PDF Oxu

Siyasət

  • 503

Bakı görüşləri: Türk dünyası və İslam həmrəyliyinin yeni səhifəsi - ŞƏRH

image

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan şairi, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi Türk dünyası və İslam aləmi arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı görüş zamanı Azərbaycanın Türk dünyası və İslam aləmində əməkdaşlığın, həmrəyliyin və sülhün gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətdən danışıb.
Prezident İlham Əliyev Bakıda keçirilən tədbirlərin əhəmiyyətinə toxunaraq Seyid Yəhya Bakuvinin zəngin irsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk və İslam dünyası üçün mühüm mənəvi dəyər daşıdığını bildirib. Dövlətimizin başçısı Azərbaycan xalqının Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətləri ilə dünya mədəniyyətinə mühüm töhfələr verdiyini vurğulayıb.
Görüşdə dini liderlərin xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın, dostluğun və həmrəyliyin möhkəmləndirilməsində rolu xüsusi qeyd olunub. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək müxtəlif beynəlxalq dini və humanitar tədbirlərə ev sahibliyi edir. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısının məhz Bakıda keçirilməsi də ölkəmizin Türk dünyasında və İslam aləmində artan rolunun göstəricilərindən biridir.
Dövlətimizin başçısı Azərbaycanın keçdiyi tarixi yola da diqqət çəkib. Bildirib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa edib. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən də danışıb. İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri, sosial obyektlər, dini abidələr və infrastruktur yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Bununla yanaşı, dövlətimizin başçısı işğal dövründə Azərbaycan ərazilərində məscidlərin və digər dini-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.
Çıxışında dini liderlərin Qarabağa səfərinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev onların bölgədə aparılan bərpa işləri ilə yerində tanış olmasının mühüm olduğunu bildirib. Bu səfər həm Azərbaycanın tarixi və dini irsinin beynəlxalq ictimaiyyətə çatdırılması, həm də regionda sülh və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətlidir.
Dövlətimizin başçısı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini də yüksək qiymətləndirib. Prezident bildirib ki, Şeyx həzrətləri Azərbaycanda, Qafqazda, Türk dünyasında, İslam dünyasında və dünyada böyük hörmətə malik olan şəxsiyyətdir. Onun təşəbbüsü ilə keçirilən dini və beynəlxalq tədbirlərin həmrəyliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsində mühüm rolu qeyd olunub.
Görüş zamanı beynəlxalq münasibətlər və islamofobiya məsələlərinə də toxunulub. Prezident İlham Əliyev Avropa Parlamentinin bəzi yanaşmalarını sərt tənqid edib, korrupsiya ilə bağlı hallara diqqət çəkib. Dövlətimizin başçısı İslam dünyasına qarşı ayrı-seçkilik və islamofobiya hallarının yolverilməz olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin çıxışında xüsusi olaraq sülh məsələsi ön plana çəkilib. Türk dünyasını və Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimizin böyük səylər göstərməsinin vacibliyi vurğulanıb. Bu baxımdan dini liderlərin sülh, həmrəylik, qarşılıqlı hörmət və əməkdaşlıq çağırışları xüsusi əhəmiyyət daşıyır.
Bakıda keçirilən toplantı və beynəlxalq konfrans Türk dünyasının, İslam aləminin və Qafqazın dini-mənəvi irsinin qorunması, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi baxımından mühüm platforma kimi diqqət çəkir. Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi ölkəmizin sülh, dialoq, həmrəylik və əməkdaşlıq təşəbbüslərinə verdiyi önəmin daha bir ifadəsidir.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər