Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və onun inkişafını təmin etmək ən böyük tarixi nailiyyətlərdən biridir. Azərbaycan xalqı da tarixinin müxtəlif mərhələlərində ciddi sınaqlardan keçməsinə, işğal və məhrumiyyətlərlə üzləşməsinə baxmayaraq, müstəqillik və dövlətçilik əzmini daim qoruyub saxlamışdır. Bu gün Azərbaycan öz müstəqil dövlətinə, güclü ordusuna və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət siyasətinə malikdir.
20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır. Bu tarix Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasını ifadə etməklə yanaşı, milli iradənin və dövlətçilik əzminin təntənəsini də simvolizə edir.
Azərbaycanın dövlət suverenliyinin bərpası uzun illər ərzində həyata keçirilən ardıcıl mübarizənin nəticəsi olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ yaratdı. Azərbaycan Ordusunun şücaəti, xalqımızın həmrəyliyi və Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Qələbə işğal altında olan torpaqlarımızın böyük hissəsinin azad edilməsini təmin etdi.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Bununla da ölkəmizin Konstitusiya quruluşunun bütün ərazilərdə bərpa olunması təmin edildi. Məhz bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edildi.
Dövlət suverenliyinin bərpası Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoydu. Artıq azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir yol və nəqliyyat infrastrukturu yaradılır, məktəblər, xəstəxanalar, mədəniyyət və digər sosial obyektlər istifadəyə verilir. Bütün bunlar Azərbaycanın öz ərazilərinə sahib çıxmasının və burada dayanıqlı həyat qurmasının əyani göstəricisidir.
Bu prosesin mühüm istiqamətlərindən biri Böyük Qayıdış proqramıdır. Uzun illər doğma yurdlarından ayrı düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıdışı mərhələli şəkildə təmin olunur. Qarabağ və Şərqi Zəngəzurda yaradılan müasir yaşayış məntəqələri insanların rahat və təhlükəsiz şəraitdə yaşamasına imkan yaradır.
Bu tarixi nailiyyətin əldə edilməsində şəhidlərimizin və qəhrəman hərbçilərimizin fədakarlığı xüsusi qeyd olunmalıdır. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası xalqımızın milli sərvəti olmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək mühüm dövlətçilik irsidir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində mühüm və qürurverici səhifələrdən biridir. Bu tarix xalqımızın müstəqillik və dövlətçilik iradəsinin, ordumuzun gücünün və milli həmrəyliyimizin nəticəsi olan tarixi Zəfəri ifadə edir.
Bu gün Azərbaycan bütün ərazisində öz suverenliyini təmin etmiş, gələcəyə inamla addımlayan müstəqil dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri isə tarixi Zəfərin davamlı nəticələrə çevrildiyini göstərir. Dövlət Suverenliyi Günü hər birimiz üçün müstəqilliyimizin, ərazi bütövlüyümüzün və dövlətçiliyimizin qədrini bir daha xatırladan əlamətdar tarixdir.
Nəzrin Əlizadə
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi