Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının X konfransı keçirilib.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov hesabat məruzəsi ilə çıxış edib. O, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini vurğulayıb. O, Saatlı rayon təşkilatının fəaliyyətini YAP-ın Proqram və Nizamnaməsinin tələblərinə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun qurduğunu diqqətə çatdırıb.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O bildirib ki, məhz uğurlu strategiyanın nəticəsi olaraq Azərbaycanın iqtisadi və siyasi qüdrəti artıb, beynəlxalq müstəvidə mövqeləri möhkəmlənib.
Milli Məclisin deputatı Əziz Ələkbərli YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini, siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırdığını deyib. O qeyd edib ki, partiya Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərir.
Milli Məclisin deputatı Səyyad Aran partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan geniş bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü, monolit siyasi təşkilat olduğunu deyib.
YAP Saatlı rayon təşkilatının sabiq sədri, partiya veteranı Lütvəli Şıxəliyev partiyanın yerli təşkilatlarının dövlət siyasətinin təbliğində mühüm rol oynadığını deyib. Həmçinin qeyd olunub ki, Yeni Azərbaycan Partiyası milli maraqları daim üstün tutaraq ölkəmizin inkişafında müstəsna rol oynayır.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev Yeni Azərbaycan Partiyasının bundan sonra da Azərbaycanın inkişafına və qarşıya qoyulan yeni hədəflərin reallaşdırılmasına layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Konfransda YAP Saatlı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.