PDF Oxu

Siyasət

  • 365

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə – Zəfərdən Böyük Qayıdışa - ŞƏRH

image

20 sentyabr Azərbaycan xalqının yaddaşında dövlətçilik tariximizin mühüm səhifələrindən biri kimi xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası təmin edilib. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan dövlətinin suverenliyi tam bərqərar olunub. Bu tarixi hadisənin davamı olaraq 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir.
Bu şəhərlərin hər birində Azərbaycan Bayrağının ucaldılması Zəfərin mühüm rəmzlərindən oldu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağını ucaltdı. Bununla Azərbaycanın dövlət suverenliyinin həmin ərazilərdə bərpası əyani şəkildə nümayiş etdirildi. Xankəndidə 2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə olunan Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi isə şəhərin Azərbaycanın siyasi və ictimai həyatına qayıdışının mühüm hadisələrindən biri kimi tarixə düşdü.
Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, burada müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlərdə yaşayış məhəllələri salınır, sosial obyektlər, yollar, enerji və digər infrastruktur yenidən qurulur.
Xankəndidə bu proses xüsusilə geniş miqyas alıb. Şəhərdə Qarabağ Universitetinin fəaliyyət göstərməsi, Zəfər parkının yaradılması, Konqres Mərkəzinin istifadəyə verilməsi, yeni istehsal müəssisələrinin açılması, təhsil, mədəniyyət və digər sosial obyektlərin bərpası şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 2025-2026-cı illərdə Xankəndidə mühüm infrastruktur və sosial layihələrin həyata keçirilməsi ilə yanaşı, şəhərə və Kərkicahan qəsəbəsinə əhalinin köçürülməsi də davam etdirilib. 2026-cı il avqustun 17-dək Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailə, 506 nəfər məskunlaşıb.
Xocalıda da genişmiqyaslı bərpa və məskunlaşdırma işləri həyata keçirilir. Xocalı şəhəri ilə yanaşı, Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq və Xanabad kəndlərində yaşayış və infrastruktur layihələri icra olunur. 2026-cı ilin avqust ayına qədər Xocalı şəhəri və qeyd olunan kəndlərdə ümumilikdə 1 167 ailənin, 4 841 nəfərin məskunlaşması təmin edilib. Xocalı Soyqırımı Memorialının 2026-cı il fevralın 26-da açılması isə xalqımızın tarixi yaddaşının qorunması baxımından mühüm hadisə olub.
Xocavənddə də azadlıqdan sonra geniş quruculuq işlərinə başlanılıb. Hadrut qəsəbəsində və rayonun kəndlərində yaşayış məhəllələri, inzibati və sosial obyektlər yaradılır, yollar və enerji infrastrukturu yenilənir. Tuğ kəndində, Hadrutda və digər yaşayış məntəqələrində aparılan layihələr tarixi-mədəni irsin qorunması ilə müasir inkişafın uzlaşdırılmasına xidmət edir. 2026-cı ilin avqust ayına qədər Xocavənd şəhəri, Hadrut qəsəbəsi və bir sıra kəndlərdə 988 ailə, 4 070 nəfər məskunlaşıb.
Ağdərədə də bərpa və quruculuq prosesi ardıcıl şəkildə davam edir. Suqovuşanda yaşayış kompleksinin və məscidin istifadəyə verilməsi, Umudlu kəndinə gedən avtomobil yolunun açılması, enerji layihələrinin həyata keçirilməsi, kəndlərdə fərdi evlərin və infrastrukturun bərpası bu ərazilərdə yeni həyatın formalaşdığını göstərir. 2026-cı ilin avqust ayına qədər Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Heyvalı, Çapar, Aşağı Oratağ və Çıldıran kəndlərində ümumilikdə 917 ailə, 3 587 nəfər məskunlaşıb.
Bütün bu proses Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri ilə müşayiət olunur. Bu səfərlər zamanı bərpa-quruculuq layihələrinin gedişi ilə tanışlıq keçirilir, yeni obyektlərin təməli qoyulur və istifadəyə verilən layihələrin açılışı həyata keçirilir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə müxtəlif illərdə keçirilən səfərlər zamanı yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların, yolların, enerji obyektlərinin, mədəniyyət və digər sosial müəssisələrin vəziyyəti ilə bağlı görülən işlərə baxış keçirilib.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Zəfərin nəticələrinin real mənzərəsini əks etdirən mühüm məkanlardır. Burada Azərbaycan Bayrağı dalğalanır, yeni yaşayış məhəllələri salınır, sosial və iqtisadi infrastruktur yaradılır, insanların doğma torpaqlarına qayıdışı təmin olunur. Böyük Qayıdışın davamlı xarakter alması işğaldan azad edilmiş ərazilərin tədricən yeni və müasir yaşayış məkanlarına çevrildiyini göstərir.
20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması bu şəhərlərin Azərbaycanın müasir tarixindəki xüsusi əhəmiyyətini bir daha nümayiş etdirir. Bu tarix dövlət suverenliyinin bərpasını, tarixi ədalətin təmin olunmasını və azad edilmiş ərazilərdə yeni həyatın qurulmasını özündə birləşdirən əlamətdar gündür.

YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Elnur Əsədov

Digər xəbərlər