PDF Oxu

Siyasət

  • 653

Xankəndidə keçirilən Zəfər paradı Azərbaycanın tam suverenliyinin təntənəsidir - ŞƏRH

image

Azərbaycanın müasir dövlətçilik tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr Zəfəri xalqımızın otuz ilə yaxın davam edən işğala son qoymaq əzmini, dövlətimizin siyasi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə tarixi ədaləti bərpa etdi, torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam təmin olundu. Xankəndidə keçirilən Zəfər paradı bu tarixi prosesin məntiqi yekunu və Azərbaycanın tam suverenliyinin möhtəşəm təntənəsi oldu.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması xalqımızın yaddaşına əbədi həkk olundu. Dövlətimizin başçısının Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə üçrəngli bayrağımızı ucaltması Azərbaycanın öz tarixi torpaqları üzərində suveren hüquqlarını tam bərpa etdiyini bütün dünyaya bəyan etdi. Uzun illər separatizmin mərkəzi kimi təqdim olunan Xankəndidə Azərbaycan Bayrağının dalğalanması yalnız hərbi-siyasi qələbə deyil, həm də tarixi ədalətin bərpası idi. Bu hadisə Azərbaycan xalqının heç vaxt işğalla barışmadığını, milli iradənin qarşısında heç bir qüvvənin dayana bilməyəcəyini göstərdi. Prezidentin Xankəndidə Dövlət Bayrağını ucaltması ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin rəmzinə çevrildi.
Bundan cəmi bir neçə həftə sonra, 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Paradın məhz Xankəndidə təşkil edilməsi dərin siyasi və mənəvi məna daşıyırdı. Bir vaxtlar Azərbaycana qarşı separatçı fəaliyyətin mərkəzinə çevrilmiş bu şəhərdə qalib Azərbaycan Ordusunun addımlaması dövlətimizin qüdrətini, xalqımızın sarsılmaz iradəsini və milli birliyini nümayiş etdirdi. Hərbi parad həm də Azərbaycanın suverenliyinin artıq yalnız hüquqi sənədlərdə deyil, bütün ölkə ərazisində real şəkildə təmin olunduğunu göstərdi.
Xankəndidəki parad 2020-ci ilin 10 dekabrında Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradının tarixi davamı idi. Bakıdakı parad torpaqlarımızın böyük hissəsinin işğaldan azad olunmasının təntənəsi idisə, Xankəndidə keçirilən parad suverenliyin tam bərpasının ifadəsi oldu. Azərbaycan Ordusunun hərbçiləri doğma Xankəndidə addımlamaqla Vətən müharibəsində başlanmış şərəfli missiyanın uğurla tamamlandığını nümayiş etdirdilər. Bu mənada Xankəndi paradı Azərbaycanın hərbi salnaməsində ayrıca yer tutan, Qələbənin miqyasını və mahiyyətini tamamlayan tarixi hadisədir.
Paradda iştirak edən hərbi qulluqçuların sırasında Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərində qəhrəmanlıq göstərmiş əsgər və zabitlərin yer alması xüsusi qürur doğururdu. Onların hər bir addımı Azərbaycan xalqının otuzillik həsrətinə, şəhidlərimizin müqəddəs xatirəsinə və qazilərimizin şücaətinə verilən yüksək qiymət idi. Xankəndinin küçələrində səslənən hərbi marşlar Qarabağın əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha bəyan edirdi.
Bu tarixi nailiyyətlərin təməlində Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət dayanır. Güclü iqtisadiyyatın yaradılması, ordunun ən müasir silahlarla təchiz edilməsi, peşəkar hərbi kadrların hazırlanması, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və xalq-iqtidar birliyinin qorunması Qələbəni şərtləndirən əsas amillər oldu. Dövlətimizin başçısı bütün siyasi fəaliyyəti dövründə ərazi bütövlüyümüzün təmin edilməsini başlıca milli vəzifə kimi müəyyənləşdirdi və verilən bütün vədləri yerinə yetirdi.
Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün uzun illər səbir və prinsipiallıq nümayiş etdirdi. Lakin Ermənistanın işğalçı siyasəti davam etdirməsi, yeni ərazi iddiaları irəli sürməsi və hərbi təxribatlara əl atması Azərbaycan xalqının öz torpaqlarını güc yolu ilə azad etməsini zəruri etdi. Vətən müharibəsində qazanılan Qələbə Ermənistan ordusunun və onun havadarlarının yaratdığı mifləri dağıtdı. 2023-cü ilin lokal antiterror tədbirləri isə separatizmin qalıqlarını aradan qaldırdı, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsini və ölkəmizin konstitusiya quruluşunun bütün ərazilərdə bərpasını təmin etdi.
Xankəndi paradı Azərbaycanın hərbi gücü ilə yanaşı, sülhə və sabitliyə əsaslanan gələcək baxışını da ifadə edirdi. Azərbaycan dövləti heç bir ölkənin torpağına iddia etmədi, müharibəni yalnız beynəlxalq səviyyədə tanınmış ərazilərinin azadlığı uğrunda apardı. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra bölgədə uzunmüddətli sülhün yaradılması üçün təşəbbüslər irəli sürüldü. Bu, qalib Azərbaycanın məsuliyyətli, prinsipial və gələcəyə hesablanmış siyasət yürütdüyünü göstərir.
Bu gün Xankəndidə hərbi paradın yaratdığı qürur hissi genişmiqyaslı quruculuq işləri ilə tamamlanır. Şəhərdə Qarabağ Universitetinin fəaliyyətə başlaması, müasir təhsil, səhiyyə, mədəniyyət, turizm və biznes infrastrukturlarının yaradılması Xankəndinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Konqres və biznes mərkəzlərinin, hotellərin, istehsal müəssisələrinin, Qarabağ Universitetinin yeni tədris korpuslarının istifadəyə verilməsi, dəmir yolu və avtovağzal kompleksinin təməlinin qoyulması şəhərin regional elm, təhsil, iqtisadiyyat və beynəlxalq dialoq mərkəzinə çevrilməsinə xidmət edir.
Prezident İlham Əliyevin Xankəndiyə çoxsaylı səfərləri şəhərin inkişafına göstərilən xüsusi diqqətin ifadəsidir. Dövlətimizin başçısı burada həyata keçirilən layihələrlə mütəmadi tanış olmuş, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün, Şuşa Qlobal Media Forumunun tədbirlərinin və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri ilə görüşlərin keçirilməsi şəhərin beynəlxalq siyasi əhəmiyyətini də artırmışdır. Bir vaxtlar qondarma rejimin yerləşdiyi Xankəndi bu gün Azərbaycanın diplomatik uğurlarının, beynəlxalq nüfuzunun və quruculuq siyasətinin nümayiş olunduğu məkana çevrilmişdir.
Böyük Qayıdış prosesi Xankəndi və onun Kərkicahan qəsəbəsini də əhatə edir. 2026-cı il avqustun 17-dək Xankəndi şəhərində 76 ailə olmaqla 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailə olmaqla 174 nəfər məskunlaşmışdır. Beləliklə, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ümumilikdə 119 ailədən ibarət 506 nəfər qayıtmışdır. Bu göstəricilər şəhərin yalnız inzibati və iqtisadi baxımdan deyil, yaşayış məkanı kimi də sürətlə dirçəldiyini təsdiqləyir. Məcburi köçkünlərin uzun illərdən sonra öz doğma yurdlarına qayıtması Qələbənin ən böyük nəticələrindən biridir.
Xankəndidə artıq Azərbaycan vətəndaşları yaşayır, gənclər təhsil alır, yeni iş yerləri açılır, sosial və mədəni həyat formalaşır. Dövlət Bayrağının ucaldıldığı, qalib Ordumuzun hərbi parad keçirdiyi şəhərdə indi quruculuq və inkişafın səsi eşidilir. Bu dəyişiklik Azərbaycanın hərbi Qələbəni davamlı sosial-iqtisadi tərəqqiyə çevirmək əzmini göstərir.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü Azərbaycanın müasir tarixində xüsusi yer tutan əlamətdar gündür. Bu tarix dövlətimizin suverenliyinin tam bərpasını, separatizmin aradan qaldırılmasını və Qarabağda yeni inkişaf mərhələsinin başlanmasını özündə ehtiva edir. Xankəndidə keçirilmiş Zəfər paradı isə həmin tarixi nailiyyətlərin ən qüdrətli rəmzlərindən biridir. Bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və xalqımızın sarsılmaz birliyi hesabına qazanılmış böyük Qələbənin əbədi təntənəsi kimi tarixdə yaşayacaq.

Şəfəq Balaşova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala şəhər 4 nömrəli tam orta məktəbin direktoru

Digər xəbərlər