr üçün də aktual olduğunu göstərir.
Görüşdə Ağdam məscidinin də xüsusi qeyd olunması diqqət çəkən məqamlardan biri idi. Ağdam məscidi Azərbaycan xalqının yaxın tarixində baş verən faciələrin və müharibənin acı nəticələrinin şahidi olmuş tarixi-mədəni abidələrdəndir. Görüş iştirakçılarının konfransın davamını Ağdam məscidində keçirmək təşəbbüsü bu məkanın simvolik əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyev də məscidin tarixində Azərbaycan xalqının ağır günlərinin izlərinin olduğunu vurğuladı.
Diqqət çəkən əsas məqam müharibə yaddaşı ilə sülh çağırışının eyni məkanda birləşməsidir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı “Siz müharibədə Sərkərdə olduğunuz kimi, sülhdə də Sərkərdəsiniz” fikri görüşün ən yaddaqalan mesajlarından birinə çevrildi. Bu ifadə Azərbaycanın keçdiyi müharibə yolundan sonra qarşısına qoyduğu sülh gündəliyinin mənəvi tərəfini də ifadə edir. Müharibənin ağır izlərini yaşamış bir cəmiyyət üçün sülh yalnız siyasi anlayış deyil, həm də böyük mənəvi dəyərdir.
Azərbaycanın dini-mədəni həyatının əsas xüsusiyyətlərindən biri müxtəlif dini icmaların uzun müddət ərzində birgəyaşayış ənənələrinin formalaşmasıdır. Bu model son illərdə ölkənin beynəlxalq təqdimatında da mühüm yer tutur.
Bakıda keçirilən belə tədbirlər Azərbaycanın özünü müxtəlif dini və mədəni ənənələrin dialoq məkanı kimi təqdim etməsinə imkan verir. TDT-nin dini liderlərinin toplantısının, Seyid Yəhya Bakuvi irsinə həsr olunan beynəlxalq konfransın və Qafqaz xalqlarının dini nümayəndələrinin görüşünün eyni vaxtda Bakıda keçirilməsi də bu baxımdan diqqətəlayiqdir.
Bugünkü dünyada siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, mənəvi birlik də mühüm əhəmiyyət daşıyır. Dövlətlər arasında münasibətlərin davamlı olması üçün xalqların bir-birini daha yaxşı anlaması, ortaq tarix və dəyərlərin öyrənilməsi vacib şərtlərdən biridir.
Türk Dövlətləri Təşkilatının dini rəhbərlərinin Bakıda toplantısının əsas ideyası bir cümlə ilə ifadə oluna bilər: mənəvi birlik sülhə xidmət etməlidir. Bu prosesdə Azərbaycanın ev sahibi kimi çıxış etməsi ölkənin dini diplomatiya, mədəni dialoq və humanitar əməkdaşlıq sahələrində fəallığının daha bir nümunəsidir.

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər