Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm milli vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı bu baxımdan yalnız məskunlaşma layihəsi deyil, Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi dirçəlişini təmin edən, insanların doğma torpaqlarda təhlükəsiz və firavan yaşayışını hədəfləyən genişmiqyaslı dövlət siyasətidir.
2020-ci ildə qazanılmış tarixi Zəfər işğala son qoydu, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin bütün ərazilərimizdə tam bərpasını təmin etdi. Bununla da Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, müasir infrastrukturun yaradılması və əhalinin daimi məskunlaşması üçün yeni imkanlar açıldı. Vaxtilə separatizmin və qanunsuz silahlı birləşmələrin mövcud olduğu bu ərazilərdə bu gün Azərbaycan dövlətinin qanunları tətbiq olunur, üçrəngli bayrağımız dalğalanır, yaşayış məhəllələri salınır, sosial obyektlər istifadəyə verilir və doğma yurdlarına qayıdan sakinlərin sayı davamlı şəkildə artır.
Böyük Qayıdışın uğurla həyata keçirilməsi dövlətimizin iqtisadi qüdrətini və təşkilati imkanlarını nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə aparılan işlər yalnız dağıdılmış evlərin bərpası ilə məhdudlaşmır. Burada şəhər və kəndlərin Baş planları hazırlanır, yeni yaşayış kompleksləri tikilir, avtomobil və dəmir yolları çəkilir, elektrik, su, qaz və rabitə infrastrukturu yaradılır. Məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri, istehsal və xidmət obyektləri istifadəyə verilir. Məqsəd insanların doğma torpaqlarına sadəcə qayıtmasını deyil, burada təhlükəsiz, rahat və layiqli həyat sürməsini təmin etməkdir.
Xankəndiyə və şəhərin Kərkicahan qəsəbəsinə qayıdış Azərbaycanın tam suverenliyinin bərpasından sonra əldə edilən ən mühüm nəticələrdən biridir. 2026-cı il avqustun 17-dək Xankəndi şəhərində 76 ailədən ibarət 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailədən ibarət 174 nəfər məskunlaşmışdır. Beləliklə, Xankəndi və Kərkicahana ümumilikdə 119 ailə, 506 nəfər qayıtmışdır. Bu rəqəmlərin arxasında illərlə doğma yurda qayıtmaq arzusu ilə yaşayan insanların taleyi, Vətən həsrətinin sona çatması və yeni həyata başlanması dayanır.
Xankəndidə qayıdış prosesi şəhərin sürətli inkişafı ilə paralel aparılır. Qarabağ Universitetinin fəaliyyətə başlaması, yeni tədris korpuslarının yaradılması, müasir məktəb və uşaq bağçalarının istifadəyə verilməsi, səhiyyə, mədəniyyət, turizm və biznes infrastrukturunun formalaşdırılması şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Yeni istehsal müəssisələrinin yaradılması və xidmət sahələrinin genişləndirilməsi qayıdan sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət edir. Xankəndi artıq təkcə tarixi və siyasi əhəmiyyət daşıyan şəhər deyil, eyni zamanda Qarabağın elm, təhsil, mədəniyyət və işgüzar həyat mərkəzlərindən birinə çevrilir.
Böyük Qayıdışın ən təsirli ünvanlarından biri Xocalıdır. Xocalı şəhərinə və rayonun kəndlərinə qayıdış xüsusi mənəvi əhəmiyyət daşıyır. Çünki Xocalı xalqımızın yaddaşında yalnız doğma yurd deyil, həm də insanlığa qarşı törədilmiş ağır cinayətin və böyük faciənin ünvanıdır. Bu gün Xocalıda yenidən həyatın qurulması, doğma sakinlərin öz evlərinə dönməsi tarixi ədalətin bərpasının ən parlaq ifadələrindən biridir.
Xocalı şəhərində 144 ailədən ibarət 651 nəfər məskunlaşmışdır. Ballıca kəndinə 246 ailə və 1088 nəfər, Xanyurdu kəndinə 140 ailə və 510 nəfər, Təzəbinə kəndinə 180 ailə və 824 nəfər qayıtmışdır. Şuşakənddə 116 ailə və 436 nəfər, Badarada 109 ailə və 411 nəfər, Seyidbəylidə 77 ailə və 282 nəfər, Daşbulaqda 44 ailə və 169 nəfər, Xanabadda isə 111 ailə və 470 nəfər məskunlaşmışdır. Ümumilikdə Xocalı şəhəri və rayonun kəndlərinə 1167 ailə olmaqla 4841 nəfərin qayıtması burada məskunlaşma prosesinin geniş miqyas aldığını göstərir.
Xocalıda insanların rahat yaşayışı ilə yanaşı, məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Ballıca kəndində mebel və mebel aksesuarlarının istehsalı müəssisəsinin, Xanabad kəndində heyvandarlıq kompleksinin, Xocalı şəhərində kərpic zavodunun və tekstil müəssisəsinin fəaliyyətə başlaması bölgədə istehsal imkanlarını genişləndirir. Yeni enerji və idarəetmə infrastrukturunun yaradılması, sosial obyektlərin istifadəyə verilməsi, kənd təsərrüfatı və sənaye layihələrinin reallaşdırılması Xocalının dayanıqlı iqtisadi inkişafına zəmin yaradır.
Xocavənddə həyata keçirilən məskunlaşma tədbirləri də Böyük Qayıdışın geniş coğrafiyasını nümayiş etdirir. Xocavənd şəhərində 413 ailədən ibarət 1614 nəfər, Xocavənd kəndində 78 ailə və 319 nəfər, Xanoba kəndində 39 ailə və 177 nəfər məskunlaşmışdır. Qırmızı Bazar qəsəbəsinə 213 ailə olmaqla 909 nəfər, Sos kəndinə 85 ailə olmaqla 360 nəfər, Güneyxırman kəndinə 39 ailə olmaqla 175 nəfər, Quzeyxırman kəndinə 39 ailə olmaqla 169 nəfər qayıtmışdır. Hadrut qəsəbəsində isə 82 ailədən ibarət 347 nəfər məskunlaşmışdır. Bütövlükdə Xocavənd rayonunda 988 ailə və 4070 nəfər doğma yurduna qayıtmışdır.
Xocavəndin bərpasında rayonun tarixi və mədəni xüsusiyyətlərinin qorunması mühüm yer tutur. Hadrut, Tuğ, Qırmızı Bazar və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr müasir infrastrukturun yaradılması ilə tarixi-mədəni irsin bərpasını birləşdirir. Yeni yaşayış məhəllələrinin salınması, məktəb və inzibati binaların tikilməsi, yolların və enerji infrastrukturunun yenilənməsi, turizm imkanlarının qiymətləndirilməsi Xocavəndin gələcək inkişafına kompleks yanaşmanın göstəricisidir.
Ağdərə rayonunda da Böyük Qayıdış ardıcıl şəkildə həyata keçirilir. Talış kəndində 20 ailə və 90 nəfər, Həsənriz kəndində 292 ailə və 1150 nəfər, Suqovuşan kəndində 180 ailə və 592 nəfər məskunlaşmışdır. Kolatağ kəndinə 36 ailə və 139 nəfər, Vəngli kəndinə 151 ailə və 602 nəfər, Heyvalı kəndinə 46 ailə və 205 nəfər qayıtmışdır. Çapar kəndində 40 ailə və 143 nəfər, Aşağı Oratağ kəndində 111 ailə və 501 nəfər, Çıldıran kəndində isə 41 ailə və 165 nəfər məskunlaşmışdır. Beləliklə, Ağdərə rayonunda ümumilikdə 917 ailənin, 3587 nəfərin daimi yaşayışı təmin olunmuşdur.
Ağdərənin zəngin təbii sərvətləri, su və enerji ehtiyatları, kənd təsərrüfatı imkanları rayonun sürətli inkişafına geniş perspektivlər açır. Suqovuşanda yaşayış kompleksinin və məscidin istifadəyə verilməsi, Qozlukörpü Su Elektrik Stansiyasının açılması, Dəmirli Filiz Emalı Kompleksinin fəaliyyətinin təşkili, kəndlərdə fərdi evlərin və infrastrukturun bərpası bu ərazilərdə yaşayışla iqtisadi inkişafın paralel şəkildə təmin olunduğunu göstərir. Ağdərə şəhərinin Baş planının hazırlanması isə rayon mərkəzinin gələcək inkişafının müasir şəhərsalma prinsipləri əsasında həyata keçiriləcəyini göstərir.
Mövcud göstəricilərin ümumiləşdirilməsi Böyük Qayıdışın əhatə dairəsini daha aydın nümayiş etdirir. Xankəndi və Kərkicahan qəsəbəsində, eləcə də Xocalı, Xocavənd və Ağdərə rayonlarında ümumilikdə 3191 ailənin, 13 min 4 nəfərin daimi məskunlaşması təmin edilmişdir. Bu rəqəmlər görülən işlərin real nəticəsini göstərməklə yanaşı, qarşıdakı mərhələdə qayıdış prosesinin daha geniş miqyas alacağından xəbər verir.
Qayıdış prosesinin uğurunu təmin edən əsas amillərdən biri Prezident İlham Əliyevin azad olunmuş ərazilərdə görülən işləri daim diqqətdə saxlamasıdır. Dövlətimizin başçısının Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərləri, sakinlərlə görüşməsi, yaşayış məntəqələrində yaradılan şəraitlə tanış olması, sosial və iqtisadi obyektlərin açılışında iştirak etməsi hər bir layihənin ən yüksək səviyyədə nəzarətdə saxlanıldığını göstərir. Bu səfərlər zamanı verilən tapşırıqlar məskunlaşmanın sürətləndirilməsinə, infrastruktur layihələrinin keyfiyyətlə həyata keçirilməsinə və insanların ehtiyaclarının vaxtında qarşılanmasına xidmət edir.
Böyük Qayıdış həm də xalqımızın milli birliyinin və doğma torpağa bağlılığının ifadəsidir. Uzun illər məcburi köçkün həyatı yaşamış insanlar dövlətin qayğısı ilə öz şəhər və kəndlərinə qayıdır, ata-baba yurdlarında yeni evlər qurur, təsərrüfat və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Məktəblərdə dərslərin başlanması, kəndlərdə təsərrüfat həyatının canlanması, yeni müəssisələrdə iş yerlərinin açılması Qarabağın gündəlik həyat ritminə qovuşduğunu göstərir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən genişmiqyaslı işlər Azərbaycanın hərbi-siyasi Qələbəsinin quruculuq və inkişaf mərhələsi ilə davam etdiyini təsdiqləyir. Dünən döyüş meydanında azad edilmiş torpaqlar bu gün böyük tikinti və inkişaf meydanına çevrilib. Dövlət Bayrağımızın əzəmətlə dalğalandığı bu ərazilərə insanların qayıtması, şəhər və kəndlərdə həyatın yenidən canlanması Qələbəmizin əbədi və dönməz olduğunu nümayiş etdirir.
Böyük Qayıdış Qarabağın keçmişini gələcəyi ilə birləşdirən böyük milli quruculuq salnaməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə öz sakinlərinə qovuşur, dağıdılmış yaşayış məntəqələri müasir şəkildə yenidən qurulur və bölgədə yeni həyat başlanır. Doğma torpaqlarda yanan hər ocaq, məktəbə gedən hər uşaq və fəaliyyətə başlayan hər müəssisə Azərbaycanın qüdrətinin, xalqımızın iradəsinin və tarixi Zəfərimizin canlı ifadəsidir.
Elşad Əzizov,
YAP Neftçala rayon təşkilatının veteran üzvü