Dini abidələrin qorunması Azərbaycan mədəniyyət siyasətinin əsas istiqamətlərindəndir.SİA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib.O bildirib ki, konfessional mənsubiyyətindən asılı olmayaraq bütün dini abidələrin qorunması Azərbaycan mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu prioritet Prezident tərəfindən təsdiqlənən “Azərbaycan mədəniyyəti 2040” Konsepsiyasında da öz əksini tapıb.“Dini abidələrin qorunması yalnız mədəni irsin mühafizəsi məsələsi deyil. Bu, eyni zamanda tarixi yaddaşın, mədəni müxtəlifliyin və nəsillərarası mədəni bağlılığın qorunması deməkdir”, - deyə S.Yusifova qeyd edib.Bildirilib ki, Nazirlər Kabinetinin 2001-ci il tarixli 130 nömrəli qərarı ilə ölkə ərazisində 423 məscid, 213 türbə, 163 qəbiristanlıq, 222 kilsə və məbəd dövlət mühafizəsinə götürülüb.Qeyd edilib ki, bu istiqamətdə işlər hazırda da davam etdirilir. Ötən il Bakı şəhərində üç məscid və bir kilsə, işğaldan azad olunmuş ərazilərdə isə dörd məscid, yeddi türbə, dörd monastır və 13 məbəd dövlət qeydiyyatına alınıb.Çıxışda işğaldan azad edilmiş ərazilərdə tarixi-dini irsin qorunması məqsədilə aparılan inventarlaşdırma və bərpa işlərinə də diqqət çəkilib.Bildirilib ki, Prezidentin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanının icrası çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrs Xidməti tərəfindən 2020-ci il noyabrın 3-dən etibarən 575 abidə üzrə inventarlaşdırma işləri aparılır. Onlardan 196-sı Şuşa şəhərində yerləşir.Qeyd olunub ki, inventarlaşdırma sahə tədqiqatları, abidələrin elektron xəritələrinin hazırlanması, fotofiksasiya və dron çəkilişlərinin aparılması, eləcə də arxiv sənədlərinin araşdırılmasını əhatə edir.
Müəllif: Günay Hacıyeva