PDF Oxu

Siyasət

  • 507

20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin təntənəsi - ŞƏRH

image

Azərbaycanın zəngin dövlətçilik salnaməsində elə əlamətdar tarixlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan gün deyil, xalqın milli yaddaşında xüsusi yer tutan mühüm siyasi hadisələri ifadə edir. 20 Sentyabr da belə tarixlərdən biridir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması müasir dövlətçilik tariximizin mühüm hadisələrindən biri kimi yadda qaldı. Bu tarixi hadisənin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü elan edildi.

Suverenlik müstəqil dövlətin əsas siyasi və hüquqi dayaqlarından biridir. Dövlətin öz ərazisində ali hakimiyyətə malik olması, qanunlarının bütün ölkə ərazisində qüvvədə olması və daxili-xarici siyasətini müstəqil şəkildə müəyyən etməsi suverenliyin başlıca göstəricilərindəndir. Bu baxımdan 20 Sentyabrın Azərbaycan üçün əhəmiyyəti yalnız hərbi müstəvidə baş verən hadisələrlə izah edilə bilməz. Bu tarix eyni zamanda Azərbaycanın konstitusion və hüquqi məkanının bütövləşməsini, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tam şəkildə həyata keçirilməsi üçün şəraitin yaranmasını ifadə edir.
Bu nəticəyə gedən yol isə uzun və mürəkkəb olmuşdur. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın mühüm hissəsi işğala məruz qalmış, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüşdür. İşğal yalnız ərazilərimizin itirilməsi ilə nəticələnməmiş, həmin torpaqlarda Azərbaycan dövlətinin suveren hüquqlarının həyata keçirilməsinə də ciddi maneələr yaratmışdır.
Azərbaycan uzun illər ərzində bu problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışmışdır. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələri mövcud olsa da, onların həyata keçirilməməsi işğalın uzun müddət davam etməsinə şərait yaratmışdı. Bununla yanaşı, Azərbaycan öz dövlətçilik institutlarını, iqtisadi imkanlarını və müdafiə qabiliyyətini ardıcıl şəkildə gücləndirdi.
Bu prosesin ən mühüm mərhələlərindən biri 2020-ci ildə baş verən Vətən müharibəsi oldu. 44 gün davam edən müharibə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpası ilə nəticələndi. Lakin həmin dövrdə Qarabağın müəyyən hissəsində separatçı qurumun fəaliyyətinin və Ermənistan silahlı qüvvələrinin mövcudluğunun davam etməsi dövlət suverenliyinin bütün ərazilərimizdə tam təmin olunması məsələsini gündəmdə saxlayırdı.
Beləliklə, 2020-ci ilin Zəfəri ilə 2023-cü ilin sentyabr hadisələri vahid tarixi prosesin bir-birini tamamlayan mərhələləri oldu. Vətən müharibəsi işğal altında olan ərazilərin böyük hissəsinin azad edilməsini təmin etdisə, 19-20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpasına şərait yaratdı. Sonrakı mərhələdə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edilməsi yeni siyasi-hüquqi reallıq formalaşdırdı.
Bu baxımdan 8 Noyabr – Zəfər Günü ilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində xüsusi məna daşıyan iki mühüm tarixdir. Birinci tarix uzun illər davam edən işğalın böyük hissəsinin sona çatmasını, ikinci tarix isə dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərqərar olmasını ifadə edir.
2020-ci ilin Zəfəri Azərbaycan xalqının uzun illər ərzində gözlədiyi tarixi nəticənin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu qələbənin arxasında güclü dövlət, müasir ordu, yüksək döyüş qabiliyyəti və ardıcıl dövlət siyasəti dayanırdı. Xüsusilə Şuşanın azad edilməsi Azərbaycan tarixində mühüm hadisə kimi yadda qaldı. Uzun illər ərzində milli yaddaşımızda ağır iz buraxmış Şuşanın azad olunması xalqımızın mənəvi ruhuna da böyük təsir göstərdi.
2023-cü ilin sentyabr hadisələri isə bu tarixi prosesin digər mühüm mərhələsini təşkil etdi. Antiterror tədbirlərindən sonra Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində təmin edildi. Bununla da dövlətin hüquqi və siyasi hakimiyyətinin vahidliyi üçün yeni mərhələ başlandı.
Baş verən proseslərin yalnız Azərbaycan üçün deyil, region üçün də mühüm nəticələri oldu. Cənubi Qafqazda uzun müddət mövcud olmuş münaqişə reallığının dəyişməsi bölgədə yeni siyasi şəraitin formalaşmasına gətirib çıxardı. Azərbaycanın əldə etdiyi nəticələr ölkənin regional mövqeyinə və beynəlxalq münasibətlər sistemindəki roluna da təsir göstərdi.
Burada siyasi iradə və liderlik amilini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanın müharibə və postmüharibə dövründə həyata keçirdiyi siyasətdə Prezident İlham Əliyevin siyasi qərarları mühüm yer tutdu. Həm hərbi əməliyyatlar zamanı, həm də diplomatik müstəvidə Azərbaycanın mövqeyinin müdafiə olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. Bu proseslər nəticəsində Azərbaycan regionda yeni siyasi reallıqların formalaşmasında mühüm aktora çevrildi.
Lakin 20 Sentyabrın mahiyyətini yalnız hərbi müstəvidə qiymətləndirmək düzgün olmaz. Bu tarix, ilk növbədə, Azərbaycanın vahid hüquqi və siyasi məkanının tamamlanmasını ifadə edir. Ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və dövlət institutlarının fəaliyyət göstərməsi üçün imkanların yaranması suverenliyin praktiki məzmununu təşkil edir.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası xalqımızın öz müqəddəratını müəyyən etmək iradəsinin ifadəsi idisə, 2023-cü ildə dövlət suverenliyinin tam bərpası həmin müstəqilliyin ərazi və hüquqi baxımdan bütövləşməsi kimi qiymətləndirilə bilər. Bu baxımdan 20 Sentyabr Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanğıcını simvolizə edir.
Suverenlik anlayışı ərazi üzərində nəzarətdən daha geniş məna daşıyır. Güclü və real suveren dövlət üçün qanunun aliliyi, dövlət institutlarının fəaliyyəti, milli təhlükəsizlik, iqtisadi imkanlar və müstəqil siyasi qərarvermə də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz bu baxımdan diqqət çəkir.
Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salınması, şəhərlərin və kəndlərin yenidən qurulması, infrastruktur layihələrinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması suverenliyin yalnız siyasi-hüquqi anlayış olmadığını, onun insanların gündəlik həyatında da real nəticələr yaratdığını göstərir.
Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması isə yeni mərhələnin mühüm simvollarından biridir. Universitetin 20 sentyabr 2024-cü ildə – Dövlət Suverenliyi Gününün birinci ildönümündə fəaliyyətə başlaması Qarabağda həyatın bərpasının, təhsil və elm mühitinin formalaşdırılmasının göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır.
Dövlət Suverenliyi Gününün təsis olunması həm də milli yaddaşın qorunmasına xidmət edir. Tarixdə əldə edilən mühüm nəticələrin gələcək nəsillərə çatdırılması dövlətçilik şüurunun formalaşması baxımından vacibdir. 20 Sentyabr gənc nəsilə xatırladır ki, dövlət müstəqilliyi və suverenlik yalnız əldə edilməli deyil, eyni zamanda daim qorunmalı və möhkəmləndirilməlidir.
Bu tarix şəhidlərimizin əziz xatirəsi ilə də ayrılmaz şəkildə bağlıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda həyatını itirən hər bir şəhidimizin xatirəsi xalqımız üçün müqəddəsdir. Buna görə də Dövlət Suverenliyi Günü qələbə və qürur hissi ilə yanaşı, şəhidlərin qarşısında mənəvi məsuliyyətimizi də yada salan bir gündür.
20 Sentyabrdan sonra qarşıda duran əsas məsələ əldə edilmiş tarixi nəticələrin davamlı inkişaf və sabitliklə möhkəmləndirilməsidir. Azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafı, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışı, infrastrukturun yenilənməsi və regionda davamlı sülh mühitinin formalaşdırılması bu mərhələnin əsas istiqamətləri sırasında yer alır.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi məna daşıyırdı. Bu qərar Konstitusiyanın və dövlət suverenliyinin Azərbaycan dövlətçiliyinin əsas dayaqları sırasında mühüm yer tutduğunu bir daha nümayiş etdirdi.
Nəticə etibarilə, 20 Sentyabr Azərbaycan tarixində mühüm siyasi-hüquqi mərhələni ifadə edən əlamətdar tarixdir. 2020-ci ildə əldə edilmiş Zəfər və 2023-cü ilin sentyabrında baş vermiş hadisələr nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edildi.
Bu gün 20 Sentyabr xalqımız üçün yalnız keçmişdə qazanılmış uğurların xatırlandığı tarix deyil. O, həm də müstəqil dövlətçiliyin qorunmasının, milli birliyin möhkəmləndirilməsinin və gələcək inkişafın məsuliyyətini xatırladan mühüm gündür.
Azərbaycanın qarşısında duran əsas vəzifə əldə olunmuş tarixi nəticələri davamlı sülhə, sosial və iqtisadi inkişafa, güclü dövlət institutlarına, elmə, təhsilə və rifaha çevirməkdir. Bu baxımdan 20 Sentyabr həm Azərbaycanın keçmişinin mühüm səhifəsi, həm də gələcəyə istiqamət verən dövlətçilik tariximizin əlamətdar rəmzlərindən biridir.

Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini

Digər xəbərlər