PDF Oxu

Siyasət

  • 971

Suverenliyimiz – Zəfərimizin qürur və əbədiyyət rəmzidir - ŞƏRH

image

Azərbaycan tarixinin elə səhifələri var ki, onları yalnız oxumaq deyil, qürurla yaşamaq və gələcək nəsillərə ötürmək lazımdır. 20 Sentyabr – Dövlət Suverenliyi Günü də xalqımızın dövlətçilik salnaməsində məhz belə əlamətdar tarixlərdəndir.

2023-cü il sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirdi və bununla da ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində mühüm tarixi mərhələ başa çatdı. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi.

Bir tarix müəllimi kimi bu hadisəyə yalnız hərbi əməliyyat kimi deyil, Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixinin mühüm nəticələrindən biri kimi baxıram. Çünki suverenlik dövlətin ən ali dəyərlərindən biridir. Öz ərazisində dövlət hakimiyyətinin tam təmin olunması, milli iradənin və dövlət müstəqilliyinin qorunması xalqın gələcəyini özü müəyyən etməsinin əsas şərtidir.

Bu Zəfər bir gündə yaranmadı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində işğal altında olan torpaqlarımız azad edildi.

Bu tarixi prosesdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi xüsusi qeyd olunmalıdır. Dövlət başçısının uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu, siyasi və diplomatik fəaliyyət, milli həmrəyliyin möhkəmləndirilməsi və qarşıya qoyulan strateji məqsədlərə ardıcıl şəkildə nail olunması Azərbaycanın Zəfər yolunun mühüm amilləri sırasında yer aldı.

Lakin hər bir Zəfərin arxasında böyük fədakarlıq dayanır. 19–20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror tədbirlərində şəhid olan hərbi qulluqçularımız Azərbaycan tarixinin yeni qəhrəmanlıq səhifəsini öz qanları ilə yazdılar. Həmin qəhrəmanlar arasında Mehti Əmrah oğlu Abbasov, Ruslan Əbilfət oğlu Abbasov, Zamin Xaqani oğlu Abbasov, Emin Faiq oğlu Abbaszadə, Asim Cavanşir oğlu Abdullayev, Habil Qulam oğlu Abuşov, Osman Qədim oğlu Ağaxanov və digər igid hərbçilərimizin adları əbədi yaşayacaq.

Bu müqəddəs siyahıda Naxçıvanın igid oğullarının da adları vardır. Naxçıvan şəhərində anadan olmuş Ələsgər Əsgərov 19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində şəhidlik zirvəsinə ucalıb. Naxçıvan torpağının daha bir igid oğlu, kapitan Elcan Vasif oğlu Balabəyli isə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Hər iki qəhrəman dövlət təltiflərinə layiq görülüb.

Baş leytenant İbrahim Qasımov da həmin qəhrəmanlıq salnaməsinin adlarından biridir. İbrahim Qasımov 20 sentyabr 2023-cü ildə şəhid olub və ölümündən sonra dövlət təltiflərinə layiq görülüb.

Şəhidlərimizin hər birinin həyat yolu ayrıca bir Vətən dərsidir. Onlar bizə göstərdilər ki, Vətən sevgisi yalnız söz deyil, ən ağır məqamda məsuliyyət və fədakarlıq tələb edən müqəddəs bir dəyərdir. Onların adları Azərbaycan tarixinin yaddaşında daim yaşayacaq.

20 Sentyabrın mənası məhz burada daha aydın görünür: bu tarix Zəfərin nəticəsini – tam dövlət suverenliyimizi ifadə edir. 2023-cü ilin sentyabrında keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının bütün ərazisində konstitusiya quruluşunun və dövlət hakimiyyətinin bərpası təmin edildi.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin davam edən nəticələridir. Bir zamanlar dağıdılmış yurdlarımızda yeni şəhərlər, kəndlər, məktəblər və infrastrukturlar qurulur, Böyük Qayıdış prosesi həyata keçirilir. Beləliklə, Zəfər yalnız hərbi Qələbə kimi deyil, həm də quruculuq və dirçəliş mərhələsi kimi tariximizə yazılır.

Tarix müəllimi olaraq düşünürəm ki, 20 Sentyabrın ən böyük mənalarından biri də tarixi yaddaşın qorunmasıdır. Biz bu günü qeyd etməklə yalnız keçmişi xatırlamırıq. Biz müstəqil Azərbaycan dövlətinin hansı ağır sınaqlardan keçərək bu günə gəldiyini dərk edir, şəhidlərimizin müqəddəs əmanətinə hörmətimizi ifadə edirik.

Suverenlik xalqımızın milli qürurudur. Dövlət Bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması, Azərbaycan Konstitusiyasının bütün ərazimizdə qüvvədə olması və dövlətimizin öz ərazi bütövlüyünü təmin etməsi tariximizin mühüm nailiyyətidir.

20 Sentyabr – Zəfərimizin qürurudur, dövlətçiliyimizin gücüdür, suverenliyimizin əbədiyyət rəmzidir.

Bu əbədi tarix qarşısında şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirir və Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və suverenliyinin daim yaşamasını arzulayırıq.

Suverenliyimiz əbədi, Azərbaycanımız daim uca olsun!

İnci Tağızadə

Naxçıvan şəhər 8 saylı tam orta məktəbin tarix müəllimi, partiya üzvü

Digər xəbərlər