PDF Oxu

Siyasət

  • 400

Azərbaycanın dirçəliş dastanı: Qarabağ və Şərqi Zəngəzura qayıdan həyat - ŞƏRH

image

​Tarixin axarını dəyişən böyük zəfərlər yalnız hərbi və siyasi uğurlarla bitmir. Həqiqi qələbə işğaldan azad edilmiş torpaqlara ruhun, yaşamın və insan nəfəsinin qayıtması ilə tamamlanır. İllər boyu həsrətlə yolunu gözlədiyimiz Qarabağ və Şərqi Zəngəzur bu gün özünün ən parlaq, ən işıqlı dövrünü yaşayır. Bir vaxtlar dağıntıların, susqunluğun və ayrılığın hökm sürdüyü bu müqəddəs torpaqlarda indi təkcə daşlar, binalar deyil, bütöv bir xalqın tarixi yaddaşı və gələcəyə olan böyük inamı yenidən inşa olunur. Hər kənddə, hər şəhərdə vurulan hər bir təməl Qarabağ və Zəngəzurun dirçəliş salnaməsinə qızıl hərflərlə yazılır.
​Böyük Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirilən nəhəng layihələr Qarabağ və Şərqi Zəngəzurun simasını kökündən dəyişib. Müasir nəqliyyat-logistika infrastrukturunun qurulması, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarının tətbiqi, təməlindən yenidən inşa edilən avtomobil yolları, körpülər və mürəkkəb tunellər bu əraziləri bölgənin ən müasir iqtisadi mərkəzlərinə çevirir. Füzuli, Zəngilan və Laçında istifadəyə verilən beynəlxalq hava limanları sadəcə strateji nəqliyyat qovşaqları deyil, həm də Azərbaycanın zəfər ruhunun dünyaya açılan yeni qapılarıdır. İllər boyu viran qalmış, xarabalığa çevrilmiş şəhər və kəndlərimiz müasir memarlıqla milli koloritin sintezində tamamilə yeni anlayışla bərpa edilir; hər bir yaşayış məntəqəsi ekoloji baxımdan təmiz və dayanıqlı standartlara uyğunlaşdırılır.
​Lakin bu möhtəşəm bərpa prosesinin ən mühüm, ən təsirli və kövrək məqamı insan amilidir. Doğma ocaqlarına, illərlə həsrətini çəkdikləri ata-baba torpaqlarına qayıdan soydaşlarımızın gözlərindəki qürur və sevinc, torpağa toxunan əllərin həyəcanı bu böyük prosesin həqiqi mahiyyətini göstərir. Zəngilanın Ağalı, Tərtərin Talış, Füzulinin, Laçının, Şuşanın, Xocalının və digər yaşayış məntəqələrinin mərkəzlərində yenidən uşaq gülüşləri eşidilir, məktəblərdə ilk zəng çalınır, təsərrüfatlar canlanır. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, eyni zamanda müxtəlif mədəniyyət, idman və elm ocaqlarının qapılarını açması bu torpaqlarda gələcəyin təməllərinin nə qədər möhkəm və daimi atıldığının bariz sübutudur.
​Eyni zamanda, bu regionların bərpası yalnız mülki yaşayışın təmin edilməsi ilə məhdudlaşmır; buradakı zəngin iqtisadi və turizm potensialı da addım-addım hərəkətə gətirilir. "Yaşıl enerji" zonası elan edilmiş bu ərazilərdə Günəş və Su elektrik stansiyalarının qurulması, sənaye parklarının fəaliyyətə başlaması bölgənin gələcəkdə ölkə iqtisadiyyatına drayver kimi təkan verəcəyindən xəbər verir. Mədəniyyət paytaxtımız Şuşada keçirilən beynəlxalq festivallar, poeziya günləri və diplomatik sammitlər Qarabağın həm də regionun mədəni və siyasi cazibə mərkəzinə çevrildiyini nümayiş etdirir.
​Bu gün Qarabağ və Şərqi Zəngəzur təkcə keçmişin kədərli xatirələrini yaşadan bir məkan deyil, Azərbaycanın sarsılmaz iradəsinin, milli birliyinin və böyük gələcəyinin parlaq rəmzidir. Yurd öz sahibini bağrına basıb, torpaq öz həqiqi nəfəsinə qovuşub. Hər keçən gün daha da gözəlləşən, dirçələn və gələcəyə doğru inamlı addımlarla irəliləyən bu müqəddəs diyarda həyat bütün coşqusu, tamlığı və əbədiliyi ilə yenidən axır.

Asiman Babayev
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər