PDF Oxu

Siyasət

  • 569

20 Sentyabr Dövlət Suverenliyi Günü - ŞƏRH

image

20 Sentyabr Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, dövlət suverenliyimizin tam bərpasını və milli iradəmizin təntənəsini ifadə edən tarixi gündür. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərinin sentyabrın 20-də başa çatması ilə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi tam bərpa edilmişdir. Bu tarixi nailiyyətin siyasi və dövlətçilik əsasları Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, milli maraqların qorunması, dövlət institutlarının inkişaf etdirilməsi və xalqımızın milli həmrəyliyinin təmin olunması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətlə sıx bağlıdır. Ulu Öndərin müəyyən etdiyi güclü dövlət, milli birlik, müstəqillik və ərazi bütövlüyü prinsipləri Azərbaycanın dövlətçilik strategiyasının əsas istiqamətlərini təşkil etmişdir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni tarixi mərhələdə ardıcıl və qətiyyətlə davam etdirilmişdir. Azərbaycan dövlətinin milli maraqlarının, ərazi bütövlüyünün və suveren hüquqlarının təmin olunması dövlət siyasətinin mühüm prioritetlərindən biri olmuşdur. 2020-ci il Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmuşdur. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası təmin edilmişdir. Bu tarixi nəticə Azərbaycan dövlətinin müstəqil siyasətinin, siyasi iradəsinin, milli həmrəyliyinin və dövlətçilik əzminin mühüm təzahürüdür. Bu gün Azərbaycan öz suveren hüquqlarını bütün ərazisində həyata keçirən, Konstitusiyasının və qanunlarının aliliyini təmin edən müstəqil dövlətdir. Üçrəngli Dövlət Bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin ən parlaq rəmzlərindən biridir. Bu mənzərə xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və müstəqil Azərbaycan ideyasına sadiqliyinin tarixi təcəssümüdür. Dövlət Suverenliyi Günü, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramımızın, qəhrəman hərbçilərimizin fədakarlığına minnətdarlığımızın ifadəsidir. Onların qəhrəmanlığı və fədakarlığı Azərbaycan dövlətçiliyi tarixində əbədi yaşayacaqdır. 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi dövlətçilik tariximizin mühüm hadisəsinin rəsmi səviyyədə əbədiləşdirilməsinin ifadəsidir. Azərbaycan Respublikasının Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu əlamətdar gündə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi nailiyyətləri qürurla qeyd edirik. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini, milli həmrəyliyimizin daha da güclənməsini və müstəqil dövlətimizin əbədi inkişafını arzulayırıq.

Günay Quliyeva

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin əməkdaşı

Digər xəbərlər