20 Sentyabr Azərbaycan tarixində mühüm dövlətçilik hadisələri ilə bağlı əlamətdar gündür. Bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində suverenliyi tam bərpa edildi. Bu hadisə 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərin məntiqi davamı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. 2023-cü ilin sentyabr hadisələri bu tarixi prosesin mühüm mərhələsini təşkil etdi. Ardınca diqqət hərbi məsələlərdən quruculuq və bərpa prosesinə yönəldildi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə yeni həyatın qurulması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. 20 Sentyabr buna görə həm Zəfəri, həm də yeni quruculuq mərhələsini xatırladan tarixdir. Bu gün Azərbaycan xalqının keçmişdən gələcəyə uzanan dövlətçilik yolunun mühüm səhifələrindən birini ifadə edir.
Prezident İlham Əliyevin bu ərazilərə mütəmadi səfərləri zamanı yeni layihələrin təməlinin qoyulması, müxtəlif obyektlərin açılışında iştirakı və görülən işlərlə yerində tanış olması prosesin dövlət səviyyəsində diqqətdə saxlanıldığını göstərir. Yol, elektrik, qaz, su və rabitə xətlərinin çəkilməsi, məktəb və tibb müəssisələrinin yaradılması, yaşayış binalarının inşası bu ərazilərin tədricən əvvəlki həyat ritminə qovuşmasına imkan yaradır.
Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad sadəcə bir hərbi ritual deyildi, bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə təntənəsi idi.
Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı