PDF Oxu

Siyasət

  • 990

Dövlət suverenliyi: xalq-Lider birliyinin təntənəsi və milli gücün ifadəsi

image

Azərbaycan xalqının dövlətçilik düşüncəsi çoxəsrlik tarixə malikdir. Müxtəlif tarixi mərhələlərdə dövlətçilik ənənələrimizin qorunması milli kimliyimizin əsas dayaqlarından biri olub. Dövlət müstəqilliyinin bərpası isə bu ənənələrin müasir dövrdə davam etdirilməsi üçün geniş imkanlar yaradıb. Lakin müstəqilliyin ilk illərində Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması Azərbaycan dövlətçiliyinin qarşısında ağır sınaq yaradıb.

İşğal illərində Azərbaycanın ərazi bütövlüyü pozulmuş, 1 milyondan çox insan öz doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi və mədəni irsimizə ciddi ziyan vurulmuşdu. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin tam şəkildə həyata keçirilməsi mümkün deyildi. Buna görə də ərazi bütövlüyünün bərpası Azərbaycanın dövlət suverenliyinin təmin olunması baxımından da fundamental məqsəd idi.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanın iqtisadi imkanlarının artması, ordunun modernləşdirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi ərazi bütövlüyünün bərpası üçün zəruri şərait yaratdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi bu hazırlığın nəticəsini ortaya qoydu. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu tarixi Zəfər qazandı. İşğal altında olan ərazilərin böyük hissəsi azad edildi, Şuşanın azad olunması ilə müharibənin taleyi Azərbaycanın xeyrinə dəyişdi. Ermənistanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxması ilə işğal faktının aradan qaldırılması istiqamətində həlledici nəticələr əldə edildi. Lakin Azərbaycanın qarşısında daha bir mühüm vəzifə qalırdı. Qarabağda qanunsuz separatçı rejimin mövcudluğu dövlətimizin öz ərazisi üzərində tam hakimiyyətinin həyata keçirilməsinə imkan vermirdi. Azərbaycan dövlətinin mövqeyi bundan ibarət idi ki, ölkənin suveren ərazisində paralel idarəçilik və qanunsuz silahlı qüvvələrin mövcudluğu qəbul edilə bilməz.
2023-cü il ərzində bu istiqamətdə mühüm addımlar atıldı. Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə nəzarətin təmin edilməsi dövlətin öz sərhədləri üzərində nəzarət imkanlarını daha da möhkəmləndirdi. Həmin il sentyabrın 19-20-də isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Əməliyyatın sentyabrın 20-də başa çatması ilə Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və qanunun aliliyinin təmin edilməsi üçün tarixi şərait yarandı. Prezidentin Sərəncamında da məhz bu hadisə Azərbaycanın dövlət suverenliyinin bərpasının əsası kimi göstərilir.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi müəyyənləşdirilib. Bu tarix gələcək nəsillərə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin hansı mürəkkəb mübarizənin nəticəsində bərpa edildiyini xatırladacaq. Ancaq tarixi Qələbənin əsl dəyəri yalnız onun əldə edilməsi ilə deyil, nəticələrinin necə qorunması və gələcəyə necə yönəldilməsi ilə müəyyənləşir. Bu baxımdan dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında tamamilə yeni gündəm yaradıb. Artıq əsas məsələlərdən biri Zəfərin nəticələrini davamlı inkişafla möhkəmləndirməkdir.
Bu prosesin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın yeni inkişaf mərhələsinin real mənzərəsini formalaşdırır. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi, sosial obyektlərin istifadəyə verilməsi və iqtisadi fəaliyyətin bərpası dövlət suverenliyinin insan həyatında konkret nəticələr yaratdığını göstərir. Böyük Qayıdış bu prosesin ən mühüm istiqamətlərindən biridir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması Azərbaycan tarixinin ən böyük sosial hadisələrindən biri kimi qiymətləndirilə bilər. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulması ərazi bütövlüyünün bərpasını real və davamlı nəticəyə çevirir.
Bu gün Qarabağda yaradılan yeni yaşayış məntəqələri, yollar, məktəblər, səhiyyə müəssisələri, istehsal və xidmət obyektləri bir həqiqəti nümayiş etdirir: Azərbaycan öz ərazisində yalnız dövlət hakimiyyətini bərpa etməyib, həmin ərazilərin gələcək inkişafını da özü müəyyən edir. Bu faktorlar suverenliyin ən mühüm siyasi nəticələrindən biridir. Suverenliyin bərpası həm də Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Çünki dövlətin gücü yalnız siyasi və hərbi imkanlarla ölçülmür. Dövlətin gücünü formalaşdıran amillər sırasında vətəndaş həmrəyliyi, milli birlik, dövlətçilik dəyərlərinə bağlılıq və gələcəyə inam xüsusi yer tutur.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu baxımdan mühüm siyasi məna daşıyır. Həmin il üçün təsdiq edilmiş Tədbirlər Planında Dövlət Suverenliyi Gününün geniş qeyd olunması, Konstitusiyanın qəbulunun 30 illiyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Bu yanaşma Konstitusiya ilə suverenliyin dövlətçiliyin bir-birini tamamlayan əsasları olduğunu nümayiş etdirir.
Bu gün Azərbaycanın qarşısında artıq yeni məqsədlər dayanır. Dövlət suverenliyinin qorunması ilə yanaşı, iqtisadi gücün artırılması, sosial rifahın yüksəldilməsi, insan kapitalının inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq mövqelərin daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır. Başqa sözlə, 20 Sentyabr bir mübarizənin sonu olduğu qədər, yeni inkişaf mərhələsinin başlanğıcıdır. Əgər əvvəlki dövrdə əsas məqsəd işğalın aradan qaldırılması və ərazi bütövlüyünün bərpası idisə, hazırkı mərhələdə əsas vəzifə tam suverenliyin yaratdığı imkanlardan ölkənin daha sürətli inkişafı naminə istifadə etməkdir.
Dövlət Suverenliyi Günü xalqımızın əldə etdiyi tarixi Zəfəri, şəhidlərimizin fədakarlığını və dövlətimizin gücünü özündə birləşdirən əlamətdar tarixdir. Bu tarixdən çıxan ən mühüm nəticə isə birdir: öz taleyinin sahibi olan Azərbaycan xalqı artıq tam suveren dövlət kimi gələcəyini özü müəyyən edir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Digər xəbərlər