PDF Oxu

Siyasət

  • 505

20 sentyabr – Dövlət Suverenliyimizin təntənəsi - ŞƏRH

image

Suverenlik – xalqın öz taleyini müəyyən etmək, dövlətini müstəqil şəkildə idarə etmək və öz ərazisində hakimiyyətini tam həyata keçirmək hüququdur. Azərbaycan xalqı üçün bu anlayış sadəcə siyasi məfhum deyil, əsrlər boyu qorunub saxlanılan milli iradənin ifadəsidir.

Azərbaycan xalqının dövlətçilik tarixi mürəkkəb və şərəfli mərhələlərlə zəngindir. Müxtəlif dövrlərdə xalqımız işğallara, müharibələrə, siyasi təzyiqlərə və ağır sınaqlara məruz qalsa da, müstəqillik və dövlətçilik ideyası heç zaman öz əhəmiyyətini itirməyib. Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir və dövlət suverenliyi ölkəmizin ən böyük milli dəyərlərindən biri kimi qorunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il 20 sentyabr – Dövlət Suverenliyi Günü kimi təsis edilib. Sərəncamda qeyd olunur ki, 2023-cü il 19 sentyabrda başlayan və 20 sentyabrda başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa olunub.

Bu tarixi hadisə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələr əldə edildi. 2023-cü ilin sentyabrında isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması ilə bu tarixi proses öz məntiqi yekununa çatdı.

Dövlət suverenliyinin bərpası bir günün və ya bir hadisənin nəticəsi deyil. Bu, illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadiyyatın, diplomatik fəaliyyətin və Azərbaycan Ordusunun qüdrətinin formalaşdırdığı tarixi nəticədir.

Azərbaycanın dövlət sərhədlərinə nəzarətin təmin olunması istiqamətində atılan mühüm addımlardan biri də 2023-cü il 23 apreldə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycanın öz ərazisi və sərhədləri üzərində suveren hüquqlarının həyata keçirilməsi baxımından mühüm mərhələ kimi tarixə düşdü.

Bütün bu proseslərin kulminasiya nöqtəsi 2023-cü il sentyabrın 19–20-də baş verən hadisələr oldu. 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu və ölkənin bütün ərazisində dövlət suverenliyi bərpa edildi.

Dövlət Suverenliyi Gününün təsis edilməsi yalnız müəyyən bir tarixi hadisənin təqvimdə qeyd olunması demək deyil. Bu gün milli yaddaşın qorunması, dövlətçilik ənənələrinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Suveren dövlət olmaq öz ərazisində qanunun aliliyini təmin etmək, dövlət institutlarının fəaliyyətini təşkil etmək, milli maraqları qorumaq və gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək deməkdir.

Azərbaycanın dövlət suverenliyinin bərpası ilə ölkəmizin bütün ərazisində vahid hüquqi və siyasi məkanın təmin olunması üçün yeni imkanlar yarandı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması, şəhər və kəndlərin yenidən qurulması, insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsi bu yeni mərhələnin mühüm istiqamətlərindəndir.

20 Sentyabr tarixinin əhəmiyyəti 2026-cı ildə daha bir mühüm qərarla öz ifadəsini tapdı. Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli 262 nömrəli qərarı ilə Bakı Metropoliteninin Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi 194 ünvanında yerləşən yeni stansiyasına “20 Sentyabr” adı verildi. Qərarda bu adlandırmanın 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ilə əlaqədar həyata keçirildiyi qeyd edilir.

Bu addımın xüsusi rəmzi mənası var. Çünki tarix yalnız kitabların səhifələrində deyil, şəhərlərin küçələrində, meydanlarında, abidələrində və ictimai məkanlarında da yaşadılır. “20 Sentyabr” adının Bakı metrosunda yeni stansiyaya verilməsi Dövlət Suverenliyi Gününün müasir şəhər mühitində də yaddaş rəmzinə çevrilməsinə xidmət edir.

Dövlət suverenliyinin qorunması yalnız siyasi və hərbi məsələlərlə məhdudlaşmır. Bu anlayışın ən mühüm istiqamətlərindən biri də milli düşüncəyə, dövlətçilik şüuruna və Vətən sevgisinə malik nəsillərin yetişdirilməsidir.

Bu proses isə ailədən və məktəbəqədər təhsil müəssisəsindən başlayır. Məktəbəqədər yaş dövründə uşaqlar ətraf aləmi tanımağa, milli dəyərləri mənimsəməyə, Vətən, dövlət, bayraq, himn kimi anlayışlarla ilkin tanışlıq əldə etməyə başlayırlar. Bu yaş dövründə verilən hər bir düzgün istiqamət uşağın gələcək dünyagörüşünün formalaşmasına təsir göstərir.

Uşaqlara Vətən sevgisini aşılamaq onları mürəkkəb siyasi proseslərlə yükləmək deyil. Əksinə, onların yaş xüsusiyyətlərinə uyğun olaraq Azərbaycanı sevməyi, dövlət rəmzlərinə hörmət etməyi, milli-mənəvi dəyərləri qorumağı, birlik və həmrəylik hisslərini öyrətməkdir.

Bu baxımdan məktəbəqədər təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşür. Çünki bu gün bağçada Azərbaycan bayrağına sevgi ilə baxan, Himnimizi qürurla dinləyən, Vətən haqqında öyrənən uşaq sabah dövlətinin inkişafına töhfə verəcək vətəndaşa çevriləcək.

Məktəbəqədər təhsil müəssisəsinin müdiri kimi düşünürəm ki, Dövlət Suverenliyi Gününün əsas mesajlarından biri də gələcəyimizi etibar edəcəyimiz nəslin düzgün tərbiyəsidir.

Biz uşaqlara yalnız oxumağı, yazmağı və müxtəlif bacarıqları öyrətmirik. Biz həm də onların xarakterini, dünyagörüşünü, Vətənə və dövlətə münasibətini formalaşdırırıq. Bu səbəbdən hər bir tərbiyəvi fəaliyyətimizdə milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Vətən sevgisinə xüsusi yer verməliyik.

Mənim üçün 20 Sentyabr yalnız təqvimdə qeyd olunan bir tarix deyil. Bu tarix müstəqilliyimizin, dövlətçiliyimizin, milli iradəmizin və gələcək nəsillər qarşısında məsuliyyətimizin ifadəsidir.

İnanıram ki, bu gün bağçalarımızda Azərbaycan bayrağına sevgi ilə baxan balaca fidanlar sabah dövlətimizin daha qüdrətli gələcəyini quracaq və Azərbaycanın adını daim uca tutacaqlar.

Dövlət Suverenliyi Günümüz mübarək!

Səriyyə Əhmədova

YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri,

Naxçıvan şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

Digər xəbərlər