Hər bir xalqın tarixində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdə deyil, milli yaddaşda əbədi yaşayır. Azərbaycan xalqı üçün 20 Sentyabr da məhz belə şərəfli tarixlərdən biridir. Bu gün dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının rəmzinə çevrilib.
2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat ərzində qarşıya qoyulan məqsədlərə nail olunması ilə nəticələndi. Sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi.
Bu tarixi hadisə 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərin məntiqi davamı idi. 2020-ci ilin payızında Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə olundu. 2023-cü ilin sentyabrında isə dövlət suverenliyimizin bütün ölkə ərazisində təmin edilməsi ilə bu tarixi proses başa çatdı.
Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Xankəndidə, Qarabağ Universitetində müəllim və tələbələrlə görüşü zamanı bu tarixin mahiyyətini belə ifadə edib: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir.”
Bu sözlər 20 Sentyabrın tarixi mahiyyətini qısa və aydın şəkildə ifadə edir. Çünki dövlət suverenliyi yalnız sərhədlərin və ərazilərin idarə olunması deyil, həm də dövlət hakimiyyətinin bütün ərazidə təmin edilməsi, Konstitusiyanın və qanunların aliliyinin bərqərar olması deməkdir.
20 Sentyabrın əhəmiyyətini daha da artıran məqam isə həmin günün artıq azad Qarabağda qeyd edilməsidir. Xankəndidə Azərbaycan Bayrağının dalğalanması, Qarabağ Universitetinin fəaliyyətə başlaması, şəhərlərdə genişmiqyaslı quruculuq işlərinin aparılması Zəfərin yalnız hərbi nəticə olmadığını göstərir. Qarabağ bu gün dirçəliş, inkişaf və gələcəyə inam məkanıdır.
Qarabağ Universitetinin məhz Dövlət Suverenliyi Günündə açılması da xüsusi rəmzi məna daşıyır. Prezident İlham Əliyev həmin çıxışında universitetin yaradılmasını tarixi hadisə kimi qiymətləndirib. Universitetin Xankəndidə fəaliyyətə başlaması azad edilmiş ərazilərimizin gələcək inkişafında təhsilin və gənc nəslin roluna verilən böyük əhəmiyyətin göstəricisidir.
20 Sentyabr həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram günüdür. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Dövlətimizin əldə etdiyi Zəfərin arxasında onların müqəddəs qanı, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın milli həmrəyliyi dayanır.
Bu gün Azərbaycan öz suverenliyini tam təmin etmiş, bütün ərazisində Konstitusiyanın və dövlət qanunlarının aliliyini bərqərar etmiş dövlətdir. 20 Sentyabr isə bu reallığın tarixə həkk olunduğu gündür.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin və Vətənə bağlılığının təcəssümüdür. Bu əlamətdar tarix hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillərə mühüm bir həqiqəti çatdırır: dövlətin gücü onun xalqının birliyində, milli iradəsində və öz taleyinə sahib çıxmaq əzmindədir.
20 Sentyabr – suveren Azərbaycanın şanlı tarixidir. Bu tarix daim yaşayacaq, nəsildən-nəslə ötürüləcək və Azərbaycan dövlətçiliyinin möhkəmliyinin rəmzi kimi yadda qalacaq.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini