PDF Oxu

Siyasət

  • 440

Zəfərin və tərəqqinin şanlı mərhələsi - ŞƏRH

image

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində 20 Sentyabr günü müqəddəs və şərəfli bir mərhələnin rəmzinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu və 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində şanlı Dövlət Bayrağımız ucaldıldı. Böyük qürur hissi ilə qeyd olunan 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü tarixi ədalətin və milli qürurun təntənəsidir. Suverenliyimizin bərpasından dərhal sonra Xankəndi şəhərində keçirilən hərbi parad, həmçinin Ağdamın “Qarabağ” futbol klubunun tarixi Xankəndi stadionunda keçirdiyi qarşılaşma bu torpaqların əbədi sahiblərinə qayıtdığının bariz göstəricisidir.

Azad edilmiş ərazilərdə inzibati quruluşun bərpası və strateji strukturların qurulması istiqamətində mühüm addımlar atılmışdır. Ağdərə rayonunun yenidən yaradılması və bölgənin elm, təhsil mərkəzinə çevrilməsi məqsədilə Qarabağ Universitetinin fəaliyyətə başlaması regionun sosial-iqtisadi, mədəni reinteqrasiyasını sürətləndirmişdir. Qarabağ Universiteti qısa müddətdə genişlənərək yeni fakültələr, tələbə yataqxanaları və müasir tədris korpusları ilə bölgənin intellektual mərkəzinə çevrilmişdir.

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş şəhər və kəndlərimiz uğurla məskunlaşdırılır. Həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri nəticəsində minlərlə soydaşımız doğma ocaqlarına qayıtmışdır. Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailə (506 nəfər) məskunlaşmışdır. Xocalı rayonu üzrə şəhər mərkəzi ilə yanaşı Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq və Xanabad kəndləri də daxil olmaqla 1.167 ailə (4.841 nəfər) öz evlərinə qovuşmuşdur. Xocavənd rayonunda şəhər mərkəzi, Hadrut və Qırmızı Bazar qəsəbələri, Xocavənd, Xanoba, Sos, Güneyxırman və Quzeyxırman kəndləri üzrə 988 ailə (4.070 nəfər) yerləşmişdir. Ağdərə rayonunda isə Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Heyvalı, Çapar, Aşağı Oratağ və Çıldıran kəndlərində 917 ailə (3.587 nəfər) daimi yaşayışla təmin olunmuşdur.

Ölkə rəhbərinin azad olunmuş ərazilərə ardıcıl səfərləri regionda həyata keçirilən nəhəng quruculuq işlərinin əsas təkanverici qüvvəsidir. Prezident İlham Əliyev Xankəndi şəhərinə səfərləri çərçivəsində Zəfər meydanı, Zəfər parkı, Konqres Mərkəzi, “Qarabağ”, “Palace”, “Bulud” və “Xankəndi” mehmanxanalarının, Mədəniyyət Mərkəzinin, istehsalat müəssisələrinin və mühüm infrastruktur obyektlərinin açılışını etmiş, beynəlxalq tədbirlərə və diplomatik görüşlərə ev sahibliyi etmişdir. Xocavənd rayonunda Hadrut qəsəbəsinin, Tuğ və digər kəndlərin bərpası, yeni yolların, elektrik yarımstansiyalarının və məscidlərin istifadəyə verilməsi sürətlə davam etdirilir. Xocalıda Soyqırımı Memorialının ucaldılması, hava limanı və istehsalat komplekslərinin qurulması tarixi yaddaşın və iqtisadi dirçəlişin vəhdətini təşkil edir. Ağdərədə isə Sərsəng su anbarı ətrafında yol-nəqliyyat altyapısı, Su Elektrik Stansiyaları, filiz emalı kompleksləri və yaşayış məhəllələri istifadəyə verilir.

Aparılan sürətli bərpa və yenidənqurma işləri göstərir ki, Qarabağ və Şərqi Zəngəzur dinc, təhlükəsiz və yüksək rifaha malik müasir yaşam məkanına çevrilir. Doğma torpaqlarına qayıdan sakinlərlə keçirilən görüşlər, alovlandırılan Novruz tonqalları və istifadəyə verilən yeni sosial-iqtisadi obyektlər Müzəffər Xalqımızın sarsılmaz birliyinin və parlaq gələcəyinin təminatıdır.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər