20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının yaddaşında dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təcəssüm etdirən əlamətdar tarix kimi xüsusi yer tutur. Artıq ikinci ildir qeyd olunan bu gün Qarabağın dörd şəhərinin həyatında yeni mərhələnin başlanğıcını, illərlə davam edən həsrətin sona çatmasını və doğma torpaqlarda yeni həyatın qurulmasını ifadə edir. Bu tarix həm də Azərbaycanın hərbi-siyasi Zəfərinin real nəticələrinin, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və Böyük Qayıdış prosesinin bariz göstəricisidir.
2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-də Azərbaycan Ordusunun qarşısına qoyulan vəzifələri yerinə yetirməsi ilə nəticələndi. Bununla da Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın dövlət suverenliyinin bərpası təmin edildi. Məhz bu tarixi hadisənin yaratdığı yeni reallıqlar həmin şəhərlərin adının xüsusi gün kimi təqvimə daxil edilməsini şərtləndirdi. 20 Sentyabr artıq təkcə bir tarix deyil, həm də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin edən Zəfər yolunun rəmzlərindən biridir.
Bu prosesin mühüm nəticələrindən biri də Ağdərə rayonunun yenidən yaradılması oldu. 2023-cü il 5 dekabr tarixli qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Beləliklə, tarixi inzibati ərazi vahidinin bərpası təmin edildi. Ağdərənin yenidən rayon statusu alması tarixi ədalətin bərpası ilə yanaşı, azad edilmiş ərazilərin yeni inzibati və sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymasının mühüm göstəricilərindən biridir.
Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr artıq real nəticələrini göstərir. 2026-cı il avqustun 17-dək Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailə, 174 nəfər olmaqla, ümumilikdə 119 ailənin, 506 nəfərin məskunlaşması Böyük Qayıdışın Xankəndidə də ardıcıl şəkildə davam etdiyini göstərir.
Xankəndinin yeni həyatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhərə səfərləri xüsusi əhəmiyyət daşıyır. 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması şəhərin tarixində yeni səhifə açdı. Həmin səfər zamanı Kərkicahan qəsəbəsinə də baxış keçirildi. Noyabrın 8-də Xankəndidə Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi Azərbaycanın suverenliyinin şəhərdə bərqərar olmasının möhtəşəm nümayişinə çevrildi.
Dekabrın 21-də Xankəndidə “Qarabağ” – MOİK futbol matçının keçirilməsi və 2023-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə idman ictimaiyyətinin nümayəndələri ilə görüş şəhərin ictimai həyatının dirçəldilməsinin mühüm nümunələri sırasında oldu. 2024-cü il fevralın 7-də isə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndidə səs verməsi şəhərin Azərbaycanın ictimai-siyasi həyatına tam şəkildə qayıdışını nümayiş etdirən tarixi hadisələrdən biri kimi yadda qaldı.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız azad edilmiş şəhərlər deyil, Azərbaycanın yeni inkişaf mərhələsinin, quruculuğun və qayıdışın ünvanlarıdır. Burada yaradılan müasir infrastruktur, həyata keçirilən sosial layihələr, yenidən qurulan yaşayış məkanları və doğma yurdlarına qayıdan insanların səsi Qarabağda həyatın bütün canlılığı ilə bərpa olunduğunu göstərir.
20 Sentyabrın mahiyyəti də məhz bundan ibarətdir: illərlə həsrətlə gözlənilən şəhərlərin yenidən Azərbaycan həyatına qovuşması, dövlət bayrağımızın bu torpaqlarda əbədi dalğalanması və Qarabağın gələcəyinin quruculuqla, inkişafla, firavanlıqla müəyyənləşdirilməsi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Zəfərimizin yaratdığı reallıqları yaşadan, Böyük Qayıdışın uğurlarını nümayiş etdirən və gələcəyə inamı daha da möhkəmləndirən əlamətdar tarixdir.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı