PDF Oxu

Siyasət

  • 316

Türk dünyası və İslam həmrəyliyinin gücləndirilməsində Azərbaycanın rolu - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi mühüm mesajlarla yadda qaldı. Görüşdə dövlət başçısının çıxışı Azərbaycanın Türk dünyası, İslam aləmi və Qafqaz arasında əməkdaşlığın inkişafına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında Bakıda eyni vaxtda keçirilən iki mühüm tədbirin – TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın xüsusi məna daşıdığını vurğuladı. Bu iki tədbirin bir araya gəlməsi Azərbaycanın milli-mənəvi irsi ilə müasir beynəlxalq əməkdaşlıq platformalarının vəhdətini nümayiş etdirir.
Seyid Yəhya Bakuvi kimi böyük şəxsiyyətlərin irsinin beynəlxalq səviyyədə təbliği Azərbaycanın zəngin elmi, fəlsəfi və mədəni irsinin dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin adlarını çəkərək Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi zəngin irsə diqqət yönəltdi. Bu irs yalnız milli dəyər kimi deyil, bütövlükdə İslam dünyasının tarixi-mədəni xəzinəsinin mühüm hissəsi kimi xarakterizə olunur.
Görüşün diqqətçəkən məqamlarından biri də müxtəlif coğrafiyaları təmsil edən dini liderlərin Bakıda bir araya gəlməsi idi. TDT üzv dövlətlərinin nümayəndələri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan dini rəhbərlərin tədbirdə iştirakı Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə tədbirlər dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirməklə yanaşı, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmaya çağırış mesajı verir.
Azərbaycanın bu prosesdə mövqeyi onun həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi olması ilə xüsusi məzmun qazanır. Dövlət başçısının çıxışında Azərbaycanın tarixi və coğrafi xüsusiyyətlərinə toxunularaq Türk dünyası ilə Qafqaz arasındakı əlaqələrin qədimliyinə diqqət çəkildi. Bu baxımdan Azərbaycanın müxtəlif mədəni və dini platformalar arasında dialoqun inkişafına töhfə verməsi ölkənin beynəlxalq əməkdaşlıq siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur.
Çıxışda İslam həmrəyliyi məsələsinə də geniş yer ayrıldı. Prezident İlham Əliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif tədbirlərə ev sahibliyi etdiyini, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini xatırlatdı. Dövlət başçısı bu tədbirin yalnız idman yarışı deyil, eyni zamanda İslam dünyasının birlik və həmrəyliyinin nümayişi olduğunu qeyd etdi. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi də Azərbaycanın bu istiqamətdə beynəlxalq platformalardakı rolunun davamı kimi qiymətləndirilir.
Prezident İlham Əliyev müsəlman dünyasında baş verən proseslərin narahatlıq doğurduğunu qeyd edərək qarşıdurmaların dayandırılmasının, birlik və həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğuladı. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən mövqe tutduğunu bildirməsi də bu siyasətin əsas istiqamətlərindən birini ifadə edir.
Görüşdə Qarabağ mövzusuna da xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev dini liderlərin səfər çərçivəsində Ağdam, Xankəndi, Xocalı və Şuşaya gedəcəklərini bildirərək onların həm işğal dövrünün dağıntılarını, həm də bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini görəcəklərini qeyd etdi. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpa olunduğunu, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtdığını və “Böyük Qayıdış” proqramının həyata keçirildiyini diqqətə çatdırdı.
Çıxışın mühüm məqamlarından biri Azərbaycanın müharibədən sonrakı mərhələdə sülh və əməkdaşlıq gündəliyinə verdiyi önəmin vurğulanması idi. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdiyini və Azərbaycanın mövqeyinin uzunmüddətli sülhün təmin olunmasına yönəldiyini bildirdi. Eyni zamanda, keçmişdə baş vermiş hadisələrin unudulmamasının vacibliyini qeyd etdi. Bu yanaşma Azərbaycanın həm tarixi yaddaşı qorumaq, həm də gələcəyə sülh və inkişaf perspektivi ilə baxmaq siyasətini əks etdirir.
Türk dünyasının dini liderlərinin, Qafqaz və digər müsəlman ölkələrindən olan nümayəndələrin Bakıda bir araya gəlməsi yalnız ayrı-ayrı tədbirlərin keçirilməsi deyil, eyni zamanda ortaq dəyərlər ətrafında dialoqun inkişafı baxımından əhəmiyyətlidir. Azərbaycanın zəngin tarixi-mədəni irsə, multikultural ənənələrə və müxtəlif xalqlar arasında qarşılıqlı hörmətə əsaslanan təcrübəyə malik olması bu proses üçün mühüm zəmin yaradır. Prezident İlham Əliyevin çıxışında ifadə olunan fikirlər də göstərir ki, Azərbaycan Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsi və regional sülhün təşviqi istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər