Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan 20 Sentyabr tarixi artıq ikinci ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Bu əlamətdar gün 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi hadisələrin davamı olaraq xüsusi məna daşıyır. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində həmin ərazilərdə dövlət suverenliyinin bərpası təmin edilmişdir.
20 sentyabrın şəhər günü kimi təsis edilməsi azad edilmiş ərazilərimizin tarixində yeni mərhələnin başlanğıcını ifadə edir. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq bu torpaqlarda dövlət suverenliyimizin bərpasını bir daha nümayiş etdirmişdir.
Bu prosesin mühüm istiqamətlərindən biri də Ağdərə rayonunun yenidən yaradılması olmuşdur. Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanununa əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılmışdır. Beləliklə, uzun illər inzibati ərazi vahidi kimi mövcud olmayan Ağdərə rayonunun hüquqi statusu bərpa edilmişdir.
Bu gün həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri tarixi Zəfərin real nəticələrini nümayiş etdirir. Şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Xankəndidə Qarabağ Universitetinin fəaliyyət göstərməsi, yeni sosial və iqtisadi obyektlərin yaradılması şəhərin həyatının yenidən canlanmasının mühüm göstəricilərindəndir.
Xankəndinin məskunlaşdırılması istiqamətində görülən işlər də Böyük Qayıdış prosesinin mühüm hissəsidir. 2026-cı il avqustun 17-dək Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailə, 174 nəfər olmaqla ümumilikdə 119 ailənin, 506 nəfərin məskunlaşması bu prosesin davamlı xarakter daşıdığını göstərir.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri isə bərpa prosesinin dövlət başçısının xüsusi diqqətində olduğunu nümayiş etdirir. Xankəndiyə 2023, 2024, 2025 və 2026-cı illərdə həyata keçirilən səfərlər zamanı müxtəlif sosial, təhsil, mədəniyyət və iqtisadi layihələrin açılışı və təməlqoyma mərasimləri baş tutmuşdur.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan tarixində ərazi bütövlüyünün və suverenliyin bərpasını simvolizə edən əlamətdar tarixlərdəndir. Bu gün həm keçmişə ehtiramı, həm də azad edilmiş ərazilərdə qurulan yeni həyatın başlanğıcını özündə birləşdirir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri, insanların doğma yurdlarına qayıdışı və yeni sosial-iqtisadi imkanların yaradılması Azərbaycanın tarixi torpaqlarında həyatın yenidən bərpa olunduğunu göstərir.
Nəzrin Əlizadə
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi