PDF Oxu

Siyasət

  • 699

20 Sentyabr – Dövlət Suverenliyi Günü: milli iradənin və dövlətçilik əzminin təntənəsi - ŞƏRH

image

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır, bütövlükdə milli yaddaşın, dövlətçilik düşüncəsinin və gələcəyə baxışın mühüm rəmzinə çevrilir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü də Azərbaycan tarixində məhz belə əlamətdar günlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu tarix 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması ilə bağlıdır. Dövlət suverenliyi hər bir müstəqil dövlətin fundamental əsaslarından biridir. Suverenlik dövlətin öz ərazisində ali hakimiyyətini həyata keçirməsi, qanunlarının bütün ölkə ərazisində qüvvədə olması və dövlət idarəçiliyinin bütövlüyünün təmin edilməsidir. Azərbaycan Konstitusiyasının 2-ci maddəsinə əsasən, Azərbaycan xalqının suveren hüququ sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməkdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunmuş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yüz minlərlə insan doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu dövr Azərbaycan xalqının yaddaşında ağır faciələrlə yanaşı, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyin bərpası uğrunda mübarizə illəri kimi qalmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş 2020-ci ildə baş verdi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycan Ordusunun tarixi Zəfəri ilə nəticələndi. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalan möhtəşəm qələbə səhifəsinə çevrildi. Bu qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Lakin dövlət suverenliyinin tam bərpası üçün qarşıda mühüm vəzifələr dayanırdı. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması və həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Əməliyyat sentyabrın 20-də başa çatdı və bununla Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi. 20 Sentyabr 2023-cü il bu baxımdan Azərbaycanın müasir tarixinin ən mühüm günlərindən biri oldu. Həmin tarixdən etibarən Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının ölkənin bütün ərazisində tətbiqi təmin edildi. Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə dalğalanmağa başladı. Bu, Azərbaycan dövlətçiliyinin bütövlüyünün və milli iradənin təntənəsi kimi tarixə düşdü. Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycan xalqının keçdiyi mürəkkəb və şərəfli yolun siyasi-hüquqi baxımdan mühüm şəkildə qiymətləndirilməsidir. Bu gün müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyin necə böyük tarixi və milli dəyərə malik olduğunu bir daha xatırladır. 20 Sentyabr həm də Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram günüdür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda şəhid olan hərbçilərimizin qəhrəmanlığı xalqımızın milli yaddaşında daim yaşayacaq. Onların fədakarlığı dövlətimizin ən böyük dəyərlərindən biri olan müstəqilliyin və suverenliyin qorunmasının nə qədər böyük məsuliyyət tələb etdiyini göstərir.Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yaşayış məntəqələri yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Beləliklə, hərbi-siyasi qələbə ilə əldə olunmuş nəticələr sosial-iqtisadi və quruculuq layihələri ilə möhkəmləndirilir. Dövlət Suverenliyi Günü gənc nəslin milli tariximizi daha dərindən öyrənməsi, dövlətçilik ənənələrinə hörmət ruhunda formalaşması və müstəqil Azərbaycanın gələcəyinə məsuliyyətlə yanaşması baxımından da xüsusi əhəmiyyət daşıyır. Suverenliyin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının uzun illər ərzində arzuladığı tarixi məqsədə – ölkənin bütün ərazisində dövlət suverenliyinin təmin edilməsinə nail olunduğu gün kimi tariximizdə özünəməxsus yer tutur. Bu əlamətdar tarix Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın milli birliyini və müstəqil dövlətçilik iradəsini nümayiş etdirən mühüm hadisədir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etmiş dövlət kimi qarşıdakı inkişaf hədəflərinə doğru inamla addımlayır. 20 Sentyabr isə hər il xalqımızı dövlətçilik dəyərləri ətrafında birləşdirən, milli qürur və tarixi yaddaş hisslərini gücləndirən əlamətdar gün kimi qeyd olunur.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər